Fransalı tarixçi Ermənistanın deportasiya və işğalçılıq siyasəti barədə məlumatlandırılıb
Siyasət

Fransalı tarixçi Ermənistanın deportasiya və işğalçılıq siyasəti barədə məlumatlandırılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fransalı tarixçi və politoloq Maksim Qoən ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, qonağa Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində 1988-1993-cü illərdə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlıların üzləşdikləri çətinliklər, onların problemlərinin həlli ilə bağlı dövlətimizin həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib. Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqaməti kimi bu kateqoriyadan olan insanlara daim diqqət və qayğının göstərildiyi bildirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil imkanlarının genişləndirilməsi, sağlamlığının qorunması üçün zəruri iş apardığı qeyd olunub.

Maksim Qoən, həmçinin 44 günlük Vətən müharibəsindən sonra yaranmış reallıqlar, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri, minalardan təmizlənmə, təhlükəsiz və dayanıqlı məskunlaşma üçün zəruri olan fəaliyyətlərin icra edildiyi barədə məlumatlandırılıb. Qeyd olunub ki, Ermənistanın hərbi təyinatı olmayan torpaqların da minalaması əhalinin təhlükəsizliyinə təhdiddir və qayıdış prosesini ləngidir. Diqqətə çatdırılıb ki, könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsiz və layiqli həyat şəraiti təmin edildikdən sonra başlayacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.

Fransalı tarixçi və politoloq Maksim Qoən səfərin məqsədi haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

AZƏRTAC