Azərbaycanın beynəlxalq səviyyəli  jurnalı dünyada ikinci oldu
Elm və təhsil

Azərbaycanın beynəlxalq səviyyəli  jurnalı dünyada ikinci oldu

Hər bir ölkənin elminin dünyada tanıdılması, ilk növbədə, beynəlxalq səviyyəli jurnalların mövcudluğunu tələb edir. Çünki elm sahəsində əldə edilən yeniliklər məhz bu jurnallar vasitəsilə beynəlxalq aləmə, dünya elmi ictimaiyyətinə çatdırılır. Həmin jurnallarda nəşr olunan elmi işlərə istinadların artması müəlliflə yanaşı, mətbu orqanın da nüfuzunu artırır.

Beynəlxalq səviyyəli jurnalların hazırlanması, onların dünyanın ən mötəbər elmi qiymətləndirmə sistemi "Clarivate Analytics"də özünə yer alması hər bir ölkənin elmi ictimaiyyəti üçün prioritetdir. Elə 2002-ci ildə Rabitə Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis edilən "Applied and Computationol Mathematics" (ACM) jurnalının nəşrinə başlayarkən ən böyük məqsəd Thomson Reuters Agentliyinin (indiki "Clarivate Analytics") bazasına daxil olmaq idi. Redaksiya heyətinin gərgin əməyi nəticəsində kollektiv bu hədəfinə 2008-ci ildə çata bildi. Belə ki, nəşr Thomson Reutersin genişlənmiş siyahısına daxil olduqdan sonra dünyanın elmi ictimaiyyəti ilə əlaqələr artdı və 2010-cu ildə jurnala impakt faktor (təsir əmsalı) verildi. Bu günlərdə elmi mühitdə yeni xəbər yayıldı. Dünyanın 50 ölkəsinin 300-dək elm və təhsil müəssisəsi ilə əlaqə saxlayan, ilk gündən ciddi elmi məqalələri ilə fərqlənən yalnız irəliyə gedən "Applied and Computational Mathematics" jurnalı ən nüfuzlu 267 jurnal arasında ikinci yerə layiq görülüb. Jurnalın baş redaktorlarından biri, Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevlə görüşüb söhbət etmişik. (Onu da qeyd edək ki, jurnalın fəxri redaktoru ABŞ-ın İllinöys Universitetinin professoru Tamer Başar, digər baş redaktoru akademik Əli Abbasovdur). Həmin müsahibəni oxuculara təqdim edirik:

- Fikrət müəllim, ilk öncə bu yüksək nəticə münasibətilə respublika elmi ictimaiyyətini, jurnalın redaksiya heyətini və baş redaktorlardan biri kimi sizi təbrik edirəm. İstərdim ki, jurnalın beynəlxalq qiymətləndirmə sistemində belə yüksək pilləyə qalxmasında mühüm rol oynayan amillərdən danışasınız. Bu uğurun əsasında nə dayanır?

- Təbrik üçün çox sağ olun. Bu, doğrudan da yüksək nəticədir. Nəzərə alsaq ki, jurnal cəmi 21 ildir ki, fəaliyyət göstərir, onda belə bir qısa zamanda alınan nəticə düşünürəm ki, həqiqətən uğur sayıla bilər. Çox vaxt Azərbaycanı neft ölkəsi kimi tanıyırlar. Doğrudur, ölkəmiz yeraltı, yerüstü sərvətlərlə zəngindir və burada neft ilk sırada dayanır. Ancaq biz elm sahəsində də xüsusi nailiyyətlər qazana bilirik və bizim gözəl ənənəmiz var. Bu xalq dünya elminə böyük töhfələr verən alimlər yetişdirib. Həmin ənənə indi də davam edir. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Dövlət Universitetinin nəzdində olan Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və AMEA-nın təsisçiliyi ilə dərc edilən "Applied and Computational Mathematics" (Tətbiqi və Hesablama Riyaziyyatı) beynəlxalq elmi jurnalı elmimizi layiqincə təmsil etməkdə davam edir. Jurnalın təsir əmsalı (impact Factor) 4.771-dən yüksələrək 10-a bərabər olub, beşillik təsir əmsalı isə 3.172-dən 5.2-yə qalxıb. Dünyada riyaziyyat, tətbiqi riyaziyyat kateqoriyası üzrə "Web of Science Core Collection" siyahısında 267 jurnal arasında 2-ci, Avropada isə 1-ci yerdədir. Əvvəlki illərdə olduğu kimi, MDB məkanında öz liderliyini qoruyub saxlayır. Onu da qeyd edək ki, 267 jurnal arasında 1-ci yerdə olan "SIAM REVIEW" jurnalı (ABŞ) 10,2 təsir əmsalına malikdir. Deməli, "Applied and Computational Mathematics" jurnalı rəqibindən cəmi 0,2 qədər geri qalır. Bu isə çox cüzi fərqdir. Üçüncü yerdə İngiltərənin jurnalı qərarlaşıb.

Jurnalın bu günə qədər 57 sayı çapdan çıxıb, bu nömrələrdə dünyanın 50-dən artıq ölkəsini təmsil edən müəlliflərin 600-dək məqaləsi dərc edilib. İldə 4 nömrəsi işıq üzü görən jurnalda müasir tətbiqi və hesablama riyaziyyatının aktual istiqamətlərində alınmış yüksək səviyyəli, əsaslı rəydən keçmiş ən son elmi nəticələr çap olunur. Hazırda jurnalın 500-dən çox tanınmış rəyçisi var.

Yaxşı xatirimdədir, 22 il əvvəl beynəlxalq səviyyəli jurnal nəşr etmək söhbəti ortaya çıxanda çoxları bunu poliqrafik əhəmiyyətli bir iş kimi dəyərləndirirdi. Əslində, bu, belə deyil. Bu, əsl elm yarışıdır, özü də dünya səviyyəsində. Məsuliyyətli və xeyli vaxt aparan işdir. Yəni redaksiya heyəti təqdim olunan elmi məqalələri dəqiqləşdirir, dünya elmini daha çox maraqlandıran məqalələri seçir, rəyçilərə təqdim edir. Hər məqalə iki rəydən keçməlidir, rəyçilər eyni fikrə gəlmədikdə, üçüncü rəyçiyə müraciət olunur. Fəaliyyətimiz iki amilə söykənir: dünya elmi ictimaiyyətinin marağı və obyektivlik. Bir sözlə, ədalətli olmağa çalışırıq. Bu isə uğur qazanmağımızda əsas rol oynayır.

- Məlumdur ki, beynəlxalq səviyyəli jurnallar bir ölkənin elmini tanıtmaqla, həm də o ölkə haqqında müəyyən təsəvvürlər yaradır. Bu mənada humanitar ictimai-siyasi jurnalların imkanları daha genişdir. Azərbaycanda bu sahədə vəziyyət necədir?

 - Düzünü desəm, bu sahədə işimiz o qədər də qaneedici deyil. Doğru qeyd etdiniz, əgər beynəlxalq səviyyəli humanitar ictimai-siyasi jurnallarımız olsaydı, yəqin ki, Qarabağla bağlı, ümumiyyətlə Azərbaycan həqiqətləri barədə dünyaya doğru, dürüst məlumat çatdırmaq, yaxud ölkəmiz haqqında beynəlxalq səviyyəli jurnallarda çap olunan qərəzli yazılara operativ qaydada, məntiqli, elmi əsaslara, real tarixi faktlara söykənən cavablar vermək olardı. Məsələn, İran və Ermənistanın birgə təsis etdiyi "İran və Qafqaz" beynəlxalq səviyyəli humanitar ictimai-siyasi jurnalında Azərbaycan haqqında 60-dək həqiqəti əks etdirməyən yazı dərc olunub. Azərbaycanda nəşr olunan "İrəvan xanlığı" kitabı haqqında 2012-ci ildə həmin jurnalda mənfi rəy verildi, lakin ona indiyədək cavab yazılmayıb, çünki beynəlxalq səviyyəli jurnalımız yoxdur. Bu barədə düşünmək yox, konkret iş görmək lazımdır. Doğrudur, bizim inkişaf etməkdə olan jurnallar kateqoriyasında 4 jurnalımız var ki, onların arasında Xəzər Universitetinin humanitar ictimai-siyasi jurnalı da yer alıb. Onun tezliklə genişlənmiş siyahıya düşməsini arzulayırıq, həmçinin bu jurnalların sayı da artırılmalıdır.

Hazırda inkişaf etməkdə olan jurnallar sırasında yer alan "Xəzər" humanitar ictimai-siyasi jurnalının impakt faktoru 0,1, beşillik təsir əmsalı 0,2-dir.

- Bildiyimiz kimi, rəhbərlik etdiyiniz daha bir jurnal dünyada yüksək səviyyəli elmi nəşrlər arasında  səkkizinci yerdə qərarlaşıb. Türk Dünyası Riyaziyyat Cəmiyyətinin orqanı olan bu jurnalın perspektivləri barədə nə deyə bilərsiniz?

- Əvvəla, onu deyim ki, "Turkic World Mathematics Society (TWMS) Journal of Pure and Applied Mathematics" (İSSN 2076-2585) jurnalının ilk nömrəsi 2010-cu ilin aprel ayında işıq üzü gördü və bütün türk dünyası üçün əlamətdar hadisə oldu. Jurnal ildə iki dəfə ingilis dilində çıxır və onun nömrələrində səlis və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli məqalələr çap edilir. 2015-ci ildən Thomson Reuters Emerging Sources Citation Index (ESCI) və 2020-ci ildən Clarivate Analytics Science Citation İndex Expanded (SCİE) bazasında yer alıb. İmpakt faktoru 3,8-dir, riyaziyyat və tətbiqi riyaziyyat üzrə Q1 kvartilindədir. Dünyada bu sahədə çap olunan 329 jurnal içərisində 8-ci yerdədir. İndiyədək 27 nömrəsi işıq üzü görüb və həmin nömrələrdə 270-dən artıq məqalə dərc edilib. 2016-cı ildə "Web of Science Awards 2016" "New Web of Science Journal" nominasiyası mükafatına layiq görülüb. Əlbəttə, redaksiya kollektivinin hədəfi daha böyükdür.

Bilirsiniz, jurnal nəşr etmək, qiymətləndirmə sistemində yer almaq hələ işin yarısıdır. Ən əsası hədəf irəliləmək, əldə edilən göstəriciləri qoruyub saxlamaqdır. Bununla bağlı qabaqcadan proqnozlar vermək çətindir, ancaq bəlli bir hədəf olmalıdır. Niyə də birinci yer olmasın? Bunun üçün müxtəlif variantlardan istifadə edirik. Beynəlxalq səviyyəli konfranslar, xüsusi buraxılışlar bu jurnalların inkişafında böyük rol oynayır. Əlbəttə, dövlət qayğısı da mühümdür.

Təsisçilərin əməyi də xüsusilə təqdirəlayiqdir.

- Biz də sizə, redaksiya heyətinə bu şərəfli işinizdə daha böyük uğurlar arzulayırıq.

Müsahibəni hazırladı:

Zümrüd QURBANQIZI,

"Respublika".