Yeni pilot layihəyə start verilib
Sosial həyat

Yeni pilot layihəyə start verilib

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, islah və tərbiyə işlərinin təkmilləşdirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş şəxslərin peşə təhsilinə və ictimai faydalı əməyə cəlb olunması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, məhkumların sosial reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili, azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, onlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası, yeni iş yerlərinin yaradılması və müxtəlif peşə sahələrinə yiyələnmələri üçün növbəti tədbirlər həyata keçirilməkdədir.

Ədliyyə Nazirliyi Penitensiar xidməti, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi Bakı istintaq təcridxanasında yeni pilot layihəyə start verib.

Pilot layihənin icrasının başlanması ilə əlaqədar 12 avqust 2023-cü il tarixində Bakı istintaq təcridxanasında tədbir təşkil olunub.

Layihə çərçivəsində məhkumları yaradılmış aşpazlıq kurslarına cəlb etməklə onlarda yeni peşə bacarığını formalaşdırmaq, eyni zamanda, müəssisələrdə hazırlanan yeməyin keyfiyyətini daha da yaxşılaşdırmaq nəzərədə tutulub.

Kursları bitirən məhkumlara sertifikatlar təqdim olunacaq və nəticədə onlar azadlığa çıxdıqdan sonra da yiyələndikləri peşə üzrə əmək fəaliyyətlərini davam etdirə biləcəklər.

Tədbir çərçivəsində, həmçinin, peşəkar ekspertlər kursa cəlb olunan məhkumlara nahar menyusuna uyğun mühazirələr söyləyib.

Peşəkar mütəxəssislərin nəzarəti altında hazırlanmış yeməklər qonaq və ekspertlər tərəfindən dequstasiya olunduqdan sonra məhkumlara göndərilib.

Ülvi QARAYEV,

"Respublika".