“Əsrin fəlakəti
Digər xəbərlər

“Əsrin fəlakəti" və onun Türkiyə iqtisadiyyatına təsiri

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insan dünyasını dəyişib. On minlərlə yaralı var. Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniyə bir anda fəlakət zonasına çevrilib, dağılan binaların sayı 12 mini ötüb. Zəlzələ qurbanlarının xilas edilməsi üzrə kritik dövr davam edir. Dağıntı altında qalan insanların xilas edilməsi və zəlzələ fəlakətinin tezliklə aradan qaldırılması istiqamətində bütün qüvvələr səfərbər olunub. Lakin təbii fəlakət böyük insan itkisi ilə yanaşı, qardaş ölkənin iqtisadiyyatına da külli miqdarda ziyan vurub. Hazırda zərərin dəqiq məbləği bəlli olmasa da, söhbətin milyardlarla dollardan getdiyini söyləmək olar.

Zəlzələ nəticəsində dağılmış xəstəxanaların, yolların və elektrik ötürücü xətlərin yenidən qurulması, eləcə də əhalinin sığınacaq ehtiyacları üçün külli miqdarda vəsaitə ehtiyac var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, zəlzələ ilə əlaqədar təcili yardım üçün qurumlara, ilk növbədə, 100 milyard TL vəsait ayrılıb. Lakin dağıntıların həcminin çox böyük olduğunu nəzərə almaq lazımdır. Zəlzələ təxminən 13 milyon yarım insanın yaşadığı 10 böyük vilayəti əhatə edir. Belə olan halda yenidənqurma prosesi üçün daha çox məbləğə ehtiyac yaranacaq. Bu da onu deməyə əsas verir ki, Türkiyədə baş verən təbii fəlakət büdcə xərclərini artıracaq. Türkiyəli professor Ahmet Ercan deyir ki, zəlzələnin ölkəyə vurduğu ziyan 35-50 milyard dollar arasındadır. Ölkədə daxili və xarici ticarət dövriyyəsinin 110 milyard olduğunu nəzərə alsaq, bu, fəlakət hesab oluna bilər. Professorun sözlərinə görə, baş verən təbiət hadisəsi səbəbindən Türkiyənin inkişafı 1-2 pillə geriləyəcək.

Üstəlik, bunu da nəzərə almaq lazımdır ki, təbii fəlakət Türkiyənin Mərmərə və Egedən sonra üçüncü ən böyük istehsal zonasında baş verib. Zəlzələnin episentri olan Kahramanmaraş ölkənin bir nömrəli parça və mətbəx əşyaları istehsalçısıdır. Qaziantep isə xüsusilə Yaxın Şərq ölkələrinin tədarükçüsüdür. İskəndərun və Mersin limanları da bölgədən malların daşınması və idxalının mərkəzi kimi çıxış edir. Lakin ilk gündən limanlardakı yanğını söndürmək mümkün olmadığından daşımalar icra oluna bilmir. Hazırda zəlzələnin ÜDM-ə təsiri 0,6-2 bal arasında itki kimi hesablanır. Bunun da kompensasiya olunması üçün 6-12 ay lazımdır. Doğrudur, hazırda itkinin nə qədər olduğunu dəqiq təxmin etmək mümkün deyil. Bununla belə, keçmiş güclü zəlzələlər zamanı aparılan hesablamalar göstərir ki, iqtisadi artıma ciddi təsirlər qaçılmaz olacaq. Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı, qonşu ölkələrlə ticarət dövriyyəsinə də təsir edəcək.

Türkiyənin Azərbaycanın xarici ticarətdəki ikinci ən böyük tərəfdaşı olduğunu nəzərə alsaq, təbii fəlakətin ölkəmizin iqtisadiyyatına təsiri ciddi narahatlıqlar yarada bilər. Lakin "Əsrin fəlakəti"nin coğrafiyasına və Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək, məlum olur ki, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək. Növbəti ildə də ölkələr arasındakı iqtisadi əməkdaşlığın güclənəcəyi gözlənilir. Azərbaycanın müəyyən mal və məhsullarının Türkiyəyə ixracında artım da istisna edilmir.

Qeyd edək ki, ötən il ölkələr arasındakı ticarət dövriyyəsi 6 milyard dollar təşkil edib. 2021-ci ildə isə bu göstərici 4 milyard 661 milyon dollar idi. Növbəti ildə də müsbət tendensiyanın davam edəcəyi gözlənilir.

Jalə QASIMZADƏ,

"Respublika".