Əzəli-əbədi torpaqlarımız bizi gözləyir
Digər xəbərlər

Əzəli-əbədi torpaqlarımız bizi gözləyir

Ötən əsrlərdən başlayaraq Cənubi Qafqazda ən qədim yaşayış məskənlərindən olan Azərbaycan parçalanmağa məruz qalmışdır. Bu iş əsasən özlərini dünyanın ən məzlum xalqı kimi göstərən, hər an mövqeyini dəyişən ermənilərin vasitəsilə reallaşdırılmışdır.

Günahsız, məsum insanların işgəncə ilə öldürülməsi ermənilər üçün adi hala çevrilmişdir. Məqsəd yalnız insanları qədim ata-baba yurdlarından qovmaqla özlərinə “dövlət” yaratmaq və mümkün qədər daha çox əraziləri işğal etmək olmuşdur. Təəssüflər olsun ki, ermənipərəst qüvvələrin birbaşa dəstəyi ilə təxminən 200 il bundan əvvəl ermənilər iyrənc əməllərini həyata keçirməyə başlamış və zaman-zaman onlar məqsədlərinə çatmışlar.

Qərbi azərbaycanlılar öz yurdundan deportasiya olunanda hər işgəncələrə məruz qalmışlar. Bu günlərdə görüşdüyümüz əslən Qərbi Azərbaycandan olan ziyalı, hazırda Qazax RMX Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova söhbət zamanı ailələrinin başına gələn faciələrdən ürəkağrısı ilə danışdı.

Sevda xanım qeyd etdi ki, babası Məmmədov Muxtar Məşədi Sayad oğlu və nənəsi Əliyeva Zəhra Paşa qızı Göyçə mahalının Bığ kəndində anadan olmuşlar.

Qansız ermənilər Andranikin əmri ilə kəndə hücum edərkən 5 uşaqdan Zəhra və Səkinə sağ qalmışdır.

Sevda Məmmədovanın ata nənəsi Mustafayeva Xatın Fərəc qızı 1889-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Əfəndi kəndində anadan olmuşdur. Müsahibim bildirir ki, 1917-ci ildə vəhşiləşmiş ermənilər kəndə hücum edərək günahsız insanları kütləvi şəkildə qətlə yetirmişlər. Nənəsinin qardaşları Abbası, Şirzadı, bacısı Şəkəri, atası Fərəci güllələyib öldürmüşlər.

O zamanlar Şirzad azərbaycanlılardan ibarət bir dəstə düzəldib erməni daşnakları ilə vuruşaraq kəndi müdafiə edirmiş. O, həddindən artıq cəsur və qorxmaz bir insan olmuşdur. Nənəsi uşaqları və 1 qardaşı ilə birlikdə dağlara qaçmış, lakin şiddətli qar-çovğun onların hərəkət etmələrinə həddindən artıq çətinlik törətmişdir. Soyuqda uşaqlar da donmuşdular. Xatın qardaşı Yahya ilə çox əzab-əziyyətlə Qazax mahalına gələ bilmişdir.

Sevda Məmmədova qeyd edir ki, hələ gənc yaşlarında hər il yay aylarında 3 ay Çəmbərək rayonunun Toxluca kəndində yaşayan qohumlarının evində qonaq kimi qalırmış. Toxluca kəndi füsunkar gözəlliyə malik olan Göyçə mahalının incisi, mirvarisi sayılan Göyçə gölündən təxminən 1 kilometr məsafədə yerləşirdi.

Mübaliğəsiz demək olar ki, bu kənd dünyanın ən mənzərəli məkanlarından biridir. Kəndin əhalisi əsasən kənd təsərrüfatı və balıqçılıqla məşğul olublar. Buranın qədimliyini bildirən, tarixən azərbaycanlılara məxsus olmasını sübut edən bir sıra tarixi abidələr var idi. Müsahibim ötən il dekabr ayının 24-də Prezident İlham Əliyevin bir qrup Qərbi azərbaycanlı ilə görüşünü xatırladaraq dedi ki, qohum-əqrəbalarım əbədi-əzəli torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyir və bu tarixin yaxın zamanlarda baş verəcəyinə tam əmindirlər. Çünki Prezident İlham Əliyev verdiyi sözü əməli ilə sübuta yetirir. O yerlərdə bizi ulularımızın ruhu və müqəddəs torpaqlarımız haraylayır.

Vəli VƏLİYEV,

"Respublika".