Fövqəladə Hallar Nazirliyində operativ iclas
Digər xəbərlər

Fövqəladə Hallar Nazirliyində operativ iclas

Aprelin 29-da Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə operativ iclas keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda nazir müavinləri və müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

İclasda, əvvəlcə, nazir Kəmaləddin Heydərov Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı göstərdikləri fədakarlığa görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təşəkkürlərini çatdırıb.

İclasda "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğının ehtimal olunan başvermə səbəbləri müzakirə olunub, aidiyyəti strukturların rəhbərlərinin məruzələri dinlənilib. Nazir yanğınla bağlı yaradılmış istintaq qrupu tərəfindən hadisənin səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Həmçinin bundan əvvəl keçirilmiş iclaslarda verilmiş tapşırıqların davamı olaraq, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması istiqamətində görülən işlərə toxunulub, tapşırıqlar verilib.

AZƏRTAC