“Heydər Əliyev və Azərbaycan ədliyyəsi
Digər xəbərlər

“Heydər Əliyev və Azərbaycan ədliyyəsi"  mövzusunda konfrans

Ədliyyə Nazirliyi

Müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2023-cü il "Heydər Əliyev İli" elan edilib və ölkəmizdə Ulu Öndərin zəngin və çoxşaxəli irsinə həsr olunan silsilə tədbirlər keçirilir. Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən "Heydər Əliyev İli" çərçivəsində yanvarın 27-də Milli Məclislə birgə Şirvan şəhərində "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda konfrans keçirilib.

Konfransda Ədliyyə Nazirliyinin aidiyyəti məsul şəxsləri, Milli Məclisin deputatları, Şirvan regional ədliyyə idarəsinin və onun yurisdiksiyasına aid yerli ədliyyə qurumlarının işçiləri, hakimlər, Qadın Vəkillər Alyansı, rayon ictimaiyyəti, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları, regionda fəaliyyət göstərən QHT və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərində abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla anıblar.

Şirvan regional ədliyyə idarəsində keçirilən tədbiri nazirliyin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova açaraq konfransın əhəmiyyətindən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərini diqqətə çatdırıb, müasir müstəqil Azərbaycan dövlətinin Ümummilli Liderin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafından söz açıb.

Bu gün ölkədə gedən geniş quruculuq işlərində Azərbaycan qadınlarının da böyük fəallıq göstərdiyini deyən idarə rəisi, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyətini qeyd edib.

Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Konfransda Milli Məclisin deputatı Ramin Məmmədov Ulu Öndərin siyasi irsindən bəhs edərək xalqımızın müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Heydər Əliyevin hakimiyyətə qayıdaraq ölkəmizdə ictimai-siyasi sabitliyi bərqərar etdiyini bildirib. Qeyd edib ki, xalqın vahid amal ətrafında birləşdirilməsi, müasir milli dövlət modelinin qurulması Heydər Əliyevin tarixi xidmətlərindəndir.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxış edərək Ulu Öndərin ölkəmizdə müasir hüquq düşüncəsinin, hüquq təfəkkürünün inkişafı ilə bağlı çox ciddi addımlar atdığını, ən mütərəqqi tarixi sənəd olan ilk milli Konstitusiyamızın hazırlanmasında, onun hər cümləsində dahi Heydər Əliyevin imzasının olduğunu deyib. Diqqətə çatdırıb ki, üçpilləli məhkəmə sisteminin formalaşması, hakim korpusunun yenilənməsi dahi liderin adı ilə bağlıdır və Ümummilli Liderin təməlini qoyduğu islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Eyni zamanda, Şirvan regional ədliyyə idarəsinin və Ədliyyə Nazirliyi yanında İctimai Şuranın təmsilçiləri tərəfindən Heydər Əliyevin Azərbaycan ədliyyəsinə, vətəndaş cəmiyyətinin inkişafına qayğısından bəhs olunub, maraqlı diskussiyalar aparılıb.

Çıxışlarda xalqımızın milli sərvəti olan dahi Heydər Əliyev irsinin öyrənilməsinə və təbliğinə bundan sonra da böyük ehtiyac olacağı və bu irsin heç zaman tükənməyəcəyi bildirilib, Ulu Öndərin əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.

 

“Açıq qapı" günü

Dünən Ədliyyə Nazirliyi tərəfindən Milli Məclislə birgə "Heydər Əliyev İli" çərçivəsində Şirvan şəhəri və Sabirabad rayonu Heydər Əliyev mərkəzlərində bölgə vətəndaşları üçün ədliyyə fəaliyyəti ilə bağlı "Açıq qapı" günləri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbirlərdə nazirliyin işçiləri tərəfindən ədliyyə sahəsində vətəndaşlara göstərilən hüquqi xidmətlər, o cümlədən insanların rahatlığı üçün tətbiq olunan rəqəmsal innovasiyalar barədə ətraflı məlumat verilib, milli qanunvericiliyin "e-qanun.az" elektron resursunun mobil tətbiqi, "Mobil notariat", "Mobil əhali", "Elektron məhkəmə", "ƏN TEZ" xidmət konsepsiyası ilə bağlı təqdimatlar keçirilərək, onların mahiyyəti və ictimai əhəmiyyəti diqqətə çatdırılıb.

Eyni zamanda, nazirliyin aidiyyəti məsul şəxslərinin və Milli Məclisin deputatlarının, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə bölgə vətəndaşlarının, xüsusilə müharibə iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə, o cümlədən nazirliyin ayrı-ayrı istiqamətləri - icra, penitensiar, bələdiyyə fəaliyyəti ilə bağlı suallarına aydınlıq gətirilib, digər qayğıları ilə maraqlanılıb.

Tədbirlərə dəvət olunmuş Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı tərəfindən ödənişsiz hüquqi yardım aksiyası keçirilərək, vətəndaşlara zəruri hüquqi xidmətlər göstərilib.

Elə həmin gün Şirvan və Sabirabaddakı Heydər Əliyev mərkəzlərində yeni ailə həyatı quran gənclərin nikahının və yeni dünyaya gəlmiş uşaqların doğumlarının təntənəli qeydiyyat mərasimləri keçirilib, onlara müvafiq şəhadətnamələr təqdim edilib.

Yeni ailə quranlar və körpələrin valideynləri bu günün onların həyatında xüsusilə əlamətdar olduğunu deyiblər. Bildirilib ki, "Heydər Əliyev İli"nə təsadüf edən nikahın və doğumun təntənəli qeydiyyatı mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlar.

Sonda xoş arzu və təbriklər ifadə olunub.

Ü.VAHİDOĞLU,

“Respublika”.