30 il ön sırada
Sosial həyat

30 il ön sırada

Cəbrayıl rayonunda Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının 30 illik yubileyinə həsr olunmuş ümumrayon konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin abidələri önünə gül-çiçək dəstələri qoydular.

Konfransda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, AMEA-nın müxbir üzvü, 91-lərdən olan Novruz Quliyev, millət vəkili Ceyhun Məmmədov, Şərqi Zəngəzur üzrə zona kuratoru Elmar Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, YAP üzvləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Konfransda çıxış edənlər bildirdilər ki, bu il Yeni Azərbaycan Partiyasının 31 və YAP Cəbrayıl rayon təşkilatının yaradılmasının 30 ili tamam olur.

Keçən bu illər ərzində Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, qabaqcıl ölkələr sırasına çıxarılması, davamlı və dinamik inkişafa nail olmaqla bölgədə yüksək nüfuz sahibinə çevrilməsi Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır.

Çıxışlardan sonra YAP Cəbrayıl rayon təşkilatının həyatında fəal iştiraklarına görə bir qrup üzvə fəxri diplomlar, fəxri fərmanlar, partiyaya yeni daxil olanlara isə üzvlük vəsiqələri təqdim olundu.

Tofiq HÜSEYN,

 “Respublika”.