“Heritage
Digər xəbərlər

“Heritage" Fondu “Azərbaycanın rəsmi Vaşinqtonun daha çox strateji diqqətinə layiq olmasının səbəbləri" haqqında məqalə dərc edib

ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən biri olan "Heritage" Fondunun "İqtisadi Azadlıq İndeksi"nin redaktoru, baş tədqiqatçı Entoni Kimin Azərbaycanın ABŞ üçün əhəmiyyətindən bəhs edən məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, qurumun saytında və "The Daily Signal" qəzetində yerləşdirilən məqalədə 2022-ci ildə ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd olunduğu bildirilir.

Müəllif yazır ki, Vaşinqtonun xarici siyasət nöqteyi-nəzərindən Azərbaycanın ABŞ üçün strateji əhəmiyyəti danılmazdır. Bakı Xəzər dənizindəki ən böyük liman və Avropa ilə Mərkəzi Asiya arasında daşınan mallar üçün mühüm nəqliyyat qovşağıdır. Dünyada həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkə olan Azərbaycan balanslaşdırılmış siyasət aparır və fəal şəkildə Qərblə münasibətlərini genişləndirməyə çalışır.

Məqalədə qeyd edilir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra son otuz il ərzində ABŞ-Azərbaycan əlaqələri digər siyasət prioritetləri ilə yanaşı, Avropada enerji təhlükəsizliyinin inkişaf etdirilməsi, transmilli təhdidlərlə mübarizə, ikitərəfli ticarət və investisiyaların artırılması sahəsində hərtərəfli inkişaf edib.

Enerji təhlükəsizliyindən söz açan tədqiqatçı yazır ki, ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən böyük karbohidrogen ehtiyatları və digər təbii ehtiyatları Azərbaycana alternativ neft və qaz təminatçısı rolunu oynamağa imkan verir. Bununla Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və əlavə olaraq ABŞ-ın təhlükəsizliyinə öz töhfəsini verir.

Müəllif yazır ki, Birləşmiş Ştatlar uzun müddət ərzində Azərbaycanın öz enerji resurslarını inkişaf etdirmək və Qərb bazarlarına ixrac etmək səylərini dəstəkləyib, ABŞ şirkətləri orada dənizdə neftin işlənməsi layihələrində iştirak ediblər. Son bir neçə ildə tamamlanan Azərbaycan Cənub Qaz Dəhlizi Xəzər regionundan olduqca əhəmiyyətli olan enerji resurslarını Avropa bazarına çıxarıb.

Entoni Kim Azərbaycanın alternativlərin enerji mənbəyi kimi genişləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi kontekstində Avropa və Birləşmiş Ştatlar üçün aktuallığı yüksək olan geosiyasi əhəmiyyətə malik ölkə olduğunu vurğulayır: "Azərbaycandan qlobal bazarlara çəkilən Cənub Qaz Dəhlizinin daha çox istifadəsinin region üçün, eləcə də ABŞ üçün böyük faydası var". "Heritage" Fondunun qanunun aliliyi, fiskal sağlamlıq, tənzimləmə səmərəliliyi və bazar açıqlığının mühüm siyasət sahələrini əks etdirən illik "İqtisadi Azadlıq İndeksi"nin nəticələrinə görə, Azərbaycanda nəzərəçarpacaq dərəcədə yüksəliş tendensiyası müşahidə olunur.

Müəllif qeyd edir ki, Vaşinqton iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə səmimi, açıq və ikitərəfli dialoqu genişləndirmək və dərinləşdirməklə Xəzər dənizi regionunda Azərbaycan kimi mühüm və etibarlı tərəfdaşı dəstəkləyə bilər. Məqalənin sonunda ABŞ siyasətçilərinə müraciət edən Entoni Kim yazır ki, bu məqsədlərə nail olmaq üçün Vaşinqton Azərbaycana həmişəkindən daha çox strateji və praktiki diqqət yetirməlidir.

AZƏRTAC