IX Qlobal Bakı Forumu dünya mətbuatının diqqət mərkəzindədir
Digər xəbərlər

IX Qlobal Bakı Forumu dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumu və tədbirdə dövlətimizin başçısının söylədiyi nitqində verdiyi mesajlar dünya mətbuatının da diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, xarici KİV-də dərc olunan çoxsaylı materiallarda Forumun əhəmiyyəti vurğulanır. Qeyd edilir ki, bu Forum hazırda dünyanı narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, Forumda, həmçinin Azərbaycan Prezidenti tərəfindən Ermənistana mühüm mesajlar verilib.

Qardaş Türkiyənin Anadolu və İHA xəbər agentlikləri, "TRT Haber", "A Haber", "Haber Global" telekanalları, "Yeni şafak", "Sabah", "Hürriyet" və digər qəzetlər, həmçinin əyalətlərdə fəaliyyət göstərən media qurumları yaydıqları xəbərlərdə Bakı Forumunda ali səviyyəli qonaqların iştirak etmələrinə diqqət çəkiblər.

Anadolu Agentliyi dövlətimizin başçısının Forumdakı dərin məzmunlu nitqindən bu sitatı gətirib: "Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir".

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qazanılan rəşadətli Qələbədən sonra bölgədə yaranmış yeni reallıq, normallaşma prosesindəki vəziyyətlə bağlı fikirlərinə diqqət çəkən İHA xəbər agentliyi Forumla bağlı geniş təhlillər hazırlayıb. Agentlik yazıb ki, bölgədə sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycanın mövqeyi dəyişməzdir.

"A Haber" telekanalının rəsmi saytında dərc olunan "Azərbaycan Prezidenti Əliyevdən Ermənistana Qarabağ xəbərdarlığı! Qərbi Zəngəzur mesajı" sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Ermənistan hakimiyyətinin əsassız iddiaları bölgədə yeni qarşıdurma riskləri yaradır. Regionda hər kəs üçün məqbul olan vəziyyət sülh cəhdlərini düzgün dəyərləndirməkdir.

Prezident İlham Əliyevin Forumdakı nitqindən mühüm məqamları manşetə çıxaran "Haber Global" telekanalının rəsmi saytında yer alan "Əliyev: Qarabağ məsələsinin həll edilməsi bölgədə sülh üçün bir fürsətdir" sərlövhəli yazıda dövlətimizin başçısının qəti və dəyişməz mövqeyi geniş ictimaiyyətə çatdırılır.

"TRT Haber" telekanalının materiallarında diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Qarabağa əsassız status iddiası ilə çıxış edən Ermənistana bir daha sərt xəbərdarlıq edib.

Ukrayna və Moldovanın aparıcı kütləvi informasiya vasitələri də IX Qlobal Bakı Forumunu geniş işıqlandırıblar.

Moldovanın "Point.md", Ukraynanın "RBK-Ukrayna", "5.ua, "Pryamiy" və digər xəbər portallarında IX Qlobal Bakı Forumunun açılış mərasimi haqqında məqalələr yayımlanıb. Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun çıxışlarına geniş yer verilib.

Prezident İlham Əliyevin çıxışına istinadla qeyd olunub ki, Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Dövlətimizin başçısının çıxışından gətirilən sitatda deyilir: "Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq".

"Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumu Gürcüstan mətbuatının da diqqət mərkəzində olub.

Gürcüstanın "24news.ge", "interpress.ge", "aktual.ge", "gaxa.ge", "kavkasia.net" informasiya portalları, "1tv.ge" televiziyası Azərbaycan Prezidentinin Forumdakı çıxışından xəbərlər yayıblar.

Gürcü, ingilis və rus dillərində yayılan xəbərlərdə Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupu, regional əməkdaşlıq və bu barədə rəsmi Tbilisi ilə aparılan müzakirələr, Ermənistan tərəfinin destruktiv fəaliyyəti barədə fikirləri, eləcə də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşü barədə oxuculara məlumatlar çatdırılıb.

Misir mətbuatı IX Qlobal Bakı Forumunun açılış mərasiminə və panel iclaslarında toxunulan mövzulara dair xəbərlərə geniş yer ayırıb.

Misirin "Əl Diplomasi" portalı AZƏRTAC

-a istinadla Prezident İlham Əliyevin Forumdakı nitqinin ərəb dilində tam mətnini yerləşdirib.

Rəsmi MENA agentliyi, "Əl Əhram", "Əl Masr Əl Yom", "Cümhuriyyə" kimi nüfuzlu qəzetlər isə Azərbaycan Prezidentinin Forumda iştirak edən Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyti qəbul etməsi və Bakı Forumunun "Yaxın Şərqdə ərəb və müsəlman dünyasında sülh, təhlükəsizlik və inkişaf axtarışı" mövzusuna həsr olunmuş panel iclası haqqında xəbərlər yayıblar.

Misirin digər nüfuzlu qəzeti olan "Əl Şuruq" Forum çərçivəsində "Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər" mövzusunda keçirilən panel iclasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışının qısa xülasəsini dərc edib. Qəzetin materialında diqqətə çatdırılıb ki, H.Hacıyev Azərbaycanın ATƏT-in və BMT-nin üzvü olduğu halda işğala məruz qaldığını, heç bir təşkilat və qurumun Ermənistanı təcavüzkar adlandırmadığını bildirib. O əlavə edib ki, ölkəmiz BMT-nin 4 qətnaməsini öz gücü hesabına yerinə yetirdi.

Ərəbdilli oxuculara məlumat verilib ki, Azərbaycan Prezidentinin köməkçisi yalnız üç ölkənin - Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Krallığının işğalçı Ermənistanla heç bir əlaqə qurmadığını qeyd edib. O vurğulayıb ki, çoxtərəflilik yenidən inkişaf etdirilməli, BMT-nin Nizamnaməsi yenidən işlənib hazırlanmalıdır.

Yaponiyanın "ajmedia.jp" portalı yapon və ingilis dilində yaydığı məlumatlarda Azərbaycan Prezidentinin Forumdakı çıxışına xüsusi yer verib. Yazılarda Prezident İlham Əliyevin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ATƏT-in Minsk qrupu, regional əməkdaşlıq və bu istiqamətdə görülən işlər, Ermənistan tərəfinin destruktiv mövqeyi barədə fikirləri əksini tapıb.

Prezident İlham Əliyevin çıxışına istinadla qeyd olunub ki, Avropada enerji təminatı ilə bağlı vəziyyət kəskin dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artıb.

Məlumatlarda, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın "yaşıl enerji" zonasına və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçuya çevriləcəyi barədə fikri də yer alıb.

AZƏRTAC