Milli Məclisin yaz sessiyasında növbəti plenar iclas
Siyasət

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclas

Mayın 12-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

İclası açan Milli Məclisin sədri mayın 10-da axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutaraq qəsdən təxribat törətdiklərini xatırladıb. Bildirib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin hədəfli atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub, digəri isə ağır yaralanıb. Təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. O, şəhid olmuş hərbi qulluqçumuza Allahdan rəhmət, yaralı hərbçimizə şəfa diləyib.

Milli Məclisin sədri qeyd edib ki, törədilən təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Aydındır ki, Ermənistanın bu təxribatda əsas məqsədi hazırda aparılan sülh danışıqlarını pozmaqdır.

Parlamentin sədri bildirib ki, iclasda 22 məsələ müzakirə olunacaq və gündəliyin birinci məsələsi İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatıdır.

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib.

Milli Məclisin sədri Milli Koordinatorun illik məlumatı ilə bağlı parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında geniş müzakirə edildiyini deyib və rəylərin səsləndirilməsi üçün bu komitələrin sədrlərinə söz verib.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Koordinatorun bütün hakimiyyət orqanları, o cümlədən parlamentlə, habelə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının əhəmiyyətindən danışıb.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik etdiyi komitənin Milli Koordinatorun illik məlumatını müsbət dəyərləndirdiyini deyib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti üç məsələsi beynəlxalq sənədlərin təsdiq edilməsi ilə bağlı qanun layihələridir. O, qeyd edib ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun tələbinə əsasən, bu qanun layihələri bir oxunuşda baxılıb, qəbul ediləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlament sədri Sahibə Qafarova növbəti 11 məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Minatəmizləmə sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İctimai iştirakçılıq haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini diqqətə çatdırıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu bildirib. Spiker diqqətə çatdırıb ki, gündəliyin 10-cu məsələsi Azərbaycan Respublikasının Ailə Məcəlləsində, 11-ci məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, 12-ci məsələsi "Sosial müavinətlər haqqında" Qanunda, 13-cü məsələsi "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda, 14-cü məsələsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunda, 15-ci məsələsi "Sosial xidmət haqqında" Qanunda dəyişikliklər edilməsi barədə ikinci oxunuşda olan qanun layihələridir. O, bu qanun layihələrinə 3 komitədə baxıldığını qeyd edib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova 10-cu və 13-cü məsələlər - Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri ilə bağlı məlumat verib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 11-ci və 14-cü məsələləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini diqqətə çatdırıb.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 12-ci və 15-ci məsələləri - "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib.

Təqdim olunan bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin son 7 məsələsi birinci oxunuşda olan qanun layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinin mahiyyətini nəzərə çatdırıb.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin son 5 məsələsi də Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır. O qeyd edib ki, 18-ci məsələ - "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda (birinci oxunuş), 19-cu məsələ "Elm haqqında" Qanunda (birinci oxunuş), 20-ci məsələ "Peşə təhsili haqqında" Qanunda (birinci oxunuş), 21-ci məsələ Əmək Məcəlləsində, "Məktəbəqədər təhsil haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda (birinci oxunuş) və 22-ci məsələ "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Milli arxiv fondu haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda (birinci oxunuş) dəyişikliklər edilməsi barədə qanun layihələridir. 18-ci, 19-cu və 20-ci məsələlərə Elm və təhsil komitəsində baxılıb.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev həmin qanun layihələrini təqdim edib.

Sonra təqdim olunan son 5 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin plenar iclası başa çatıb.

Mustafa KAMAL,

“Respublika”.