Məhsul bolluğunda melioratorların zəhməti çoxdur
Region

Məhsul bolluğunda melioratorların zəhməti çoxdur

Samur və Qusar çaylarının suyu ilə qidalanan Qusarın barlı-bərəkətli torpaqlarında hər il on min hektarlarla sahədə taxıl, tərəvəz, meyvə, yonca, bostan bitkiləri və qeyri-dənli bitkilər yetişdirilir. Bu bolluğun yaradılmasında fermer, ailə təsərrüfatları ilə birlikdə rayonun melioratorları da gərgin əmək sərf edirlər.

Meliorativ tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirən rayon Suvarma Sistemləri İdarəsinin kollektivi məhsuldar torpaqların bol suvarma suyu ilə təmin olunması üçün öz imkanlarından düzgün və bacarıqla istifadə edir, məhsul istehsalında kənd əməkçilərinə yaxın yardımçı olurlar. Son vaxtlar idarə öz fəaliyyətini daha da yaxşılaşdırmış, mövcud sudan səmərəli istifadə olunması istiqamətində xeyli iş görülmüşdür. Suvarma sistemlərində ilboyu təmir-tikinti, bərpa işlərini davam etdirən melioratorlar bu mövsümə də yaxşı hazırlaşmış, mövcud su ehtiyatlarının istifadəçilərə vaxtında və itkisiz çatdırılması üçün bütün zəruri tədbirləri həyata keçirmişlər.

Görülən işlərlə bizi ətraflı məlumatlandıran rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məzahir Əzizov deyir ki, idarəmiz özündə 3 suvarma sistemini birləşdirir. Qusarçay, Samurçay və Samur-Abşeron kanalı (SAK) suvarma sistemləri vasitəsilə mövcud 1578.21 kilometrə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili arxlar, o cümlədən 190.73 kilometri beton üzlüklü, 7,6 kilometr qapalı, 1379.84 kilometr torpaq məcralı kanallar vasitəsilə 29 min 398 hektar suvarılan sahəyə xidmət göstəririk.

Torpaq məcralı kanallar vasitəsilə suvarma suyunun verilməsi böyük itkiyə səbəb olduğundan, ötən il Avaran qışlaq kəndini suvarma suyu ilə təmin edən Avaran arxının 1863 metr hissəsi beton üzlüyə alınaraq istifadəyə verilmişdir. İstismar planına uyğun olaraq bu tədbirlərin ardıcıl davam etdirilməsi nəzərdə tutulmuşdur. Yaxın vaxtlarda rayonun Qələcuq kəndindən keçən torpaq məcralı kanalın 2080 metr hissəsi də beton üzlüyə alınacaqdır.

Məlumdur ki, suvarmada subartezian quyuları da böyük əhəmiyyət kəsb edir. Rayonumuzun ərazisində 41 ədəd subartezian quyusu fəaliyyət göstərir. Son günlərdə Bədir qala, Nəcəf oba və Avaran qışlaq kəndlərində qazılmış yeni subartezian quyuları da istifadəyə verilmişdir. Bundan əlavə, su itkisinin qarşısını almaq məqsədilə rayonun Kuzun kəndi ərazisində Qusar çayında böyük həcmli su anbarının tikintisi nəzərdə tutulmuşdur. Hazırda həmin tikintinin layihələndirilməsi işləri aparılır.

Rayonumuzun ərazisində suvarma suyundan səmərəli istifadə etmək məqsədilə 5 sudan istifadə edənlər birliyi yaradılmış, onların fəaliyyəti bir qədər də genişləndirilmişdir. Həmin SİB-lər vasitəsilə sudan istifadə edənlərə suyun növbəli qrafik əsasında verilməsi təmin olunur. Hazırda kanal və çaylarda su bolluğu vardır. Lakin SİB-lər vasitəsilə hər hansı bir israfçılığın qarşısı dərhal alınır.

Meliorativ tədbirlərin vaxtında və keyfiyyətlə görülməsində ağır texnikanın rolu əvəzsizdir. Hazırda suvarma şəbəkələrində işləmək üçün idarəmizin sərəncamında 21 ədəd ekskavator, buldozer, traktor və 11 ədəd yükünü özüboşaldan maşını və digər texnika vardır. Qeyd edim ki, ötən il idarəmizə daha bir xarici markalı buldozer verilmişdir. Çalışacağıq ki, 162 nəfərdən ibarət kollektivimizlə maddi-texniki imkanlardan maksimum istifadə etməklə məhsul istehsalçılarının suvarma suyuna olan tələbatını vaxtında və tam ödəyək.

Rayonun fermerləri Suvarma Sistemləri İdarəsinin işindən razılıq hissi ilə danışırlar. 10 hektar torpaq sahəsinə malik Balaqusar kəndində yaşayan fermer Qumalat Qubatov deyir ki, bol məhsul yetişdirilməsində suvarma işçiləri də bizimlə çiyin-çiyinə çalışır. Mülkiyyətimdə olan torpaq sahəsində hər il kifayət qədər taxıl və meyvə yetişdirirəm. Suvarma suyu olmasa, heç bir məhsuldan söhbət gedə bilməz. Ərazimizdən keçib gedən Çubuqlu ana arxı daim su ilə doludur. Bu sudan bütün kəndlərimiz lazımınca bəhrələnə bilir.

Bəli, bol suvarma suyu daha çox məhsul, daha çox gəlir deməkdir. Bu bolluğun yaradılması üçün qusarlı melioratorlar kənd əməkçilərinə hər cür kömək göstərməyə hər vaxt hazırdırlar.

Ziyafəddin BAYRAMOV,

"Respublika".