İgid oğulların qəhrəman anaları
Sosial həyat

İgid oğulların qəhrəman anaları

27 sentyabr 2020-ci il. 30 il ərzində gözlədiyimiz o müqəddəs anın, şanlı tarixin yeni səhifəsi yazıldı. Vətənimizin ərazi bütövlüyü uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Vətən müharibəsində qazanılan qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi tanınıb. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpaqlarımızın bütövlüyü yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Tarixin hansı səhifəsinə nəzər salsaq, Azərbaycan-türk qadınının cəsarətini, mərdliyini, şücaətini görürük.

Azərbaycan xalqının şanlı tarixi qəhrəmanlıq səhifələri ilə zəngindir. Bu səhifələri xalqımızın igid oğulları yazıblar. Müdrik bir deyim var: "Tarix qəhrəmanları yaratdığı kimi, qəhrəmanlar da tarixi yaradır".

İnsan taleləri müxtəlif olur. Elələri var ki, illərlə ömür sürüb yaşasa da, adı bir kəndin, bir şəhərin hüdudlarından kənara çıxmır. Lakin az ömür yaşayıb, əməlləri sərhədləri aşan qəhrəman oğullarımız olduqca çoxdur.

Oğul düşmən çəpəridir, deyib babalarımız. Ürəklərində doğma torpağa, canından çox sevdiyi Vətənə sonsuz məhəbbət bəsləyən igid oğullarımız bir elin-obanın fəxri olur.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çıxışlarının birində demişdir: "Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin. Bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. ...Əziz analar, sizin qəlbinizdə yaşayan ağrı və kədər əminəm ki, hər bir Azərbaycan qadınının ürəyində yaşayır. Bir daha çox sağ olun. Çox sağ olun ki, belə övladlar böyütmüsünüz. Çox sağ olun ki, ömrünüzün ən ağır anlarını belə ləyaqətlə qəbul edirsiniz".

Sözsüz ki, hər bir qəhrəman əsgərin arxasında cəsarətli, mərd, şücaətli Azərbaycan qadını dayanır. Vətən savaşında da ana və bacılarımızın qəhrəmanlıq nümunələrinin bir daha şahidi olduq.

Uzun illər idi ki, Vətən darda, torpaqlarımız işğal altında idi. Vətən igid, qəhrəman oğullarını səsləyirdi. Vətənin dar günündə südüm sənə halaldır, - deyib torpaqlarımızın azadlığı üçün oğullarını cəbhəyə - od-alovun içinə, düşmənin başını əzməyə göndərən analarımız arxasınca su ataraq, gizlicə gözünün yaşını silərək - Allaha əmanət ol, salamat qayıt, oğul, - deyə pıçıldadı.

Müharibə itkisiz olmur. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxaraq şəhadət zirvəsinə ucaldılar. İşğaldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi.

Qəhrəman oğullarımız bu ali zirvəyə ucalaraq Siz analara dünya boyda bir qürur bəxş etdilər.

"Vətən sağ olsun!", ən dərdli çağında bu sözləri deməyi bacaran valideynlərin özləri də bir qəhrəmandırlar…

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan şəhidlərinin sərdarı adlandırdığı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası Şamama İbrahimovanın böyük iradə ilə "İtki həmişə ağır olur. Bir ana kimi mənim üçün də ağırdır. Ancaq təsəllim belə bir oğulun Vətən, torpaq yolunda qəhrəmancasına şəhid olmasıdır. Yəqin ki, övlada anadan yaxşı bələd olan adam tapılmaz. Mən də bir ana kimi oğlumun bütün xüsusiyyətlərinə yaxından bələd idim. Mən onu bir qəhrəman oğul kimi böyütmüşdüm. O da buna layiq oldu. Südümü ona halal edirəm. Məni qəhrəman anası etdiyinə görə. Fəxr edirəm ki, belə bir oğulun anasıyam. O, yenidən dünyaya gəlsəydi, istəyərdim ki, yenə də qəhrəman kimi böyüsün. Mən bütün analara Mübariz kimi oğul böyüdüb tərbiyə etməyi arzulayıram ", - deyə söyləyib.

Eşq olsun belə anaya! Bu, bir ana müdrikliyidir. Övlad itkisinə mətanətlə, dözümlə, səbirlə üstün gəlmək Şamama ana kimi müdrik analara xasdır. Ağır, kədərli günlərdə Şamama ananı son dərəcə məğrur gördük. Bəli, Mübariz kimi Vətən, torpaq yolunda şirin canından keçməyi bacaran oğulları ancaq belə məğrur, hər şeydən uca analar dünyaya gətirə bilər.

Naxçıvan şəhərindən olan şəhid Raqib Hüseynovun anası Rəna xanım: "Balamın nişanı da, toyu da bayrağıdır. Mən fəxr edirəm ki, belə igid oğul böyütmüşəm. Mənim balam torpaq uğrunda şəhid olub, bu hər anaya qismət olmur, mənə qismət olub, şükür Allaha", - deməsi bir ana ürəyinin böyüklüyündən xəbər verir.

Eləcə də, Masallıdan olan şəhidimiz Niyaməddin Sultanzadəni son mənzilə yola salarkən anamızın oğlunun tabutunu başının üstünə qaldıraraq "…başımı uca etdin, yerin cənnət olsun, oğul!" söyləməsi əsl mərd, cəsur Azərbaycan anasının qəhrəmanlıq nümunəsidir.

Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın anası Məktubə Baxışova 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında qızının da payı olduğu üçün qürur duyur: "Arəstə cəbhədə əsgərlərimizə ana-bacı olub, onlara kömək edib. Ali Baş Komandanın dəmir iradəsi, ordumuzun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edilib, düşmənə yeri göstərilib. Arəstə də xidməti vəzifəsini yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. Qızım iki övladını mənə əmanət edib. Mən onun ruhu qarşısında söz verirəm ki, övladlarını Vətənə layiqli övlad olaraq yetişdirəcəyəm".

Aprel döyüşləri zamanı yeganə övladını Vətənə qurban verən Hürünisə xanım isə Lənkəranın Cil kəndindəndir. O, övladının şəhid olduğu Vətən torpaqlarında onlarla övlad qazandığını dilə gətirib: "Qürur duyuram ki, mənim övladım Vətən uğrunda şəhid olub. Əgər, Əlizamanı mən itirdimsə, saysız-hesabsız əlizamanlar tapdım. İndi bilirəm ki, mənim övladım tək olmayıb. Onun yanında qardaşları olub, dostları olub, tanışları olub".

Başını dik tut, qürurla gəz, Qəhrəman ana! Sil gözünün yaşını, ağlama, şəhid anası! Övladınla fəxr et, fəxarətlə yaşa. Sən buna layiqsən!

Müşfiq CƏFƏROV,

"Respublika".