Koronavirus pandemiyası dövrü: Xalqın bütün təbəqələri dövlət qayğısı ilə əhatə olundu
Sosial həyat

Koronavirus pandemiyası dövrü: Xalqın bütün təbəqələri dövlət qayğısı ilə əhatə olundu

Dünya yaranandan bəşəriyyət zaman-zaman təbii fəlakətlərlə üz-üzə qalıb, müxtəlif xəstəliklərə qarşı mübarizə aparmalı olub. Ötən ilin sonlarında Çində özünü büruzə verən koronavirus da sürətlə yayılaraq bəşəriyyət üçün problemə çevrildi. Bəzi ölkələr koronavirusla mübarizədə ehtiyatsızlıq,  məsuliyyətsizlik göstərdi, bəziləri məsələnin ciddiliyini nəzərə alaraq vaxtında tədbirlər görməyə başladı. Bunun da nəticəsində ölkələrdə insan tələfatı da, iqtisadiyyata dəyən ziyan da fərqli oldu.

COVID-19 infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsir göstərdi, ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olundu, əhalinin sosial təcrid olunması təmin edildi. Bütün bu tədbirlər təbii ki, işgüzar fəallığı zəiflətdi və iqtisadiyyatın əksər sahələrinin inkişafını ləngitdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların  Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında 2020-ci il 19 mart tarixli sərəncamında deyilir: “...Mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırılmalı, əhalinin sosial rifahı qorunmalı və iqtisadi inkişafın davamlılığı təmin edilməlidir. Qoyulmuş bu məqsədlərə nail olmaq üçün ölkədə bütün səylərin və təşəbbüslərin birləşdirilməsi tələb olunur. Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərmişdir”.

Beləliklə, COVID-19 dünyanın bir sıra aparıcı ölkələrinə sosial-iqtisadi cəhətdən zərbələr vurdu, insanların sağlamlıqları ilə yanaşı, sosial həyatlarına ciddi sirayət etdi. Ölkələr, təşkilatlar müxtəlif çıxış yolları axtarmağa, sınaq dövründən az itkilərlə çıxmaq ətrafında layihələr üzərində işləməyə başladılar.

Prezident İlham Əliyev deyirdi: “İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir”.

Təbii ki, koronavirus epidemiyasının sürətlə yayılması Azərbaycana da təsirsiz keçmədi. Bu barədə ölkə başçısı İlham Əliyev müvafiq nazirlik strukturları ilə keçirdiyi onlayn-müşavirədə vurğulayır, bütün bunlara baxmayaraq, sosial layihələrin təxirə salınmayacağını qeyd edirdi.

Bu müddətdə vətəndaşların sağlamlığının mühafizəsi ilə yanaşı, ərzaq bolluğunun təminatı, habelə məşğulluğun, sosial rifahın dəstəklənməsi sahəsində analoqu olmayan addımlar atıldı. Məhz koronavirus pandemiyasının sürətlə yayılması fonunda dövlət başçısının qətiyyəti və şəxsi iradəsi ölkəmizi və xalqımızı gözlənilən bir sıra təhlükələrdən qorudu.

Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri çərçivəsində 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətində 600 milyon manat vəsait ayrıldı, sosial təminatların ödənilməsi məqsədilə vətəndaşlara 190 manat birdəfəlik maddi yardım prosesi həyata keçirildi.

Pandemiya dövründə iş yerlərinin və əmək haqlarının qorunması istiqamətində də müvafiq təxirəsalınmaz tədbir gerçəkləşdirildi. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparıldı, eləcə də, elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirildi. Bu tədbirlər 1 milyon 629 min işçini əhatə etdi. 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirildi və təqribən 300 min fərdi sahibkara dəstək verildi. Bu xüsusda əhalinin məşğulluq imkanlarının artırılması prosesində də təxirəsalınmaz    işlər reallaşdırıldı. Belə ki, məşğulluq orqanlarının fəaliyyəti gücləndirildi. Təkcə DOST İş Mərkəzi vasitəsilə 2020-ci ilin aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına başlandı. Bunun üçün 30 milyon manat vəsait ayrıldı və 5 min şəxs işə cəlb edildi. Görülən tədbirlər nəticəsində  ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı, xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edildi.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatına görə, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 1985,6 milyon manat  vəsait sərf olunub. Həmin vəsaitdən 612,5 milyon manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılmasına, ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilmişdir. Bununla yanaşı, qlobal pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1334,1 milyon manat vəsait sərf olunub.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planının “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankı Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla müvafiq qərarlar qəbul etmişdir. Bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan müvafiq tədbirlərlə sinxronlaşdırılmaqla bərabər, eyni zamanda daha geniş istiqamətləri, o cümlədən fiziki şəxslərin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiyasını, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələləri də nəzərdə tuturdu.

BMT-nin İnkişaf Proqramı ilə  birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verildi. Dövlət xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi yönündə də planların icrasını həyata keçirmək əzmini ortaya qoydu. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial  ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilmiş və bu ödənişlər 2,3 milyon şəxsi əhatə etmişdir.

2020-ci ildə tədris semestrləri  (yarımillikləri) üçün təhsil haqqı xərclərinin ödənilməsi, əhaliyə güzəştli işıq limitinin 2020-ci ilin aprel-may aylarında 100 kvts. həcmində artırılması ilə bağlı xərclər müəyyənləşdirildi, 2020-ci il ərzində koronavirus (COVID-19) pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə 39,3 milyon manat məbləğində, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 17,0 milyon  manat, UNESCO və ICESCO təşkilatlarına 3,4 milyon manat və 18 xarici ölkəyə 18,9 milyon manat həcmində beynəlxalq yardımlar göstərilib.

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri üçün 143,9 milyon manat vəsait yönəldilmiş, həmin vəsaitin 72,9 milyon manatı vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi məqsədilə sosial mənzillərin tikintisinə, 71,0 milyon manatı isə ipoteka layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir.

Ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi prosesində də irəliləyişlər oldu. Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsinin karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılması, eləcə də bunun üçün əlavə 3 milyon manat ayrılması sosial yardım alan  ailələrin ölkə başçısının daim diqqətində olduğunu nümayiş etdirdi. Artıq aprelin 1-dən ünvanlı sosial yardımı alanların sayı 10 min ailə də artdı. Ümumilikdə 80 min ailənin 300 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olundu. Hər ailəyə düşən yardım məbləği isə 222 manat təşkil etdi.

Pandemiya dövründə tənha yaşlılar da dövlətin xüsusi diqqətində qaldı, onların sosial xidmətlərinin təminatı  ön planda saxlanıldı. Belə ki, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərildi, 15000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərildi. Həmçinin, sosial tərəfdaşlar vasitəsilə 17 minədək ərzaq payı tənha və əlilliyi  olan şəxslərə paylanıldı. 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlə təmin olundu.

2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan  şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadıldı. Bu tədbir 14 min nəfəri əhatə etdi və bunun üçün 2,6 milyon manat ayrıldı.

Beləliklə, bütün bu reallıqlar konteksində onu söyləmək olar ki, bu, ilk növbədə, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, dövlət siyasətinin tərkibində bilavasitə Azərbaycan vətəndaşının dayanması faktorunu bir daha sübut edir. Həmçinin, dövlət başçısının “Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır” fikirləri də həyata keçirilən ardıcıl sosial tədbirlərin bariz təzahürüdür. Bu gün Azərbaycan xalqı bir daha əmin oldu ki, onun qayğısına qalan Azərbaycan dövləti, hətta pandemiya dövrünün ən çətin anlarında belə qətiyyətli siyasət aparan Prezidenti var.

Zümrüd QURBANQIZI,

“Respublika”.