Zəfərimizin təntənəsi
Digər xəbərlər

Zəfərimizin təntənəsi

2022-ci il iyulun 14-15-də Şuşada ikinci Vaqif Poeziya Günləri keçirildi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı onun milli ədəbiyyata, tarixə, mədəniyyətə böyük qayğısının təzahürü idi. Soyuq, qarlı gündə keçirilən açılış mərasiminə Şuşaya istedadlı sənət adamları toplaşmışdı. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada ilk Vaqif Poeziya Günləri keçirildi.

Vaqif Poeziya Günləri Şuşa şəhəri erməni quldurları tərəfindən işğal olunanadək davam edib. 1992-ci ildə erməni qəsbkarları Şuşadakı milli-mənəvi və tarixi-memarlıq abidələrimizi talayaraq məhv edib, həmçinin Molla Pənah Vaqifin məqbərəsini dağıdıblar. Mənfur düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illər Vaqif Poeziya Günləri də Şuşada keçirilmədi. İndi isə Şuşa şəhərində hər il bu tədbirin yenidən keçirilməsinin sevincini yaşayırıq. Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Bu gün işğaldan azad olunmuş torpaqlar quruculuq meydanına çevrilib. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir. Prezidentin işğaldan azad olunmuş rayonlara səfəri zamanı - "Qarabağda cənnət yaradacağıq" vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi. Avqustun 29-da isə Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı baş tutdu. 2021-ci il 30-31 avqust tarixlərində 39 il sonra Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra yenidən təşkil olunmuşdu...

Ölkə başçımız İlham Əliyev Vaqifin məqbərəsi önündə çıxışı zamanı söyləyib: "Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalmışdır. Bu gün isə məqbərə tam bərpa edilib və dünən məqbərənin ikinci açılışı olmuşdur. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi, "Xarıbülbül" festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik".

 Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdə Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir. Vaqif Poeziya Günləri çərçivəsində "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir", "Yenidən doğma diyarda. Qarabağın sənət inciləri" və "Yaddaş. Fotoqrafik tarix" sərgiləri təşkil edilib.

Həmçinin qeyd etməliyik ki, 2022-ci il 14-15 iyul tarixlərində 40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtı - Şuşada yenidən təşkil olundu. Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də "Qarabağ" mehmanxanasının qarşısında kitab sərgisi ilə başladı. Daha sonra dahi şairin məqbərəsi önündə tədbirin açılış mərasimi və Cıdır düzündə konsert-tamaşa təşkil olundu. "Əsrlərin sədası" adlı konsert-tamaşada dahi Füzuli, Xəqani, Xurşidbanu Natəvan, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Mir Möhsün Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi görkəmli Azərbaycan ədiblərinin obrazları canlandırıldı. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri iyulun 15-də öz işini başa çatdırdı.

Röya RÜSTƏMLİ,

"Respublika".