Mərkəzi Seçki Komissiyasının iclası
Digər xəbərlər

Mərkəzi Seçki Komissiyasının iclası

Martın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2021-ci il 3 sentyabr tarixli iclasının protokolu təsdiq olunub.

Sonra VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Kamil oğlu Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Bildirilib ki, Milli Məclisin deputatı Şahin Seyidzadə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edildiyinə görə Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən deputat səlahiyyətlərinə xitam verilməlidir. Mərkəzi Seçki Komissiyası qeyd olunan əsasları nəzərə alıb, qanunvericiliyə uyğun olaraq Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

Daha sonra "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Qanunda nəzərdə tutulmuş sənəd nümunələrinin təsdiq olunması və Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar"da dəyişiklik edilməsi məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun və Seçki Məcəlləsinin tələbləri əsas götürülərək, sözügedən sənəd nümunələri təsdiq edilib və müvafiq normativ xarakterli akt son dövrlərdə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılıb.

İclasda, həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda cari məsələlərə də baxılıb.

AZƏRTAC