Fergus Ould: Böyük Britaniyanın Azərbaycanda yeni səfiri təyin olunduğum üçün çox şadam
Digər xəbərlər

Fergus Ould: Böyük Britaniyanın Azərbaycanda yeni səfiri təyin olunduğum üçün çox şadam

Böyük Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Fergus Ould videomüraciət yayıb.

AZƏRTAC xəbər verir ki, səfirin özünün tviter səhifəsində paylaşdığı videomüraciətdə ölkəsinin Azərbaycandakı yeni səfiri təyin edildiyi üçün çox şad olduğunu bildirərək deyib: "Ölkələrimiz arasında münasibətlər artıq yüksək səviyyədədir. Amma inanıram ki, biz birlikdə daha da çox iş görə bilərik".

Diplomat videomüraciətdə, həmçinin özü barədə də məlumat verib. O qeyd edib: "Mən şotland və britaniyalıyam. Öz soykökümlə fəxr edirəm. Eyni zamanda, başqa ölkələrin tarixini, adət-ənənələrini, həmçinin onların müasir mədəniyyətlərini öyrənməyi sevirəm.

Bir ildir ki, Azərbaycan dilini öyrənirəm. Mən keçən qış 6 həftə Gəncədə bir ailənin qonağı oldum. Yerli müəllimlərdən dərs aldım. Bu müddətdə azərbaycanca danışdım, yerli yeməkləri daddım və evimizdən Göygölün ətrafındakı gözəl dağları seyr etdim. Yeni sözləri, xüsusilə atalar sözlərini öyrənməyi sevirəm. 2023-cü ilin sonunadək Azərbaycanın bütün bölgələrinə səfər etmək, heyrətamiz müxtəlifliyini görmək istəyirəm".

AZƏRTAC