Jil Karbonye: Yaxın Şərq bölgəsindən vətəndaşlarının qaytarılması istiqamətində Azərbaycanın gördüyü işlər təqdirəlayiqdir
Siyasət

Jil Karbonye: Yaxın Şərq bölgəsindən vətəndaşlarının qaytarılması istiqamətində Azərbaycanın gördüyü işlər təqdirəlayiqdir

Oktyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin BQXK ilə faydalı əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Son bir il ərzində qarşı tərəflə bir sıra görüşlərin, o cümlədən BQXK-nın Cenevrə ofisində, habelə beynəlxalq platformalar çərçivəsində keçirilmiş görüşlərin bunun bariz nümunəsi olduğunu bildirib. Ölkəmizin BQXK-nın beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnaməsinə uyğun olaraq Azərbaycan ərazisindəki humanitar missiyasının həyata keçirilməsinə hər zaman dəstək verdiyi vurğulanıb və bu xüsusda qarşı tərəflə dialoqun davam etdirilməsinin əhəmiyyəti bildirilib.

Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişədən sonra yaranmış yeni reallıqlar və Azərbaycan tərəfindən 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən konkret tədbirlər barədə ətraflı məlumat verib.

BQXK-nın vitse-prezidenti Jil Karbonye Azərbaycan Hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Bölgədəki yeni reallıqları nəzərə alaraq mövcud humanitar prioritetlər əsasında qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb. Vitse-prezident hazırkı mərhələdə Azərbaycan tərəfi ilə erkən bərpa, sağlamlıq, tibb işçilərinin təlimi, habelə humanitar fəaliyyətə yeni texnologiyaların cəlb edilməsi və digər istiqamətlərdə fəaliyyətin həyata keçirilməsindən bəhs edib. O, həmçinin Yaxın Şərq bölgəsindən Azərbaycan əsilli vətəndaşlarının, xüsusilə qadın və uşaqların qaytarılması istiqamətində ölkəmizin tərəfindən görülən işlərin təqdirəlayiq olduğunu bildirib.

Nazir Ceyhun Bayramov itkin düşmüş azərbaycanlılar barədə məlumatın əldə edilməsinin ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini söyləyib və bu xüsusda BQXK-nın hələ Birinci Qarabağ müharibəsindən itkin düşmüş şəxslər barədə məlumatın toplanması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirildiyini qeyd edib.

Tərəflər, həmçinin BQXK-nın bölgədəki humanitar missiyası ətrafında fikir mübadiləsi aparıblar.

 

AZƏRTAC