Mavi ekran hələ də öz cazibəsindədir
Mədəniyyət

Mavi ekran hələ də öz cazibəsindədir

1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası yayıma başlayıb

İnsan ağlının, zəkasının məhsulu olan kəşflər, ixtiralar hər zaman inkişafa, tərəqqiyə xidmət etmişdir. Lakin bu yeniliklərin bəziləri öz dövrü üçün böyük əhəmiyyət kəsb etsə də zaman-zaman tarixin arxivinə keçməklə, daha müasir, mütərəqqi yeniliklərə zəmin yaratmışdır. Dünyanın hər yerindən xəbər verən "sehrli qutular"ın, yəni televizorların icadından sonra kommunikasiya texnologiyaları sahəsində yeniliklərin heç biri onun fəaliyyət dairəsini məhdudlaşdıra bilmədi, əksinə televiziyaya, mavi ekrana olan ehtiyacı bir az da artırdı. İndi televiziya bilgisayarların, mobil telefonların təsirindən xilas olmaq üçün insanların rahatlıqla üz tutduqları ən real məkandır. Bir sözlə, mavi ekran hələ də öz cazibəsindədir...

İllər sürət qatarı kimi ötür. 68 il əvvəl. "Göstərir Bakı". 1956-cı il fevralın 14-də ilk dəfə yayıma başlayan Bakı Televiziya Studiyasından səslənən bu sözlər milyonların qapısını döydü. Onlarla həmsöhbət oldu, yarandığı gündən xalqın siyasi və mədəni həyatında, milli-mənəvi dəyərlərinin qorunmasında, onun dilinin, ictimai həyatının inkişafında müstəsna rol oynadı. Və bu gün xüsusən də yaşlı nəslin nümayəndələri televiziya vasitəsilə dünyanın müxtəlif yerlərində baş verən hadisələrdən xəbər tutur, maariflənirlər. İnformasiya əsri adlandırılan XXI əsrdə sürətli internetin, günbəgün yeniləşən müasir texnologiyanın fonunda bu gün televizorsuz bir ev təsəvvür etmək belə mümkün deyil.

"Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir". Ümummilli lider Heydər Əliyevin bu sözləri televiziyanın bir millətin, ölkənin həyatında nə qədər böyük rol oynadığını ehtiva edir. Bu baxımdan, cəmiyyətin informasiya və mədəni tələbatının təmin edilməsi, geniş xalq kütlələrinin maarifləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunması, zövqün formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi kimi mühüm məsələlərdə televiziyanın bənzərsiz rolu danılmazdır. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli televiziya dövlətçilik ideologiyasının təbliğində, dünya azərbaycanlılarına, xarici ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərinin çatdırılmasında misilsiz rol oynadı. Bu gün informasiya texnologiyalarının sürətli inkişafına, bir-birini əvəz edən yeni ixtiralara baxmayaraq, cəmiyyətin informasiya ilə təminatında televiziyanın rolu əvəzedilməzdir.

1955-ci ildə "Bakı" televiziya mərkəzinin tikintisi başa çatdıqdan sonra ara-sıra sınaq verilişləri göstərilsə də, ilk stabil yayımın başlanması 1956-cı il fevralın 14-nə təsadüf edir. Televiziya ilk vaxtlar həftədə iki dəfə iki saatlıq efirlə kifayətlənirdi. O vaxt hələ teleqüllənin inşası başa çatmadığından yayım 44 metr hündürlüyündə olan neft buruğuna bağlanmış studiya ötürücüsü ilə yalnız paytaxt və Bakıətrafı ərazilərə ötürülürdü. Bir ildən sonra hündürlüyü 180 metr olan teleqüllənin işə başlaması ilə yayımın keyfiyyəti və həftəlik efir müddəti artdı. 1957-ci ildən televerilişlər həftədə 5 dəfə 2 saat 20 dəqiqə həcmində yayımlanmağa başladı. 1959-1965-ci illərdə televiziyanın əhatə dairəsi genişlənərək bütün ölkə ərazisinə yayıldı. Belə ki, 1962-ci ildə teleproqramların yayımlanması üçün hər gün 7 saat vaxt ayrılmışdı. 70-ci illərdə bu vaxt 10, 80-ci illərdə isə 18 saata çatdırıldı. 1971-ci il noyabrın 7-dən isə televiziya rəngli yayıma keçdi. 2003-cü ilin sonlarından dünya efirinə çıxan Azərbaycan Televiziyası 2005-ci ildən fasiləsiz yayımlanır. Azərbaycanın süni peykə sahib ölkələr sırasına qoşulması isə teleyayım sahəsində əldə olunan ən böyük uğurlardan biri oldu. Belə ki, 1996-cı ildə istismara verilən, 310 metr hündürlüyü olan Bakı Teleqüllə Kompleksində yeni quraşdırılan rəqəmsal TV - Up-link stansiyasından verilişlər Avropaya "Hot Bird", Şimali Amerikaya "Galaxy 25", Asiyaya isə "Azerspace-1" peykləri vasitəsilə yayılır.

1970-ci ildən Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 1991-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, 2005-ci il martın 23-dən isə Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti adlandırılan Azərbaycan Televiziyası bu gün həm rəsmi xəbərin ilk qaynaqdan çatdırılmasında, ölkənin ictimai-siyasi, sosial həyatının ən aktual məsələlərinin həllində, eləcə də tariximizin, elm və mədəniyyətin, idmanın təbliğində, çoxmilyonlu tamaşaçı ordusunun maarifləndirilməsində ön sıradadır. Verilişlərin yeni ruhda və daha müasir texnoloji vasitələrlə təqdim olunması, proqramların müasir standartlar çərçivəsində hazırlanması tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyasının təbliği, o cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı ziyalılar, elm, mədəniyyət və incəsənət xadimləri haqqında verilişlərin hazırlanması missiyasının həyata keçirilməsində Azərbaycan Televiziyası əhəmiyyətli rol oynadı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və 2009-cu il fevralın 1-dən efirə çıxan "İdman TV" kanalı bu sahədə əldə olunan uğurlardan biridir. Belə ki, dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə göstərdiyi diqqət və qayğını layiqincə xalqa təqdim edən kanal 2015-ci ilin iyun ayında Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarını böyük peşəkarlıqla yayımladı.

Milli mədəniyyətimizin, zəngin tariximizin, qədim adət-ənənələrimizin daha geniş şəkildə təbliği və inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə Azərbaycan Televiziyasının nəzdində yaradılan "Mədəniyyət" kanalı respublikamızın hər bir bölgəsində, o cümlədən dünyanın müxtəlif ölkələrində Azərbaycanla bağlı keçirilən mədəni tədbirlərin tamaşaçılara operativ çatdırılması kimi məsuliyyətli işin öhdəsindən bacarıqla gəlir. Milli-mənəvi irsimizin araşdırılaraq inkişaf etdirilməsi, xüsusən də muğam sənətinin yenidən özünə qaytarılması istiqamətində böyük işlər görən Heydər Əliyev Fondunun həyata keçirdiyi qlobal tədbirlər hər bir azərbaycanlıya böyük iftixar hissi yaşadır. Bu çərçivədə Fondun təşəbbüsü ilə təşkil edilən muğam müsabiqəsinin Azərbaycan Televiziyası vasitəsilə dünyaya çatdırılması ilə bu bənzərsiz musiqi dünya musiqisevərlərinin qəlbini fəth edə bildi.

Bəli, milyonlarla tamaşaçını mavi ekran qarşısına toplayan milli televiziyamız bu gün qədim Odlar Yurdunun tarixini, Azərbaycan həqiqətlərini dünyaya peşəkarlıqla çatdırır, ana dilimizin inkişafında, mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynayır. Televiziyanın ayrı-ayrı şöbələrində müxtəlif mövzularda hazırlanan tok-şoular, səyahət verilişləri, musiqili-əyləncəli, analitik proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlərin nümayişi tamaşaçılarda böyük maraq doğurur.

Son illər həyata keçirilən uğurlu islahatlar nəticəsində studiyalar yenidən qurulub, montaj otaqları yaradılıb, müasir texnologiya tətbiq olunub. Zəngin maddi-texniki baza, müasir üslubda qurulmuş studiyalar yayımda keyfiyyətə birbaşa təsir göstərən amillərdir. Bu amillər öz əksini proqramların, verilişlərin formatında, məzmununda da tapır.

Bir-birindən maraqlı, rəngarəng verilişlərlə geniş tamaşaçı auditoriyası qazanan Azərbaycan Televiziyasının səsi-sözü dünyanın hər tərəfində eşidilir. Xoş sorağı el-el, oba-oba gəzib-dolaşan milli televiziyamız bu gün sözün həqiqi mənasında xalqın tribunasıdır.

Mehparə ƏLİYEVA,

"Respublika".