Parlaq şəxsiyyət, əbədiyaşar lider
Digər xəbərlər

Parlaq şəxsiyyət, əbədiyaşar lider

Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən parlaq şəxsiyyət, müstəsna liderlik keyfiyyətinə malik dövlət xadimidir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev ömrünün 34 ilini milli dövlətçilik ideologiyasının inkişafına həsr etmişdir.

Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol dahi öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır. Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Ulu Öndər respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə il ərzində dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrları önə çəkməklə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.

1991-ci il 18 oktyabrda Azərbaycan öz müstəqilliyini bərpa etdi. Lakin Azərbaycan üçün çətin günlər hələ də bitməmişdi. Erməni vandalları tərəfindən azərbaycanlılara qarşı vəhşiliklər edilir, torpaqlarımız işğal olunurdu. Hakimiyyət uğrunda çəkişmələr gedir, ölkə idarə oluna bilmirdi. Xalq inanırdı ki, Azərbaycan xalqını belə bir çətin vəziyyətdən yalnız və yalnız ümummilli lider Heydər Əliyev qurtara bilər.

Xüsusilə Azərbaycan tarixinin 1990-1993-cü illəri ən ağır fəlakət illəri, "olum, ya ölüm" dövrü kimi xalqın yaddaşında qaldı. Heç bir idarəçilik bacarığı olmayan Azərbaycan Xalq Cəbhəsi rejimi məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycanın Cənubi Qafqazın xəritəsindən silinmək təhlükəsi var idi. Bu zaman Vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. Bu dövrdə - 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi.

1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Üzdə xalqdan danışan, əslində isə sərvət düşkünləri olan bir qrup vəzifəpərəst sovet hakimiyyəti illərində toplanmış xalq əmlakına şərik olmuşdu. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Daşnakların "böyük Ermənistan" yaratmaq niyyətləri, tarixi düşmənlərimizin qonşu ölkələrin paytaxtlarında hazırlanmış və Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında - Navahi kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı.

İllərlə tarixinin ən çətin məqamlarını yaşayan Azərbaycan sanki qaranlığa qərq olunmuş vəziyyətdə idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan üçün işıqlı günlər başladı, işğalçı qüvvələrin qarşısı alındı, daxili çəkişmələrə son verildi, Azərbaycan bir yumruq kimi birləşdi. 1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında 13 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" bağlandı. Azərbaycan etibarlı tərəfdaş, ən əsası regional əməkdaşlığın aparıcı qüvvəsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı tərəf olaraq özünü dünyaya təqdim etdi.

Ulu öndər Heydər Əliyevin siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentin müdrik siyasəti ilə Azərbaycan günü-gündən daha da inkişaf edir. Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçib. O cümlədən ordu quruculuğunda mühüm islahatlar aparılıb və Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevrilib. 2020-ci ilin 27 sentyabrında düşmənin törətdiyi təxribatdan sonra Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə "Dəmir Yumruq" əməliyyatına başladı. Azərbaycanın şanlı ordusu 44 gündə düşmənə diz çökdürdü.

Bu gün Azərbaycan regionun ən güclü dövləti olmaqla yanaşı, qlobal müstəvidə də aparıcı mövqedən çıxış edir. Prezident İlham Əliyevin dünyada ən böyük təşkilatlardan biri olan Qoşulmama Hərəkatına sədrlik etməsi Azərbaycanın dünyada böyük nüfuza sahib olmasının göstəricisidir.

Heydər ƏLİYEV,

Xaçmaz Rayon Statistika İdarəsinin rəis əvəzi.