Mil-Qarabağ və  Aşağı  Şirvan kollektorları ölkənin altı  rayonunda  əkin   sahələrini  münbitləşdirir
İQTİSADİYYAT

Mil-Qarabağ və  Aşağı  Şirvan kollektorları ölkənin altı  rayonunda  əkin   sahələrini  münbitləşdirir

Respublikamızda  bir  sıra   mühüm  meliorasiya  obyektləri   var  ki, ölkədə   əkin  sahələrinin  suvarılmasında, bütövlükdə isə  məhsul   bolluğu   yaradılmasında  müstəsna   əhəmiyyət   kəsb   edir. Elə   mühüm  kollektorlar    da   var  ki, duzlu, şoran  torpaqların   yuyulmasında, nəticə   etibarilə  torpaqların  münbitləşdirilməsində  əvəzsizdir. Bununla  əlaqədar  Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti   bildirir ki, bölgələrdə  meliorativ tədbirlərin vaxtında aparılması nəticəsində torpaqların münbitliyi artır. Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə belə müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilər əkilir. Uzun illər şoranlaşmaya məruz qalan torpaqlar kollektor-drenaj sistemlərinin mütəmadi təmizlənməsi ilə əkinəyararlı vəziyyətə gətirilir.  

Bütün bu işlər haqqında  bölgədə  Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin texnikaları vasitəsilə həyata keçirilir. Plana uyğun olaraq idarə tərəfindən 3 ədəd borulu keçid təmir olunub, 3 ədədində isə əsaslı təmir işləri davam etdirilir. Hazırda vaxtilə tikilən və yararsız hala düşən borular sökülərək yeni borularla əvəzlənir.

Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi tərəfindən bu ilin əvvəlindən etibarən 170 kilometr  məsafədə kollektor-drenaj sistemi lildən təmizlənib. Bununla da həmin kollektorların keçdiyi ərazilər artıq münbit torpaqlara çevrilməkdədir. Hazırda kollektor-drenaj sistemlərinin təmizlənməsi sistemli şəkildə aparılır.

Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi respublikanın 6 rayonuna xidmət göstərməklə ümumi uzunluğu 5 min kilometrə yaxın kollektor-drenaj şəbəkəsinə və 173 min hektar meliorasiya olunmuş əkin sahəsinə xidmət edir. İdarənin xidməti sahələri Yevlax, Bərdə, Zərdab, Kürdəmir, Ağsu və Ağcabədi rayonlarının ərazilərində yerləşir.

Nəriman  CAVADOV,

“Respublika”.