Ölkəmizin beynəlxalq nüfuzu artır
Digər xəbərlər

Ölkəmizin beynəlxalq nüfuzu artır

Azərbaycanın beynəlxalq arenada nüfuzu gündən-günə artır ki, bu da bir çox ölkələrlə strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinə zəmin yaradır. Qlobal layihələrdə Azərbaycan söz sahibinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya ölkələri ilə uğurlu əməkdaşlıq perspektivləri, yeni hədəflər müəyyənləşdirir.

Həyata keçirilən strategiya sayəsində ölkəmizin etibarlı tərəfdaş kimi əhəmiyyəti də yüksəlib. Azərbaycanın enerji sahəsində inkişafı da buna sübutdur. Bu gün Azərbaycan Avropaya qaz ixracını artırmaqla önəmli mövqeyini qoruyur. Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. Bu amil Avropanın qapılarını beynəlxalq ticarətin digər istiqamətləri üzrə də üzümüzə aça bilər. Həmçinin, dövlət başçısı İlham Əliyevin enerji diplomatiyası tək Azərbaycanın deyil, Mərkəzi Asiyanın enerji daşıyıcılarının da Avropaya çatdırılmasının əhatə edir. Bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi ilə bağlı böyük risklərlə üzləşdiyi bir zamanda, xüsusən Rusiya-Ukrayna müharibəsi fonunda Avropada enerji böhranının yaşandığı dövrdə ölkəmizin Avropa üçün əhəmiyyəti daha da artmaqdadır. Rusiya-Ukrayna münaqişəsi başladıqdan sonra Avropa İttifaqına daxil olan dövlətlərə mavi qaz ixracatını ən çox artıran Azərbaycandır və qaz ixracında təminatçı rolunu oynaya bilir. Artıq Qazaxıstan ildə 1,5 milyon ton neftin Xəzər dənizi üzərindən Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinə başlayıb. Türkmənistan qazının Trans-Xəzər Boru xətti ilə Avropaya nəqli də məhz Azərbaycanın infrastrukturları hesabına təmin edilir.

Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafında dövlətimiz üçün prioritetdir. Çünki Çin beynəlxalq münasibətlər sistemində vacib yer tutur. Şübhəsiz ki, Çinin həm siyasi iradəsi, həm də iqtisadi potensialı ilə yeni dünya düzənindəki rolu getdikcə artmaqdadır. Bununla yanaşı, bu ölkənin beynəlxalq arenada birqütblülüyə qarşı çıxan əsas qüvvələrdən biri olması, "Bir kəmər, bir yol" layihəsi də daxil olmaqla regional və beynəlxalq əməkdaşlıq üçün irimiqyaslı təşəbbüslər irəli sürməsi Çinin beynəlxalq münasibətlər sistemində nüfuzunu getdikcə artırır.

Bu il 10 yaşı tamam olan Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ikitərəfli iqtisadi-ticari münasibətlərdə yeni imkanlar yaratmaqla yanaşı, həm də təxminən 500 milyard dollar dəyərində olan Çin-Avropa ticarət əlaqələrində Azərbaycanın rolunu daha da önə çıxarıb. "Bir kəmər, bir yol" layihəsinin həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Burada söhbət Çindən başlayan və Avropaya qədər uzanan yoldan gedir. Layihənin mahiyyəti ondan ibarətdir ki, Çindən yola çıxan sürücü az zaman daxilində Avropaya qədər gedib çıxa bilsin. Azərbaycan "Orta Dəhliz" hesab olunan Çin-Mərkəzi və Qərbi Asiya marşrutu üzərində yerləşir. Bu, qədim İpək Yolunun keçdiyi yoldur. Əslində Azərbaycan liderinin Bakı-Tbilisi-Qars dəmiryolu xətti təşəbbüsünü irəli sürməsi və bu layihənin uğurla başa çatdırılması qədim İpək Yolunun bərpası ilə bağlı inamı artırdı. Bundan sonra "Bir kəmər, bir yol" layihəsində Orta Dəhliz marşrutunun əhəmiyyəti də yüksəldi. Azərbaycanın 30 il sonra Ermənistan işğalında olan torpaqlarını azad etməsi də Orta Dəhlizin perspektivini daha da artırır.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində bildirib: "Qarşılıqlı fəaliyyət yaranacaq, çünki qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir". Dövlətimizin başçısı vurğulayıb ki, "Bir kəmər, bir yol" təşəbbüsü dostluğa əlavə təkan və töhfə verəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".