İMTAHANLARDA YÜKSƏK NƏTİCƏ GÖSTƏRƏN GƏNCLƏR MÜKAFATLANDIRILIB
Elm və təhsil

İMTAHANLARDA YÜKSƏK NƏTİCƏ GÖSTƏRƏN GƏNCLƏR MÜKAFATLANDIRILIB

Masallı rayonunda tədrisin keyfiyyətinin yüksəldilməsinə, istedadlı şagirdlərin üzə çıxarılmasına, gənclərin müstəqil həyata hazırlanmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, məzunların ali məktəblərə qəbul imtahanlarında qazandıqları nailiyyətlər xeyli artıb. 2021-2022-ci tədris ilində rayonun ümumtəhsil məktəblərini 1629 nəfər bitirib. Məzunlardan 616 nəfər ali məktəblərə qəbul olunub. İmtahanlarda 19 nəfər 600 baldan yuxarı, 77 nəfər 500-600 ballıq nəticə göstərib.

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində respublikamızın ali təhsil müəssisələrinə yüksək balla qəbul olunmuş tələbələrlə görüş keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tədbirdə çıxış edərək təhsil sahəsində həyata keçirilən islahatlardan, rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev təhsili millətin gələcəyi adlandırır, gənclərin müasir biliklərə yiyələnməsinə, müstəqil Azərbaycanın sabahkı qurucularının yetişdirilməsinə misilsiz qayğı göstərirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, ölkəmizdə bu sahədə ən yeni, müasir layihələr həyata keçirilir. Sevindirici haldır ki, Masallı rayonunun təhsil işçiləri də uğurlarını ilbəil artırır, ali məktəblərə yüksək balla qəbul olunan tələbələrin sayında artım nəzərə çarpır.

İcra başçısı tələbə gənclərə təhsildə və həyatda uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi, müstəqil Azərbaycana ləyaqətlə, əsl vətəndaş kimi xidmət göstərməyi tövsiyə edib.

Milli Məclisin üzvlərindən Məşhur Məmmədov və Anar İsgəndərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun müdiri Rəhim Rəhimov, Sığıncaq kənd Məhəmməd Qarayev adına tam orta məktəbin XI sinif şagirdi, coğrafiya fənni üzrə olimpiada qalibi Rövnəq Cəfərov və başqaları tələbə sevinci yaşayan gənclərə, onların valideynlərinə, müəllimlərinə təbrik sözlərini, ən səmimi və xoş arzularını söyləyiblər.

Qəbul imtahanlarında 663,6 bal toplamış Türkoba kənd Səməd Vurğun adına tam orta məktəbin məzunu Elnar Babayev, 660 bal toplamış Həsənli kənd tam orta məktəbin məzunu Nurtac Məmmədzadə, 618 bal toplamış Sığdaş kənd tam orta məktəbin məzunu Gülsabah Əbilova gənclərin təhsilinə göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdə təhsildə fərqlənmiş məzunlara Masallı Rayon İcra Hakimiyyəti, millət vəkilləri və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Əlisəfa HƏSƏNOV,

"Respublika".