Ermənistanda müxalifət nümayəndələrinin həbsləri davam edir
Digər xəbərlər

Ermənistanda müxalifət nümayəndələrinin həbsləri davam edir

Xocalıda rəsmi Bakı ilə Qarabağ separatçıları arasında başlayan danışıqlar Ermənistanın əsas gündəminə çevrilib. İrəvan məsələ ilə bağlı səssizliyini qorusa da müxalifətdən sərt reaksiyalar gəlib. Hökuməti yenidən Qarabağı satmaqda ittiham edən müxalifət etirazlarını artırıb və İrəvan üçün həlledici dönəmin yaxınlaşdığını bəyan edib.

Ermənistanda daxili siyasi vəziyyətin gərginləşdiyi dövrdə müxaliflərin həbs edildiyi ilə bağlı xəbərlərin də ardı-arası kəsilmir.

Son məlumatlara görə, Ermənistan baş prokurorluğu parlamentin spikeri Alen Simonyana "Hayastan" fraksiyasının deputatı Armen Çarçyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün vəsatət təqdim edib. Bu, baş prokurorluğun müxalif deputatın toxunulmazlığından məhrum edilməsi ilə bağlı parlamentə ikinci müraciətidir. İş materiallarına görə, Çarçyan ağır və xüsusilə ağır cinayətdə şübhəli bilinən bir şəxsə qarşı cinayət işi üzrə tibbi kollegiyaya ekspert qismində daxil edilib. İttiham tərəfinin dediyinə görə, o, məhkəmə-tibbi ekspertizasının saxta rəyinə imza atıb.

Yanvarın 20-də "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyanın işi ilə də bağlı müvafiq vəsatət qaldırılıb. Ohanyan müdafiə naziri olduğu illərdə yol verdiyi mənimsəmə faktları ilə əlaqədar cinayət işinə cəlb olunub. Hərbi hissənin ərazisini qanunsuz satmaqda ittiham olunan sabiq nazirin toxunulmazlığı ləğv olunub.

Ermənistanda daha bir keçmiş deputata qarşı cinayət işi açılıb. Artur Gevorkyan adlı eks-deputat qanunsuz mənimsəmədə ittiham olunur. O, İrəvanda torpaq sahələrinin, mülklərin qanunsuz satışı ilə də məşğul olub. Gevorkyanın ABŞ-da gizli əmlakları da üzə çıxıb.

Paşinyan hökumətinin hədəf aldığı müxalif şəxslər bunlarla da kifayətlənmir. İrəvan Administrasiyası davamlı olaraq əməliyyatlar keçirməklə bir növ müxalifətin əl-qolunu bağlamaq istəyir.

Üstəlik, hökumət prosesi gizli şəkildə də icra etmir. Bu, Ermənistan parlamentinin spikeri Alen Simonyanın fevralın 7-də jurnalistlərə müsahibəsində də öz əksini tapıb. Müxalifətin iş üslubuna toxunan Simonyan deyib ki, onlar Ermənistanın siyasi müstəvisində öz rollarını həddən artıq şişirdirlər. Onların siyasi fəaliyyəti Azərbaycanın atdığı addımlarla bağlı gündəm yaratmaq üzərində qurulub. Bu adamların hamısı tutulsa belə, Ermənistan heç bir halda əsas gündəmdən və problemlərdən kənara çıxmayacaq. Odur ki, müxalifət özünü çox əhəmiyyətli hesab etməsin.

Bu açıqlamalardan da görünür ki, hazırkı hökumət Ermənistan müxalifətinin səsini kəsmək üçün hər üsula əl atacaq. İqtidara zidd mövqedə dayanan şəxslərin fəaliyyətinin uzun illər sonra araşdırılması onu deməyə əsas verir ki, Paşinyan indi müxalifətə meydan oxuyur. Lakin bunun qarşılığında Ermənistan müxalifəti də geri çəkilməyəcək. Ümumiyyətlə, Azərbaycan 44 günlük müharibədə qələbə qazandıqdan sonra müxalif liderlər Paşinyan hökumətinin məğlubiyyətindən öz xeyirlərinə istifadə etməyə çalışdılar. Onlar indi də Qarabağ ətrafında rəsmi Bakının maraqlarına uyğun olaraq formalaşan siyasi mühitdən öz xeyirlərinə istifadə etmək istəyirlər. Bütün bunları nəzərə alsaq, demək olar ki, hələ uzun müddət Ermənistanın daxili siyasi arenasında qarışıqlıq davam edəcək.

Jalə QASIMZADƏ,

"Respublika".