Güclü müttəfiqlik,sarsılmaz birlik, əbədi qardaşlıq
Türk dünyası

Güclü müttəfiqlik,sarsılmaz birlik, əbədi qardaşlıq

Zəngəzur dəhlizinin yaradılması region ölkələrin inkişafına əlavə imkanlar yaradacaq  

“ …Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq… Ancaq Zəngəzur dəhlizinin tam fəalliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik…” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsi zamanı səsləndirmişdir.

 Bəli, Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana birbaşa uzanan dəhlizin  açılması oldu. Bu strateji  yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Ədalətin  bərpası olan  Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün  türk dünyasında  yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış  körpü olacaq. Zəngəzur dəhlizinin  açılması ilə bağlı çıxışında  Prezident  İlham Əliyev demişdir: “Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, cənubi Qafqazda əsl əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik. Yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda da əks olunub. Bu, xüsusən də kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərik ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”.

Zəngəzur dəhlizi həm türk dünyası, həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq  Zəngəzur dəhlizindən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda, digər ölkələr üçün  də əlavə imkanlar yaradacaq.  

 Hava və quru əlaqəsi yalnız İran və ya Türkiyə vasitəsilə mümkün olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir və avtomobil yolları eyni zamanda Naxçıvanı Azərbaycan və Türkiyə ilə də  birləşdirəcək. Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə, Çin, Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq. Bu da Türk dünyasının birləşməsi deməkdir. Nəticədə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq.

Zəngəzur dəhlizinin açılması ilə təcrid şəraitindən azad olunaraq ölkə iqtisadiyyatına tam inteqrasiya edə biləcək Naxçıvan həm də hərtərəfli iqtisadi inkişafa nail olacaq. Qədim Zəngəzur uzun illər blokadada olmuş muxtar respublikanı blokadadan çıxarmaqla yanaşı, öz qapılarını da illər sonra böyük türk dünyasının üzünə açacaq.

Naxçıvan bu dəhliz sayəsində dövlət büdcəsinə maliyyə baxımından baha başa gələn hava yolu ilə yükdaşımaları dəmiryolu ilə həyata keçirə biləcək.

Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək  Zəngəzur dəhlizi  həm də  Azərbaycanın Türkiyə və türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da gücləndirəcək.   Laçın dəhlizindən fərqli olaraq Zəngəzur dəhlizi ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaq. Naxçıvanla birbaşa nəqliyyat əlaqəsinin yaradılması ümumilikdə, işğaldan azad olmuş ərazilərimizin dirçəlişi üçün unikal imkanlar açacaq.

Region üçün sülhün, sabitliyin, inteqrasiyanın qarantına çevriləcək  Zəngəzur dəhlizi türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına da səbəb olacaq.

Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması kimi strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv nəqliyyat infrastrukturu olmaqla  xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Belə ki,  Zəngəzur dəhlizinin istifadəyə verilməsi türk dünyasının ümumi daxili məhsulunun həcminin artmasına səbəb olacaq, Türkiyədən başlayaraq quru yol xətti ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranmasını təmin edəcəkdir.

Bölgədə davamlı sülhün bərqərar edilməsi üçün əsas vasitəni əməkdaşlıqda görən, həmişə beynəlxalq və regional
əməkdaşlığın tərəfdarı olan Azərbaycan Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir. Bu günlərdə Türkiyənin məşhur “CNN Türk” televiziya kanalına müsahibə verən ölkə başçısı İlham Əliyev demişdir : “ … bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə öz mallarını Orta Asiyaya bu daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Mən bilirəm ki, Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər.

Yəni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq. Mən artıq dedim, onlar Rusiya və İranla bu dəmir yolu ilə bağlantı yarada bilərlər. Çünki Ermənistan-İran dəmir yolunun inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma hələ ki, ortalıqda bir şey yoxdur. Çünki bu layihə təqribən ən azı 3 milyard dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, - Naxçıvan ilə İran arasında artıq dəmir yolu xətti var, - istifadə edə bilərlər”.

Qitənin nəqliyyat xəritəsini təkmilləşdirməklə yanaşı, Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək Zəngəzur
dəhlizinin  həm regional, həm də beynəlxalq əhəmiyyəti çox böyükdür. Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq.

Bu dəhlizin tərəqqiyə aparan yol olması özünü həm iqtisadi-sosial, mədəni-siyasi sahələrdə göstərməklə yanaşı, eyni zamanda, sülhün və təhlükəsizliyin qarantı qismində çıxış etməsində də göstərir.

Yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olan Azərbaycanın geosiyasi və geostrateji mövqeyi gündən-günə  daha da möhkəmlənir. Azərbaycanla Naxçıvan arasında  dəmir yolu əlaqəsinin bərpa edilməsi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, nəqliyyat layihələrinin həyata keçirilməsi artıq Azərbaycan ilə Türkiyə arasında yeni əlaqələri formalaşdıracaq.Hər şeydən əvvəl isə Zəngəzur dəhlizinin açılması bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə  hüquqi zəmin yaradacaq.Prezident İlham Əliyevin dediyi kimi , “...regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, - çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi. Yəni, bütün bunlar çox önəmli məsələlərdir. Çünki biz artıq öz tarixi missiyamızı yerinə yetirdik”.

                                                                                    Mehparə ƏLİYEVA,

                                                                                   “Respublika”.