Energetika: Müsbət dəyişikliklər müşahidə olunur
İQTİSADİYYAT

Energetika: Müsbət dəyişikliklər müşahidə olunur

Azərbaycanın enerji ölkəsi kimi inkişafında yeni mərhələ başlanıb. Bu mərhələdə ölkəmizin Avropanın enerji təchizatındakı strateji rolu bir çox mənbələr hesabına daha da güclənəcək. Eyni zamanda, elektrik enerjisinin, xüsusilə "yaşıl enerji"nin ixracı Azərbaycanın daha bir dəhlizin - "yaşıl enerji" dəhlizinin də əsas resurs mənbəyi olması hesabına reallaşacaq. Vurğulamaq lazımdır ki, son illər elektroenergetika sisteminin dayanıqlığının artırılması və yeni məzmunda inkişafı istiqamətində uğurlarla zəngin olmuşdur.

Paytaxtın hər yerində olduğu kimi, geniş əraziyə malik olan Yasamal rayonunda da abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatına maksimum səy göstərilir, iş prosesində mütərəqqi texnologiyanın tətbiqinə üstünlük verilir.

Bunun nəticəsidir ki, əhali energetika sektorundakı müsbət dəyişikliklərdən razılıqla danışır.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi, təcrübəli energetik Həbib Əzizovla söhbət edərkən o, rəhbərlik etdiyi kollektivin işindən söhbət açdı:

- 2022-ci ilin başa çatmasına sayılı günlər qalıb. Daxili imkanlardan səmərəli istifadə edildiyindən ilin ötən on bir ayında energetiklərimiz uğurlu nəticələrə imza atmış, ayrı-ayrı ərazilərdə tədbirlər planına uyğun olaraq bir sıra texniki dəyişikliklər həyata keçirmişlər.

Vurğulamaq lazımdır ki, bu gün əhali və qeyri-əhali sektorunda 114 minə yaxın abonent vardır. Onlar abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını diqqət mərkəzində saxlayırlar. Energetiklərin birgə səyi nəticəsində on bir ayda yığım 100 faiz təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Yüklənmənin qarşısını almaq üçün azhəcmli transformatorlar irihəcmli transformatorlarla əvəz edilmişdir. 110/35 kV-luq yarımstansiyalar mütəmadi olaraq nəzarətdə saxlanılır, elektrik avadanlıqları təmizlənib qaydaya salınır.

Rayon ərazisindəki Abbas Mirzə Şərifzadə, Əsəd Əhmədov və Bəşir Səfəroğlu küçələrində 6 kV-luq kabel xətləri yenisi ilə əvəz olunmuşdur.

Hüseyn Cavid küçəsi, İnşaatçılar prospektində 0,4 kV-luq kabel xətləri yenilənmiş, KTM-lərin ətrafı çəpərlənmişdir.

Qeyd etmək lazımdır ki, ASAN xidmətə olan müraciətlərin 300-ə yaxını uğurla icra olunmuşdur. Şübhəsiz ki, bu da abonentləri razı salır.

Enerji Təchizatı və Satışı İdarəsində gənc kadrların seçilib işə qəbul olunmasına xüsusi qayğı göstərilir. Belə ki, ilin ötən on bir ayında 10 nəfər gənc işə qəbul olunmuşdur.

Tədbirlər planına uyğun olaraq idarədə qış mövsümünə hazırlıq işləri də diqqət mərkəzindədir. Abonentlər arasında mütəmadi olaraq geniş maariflənmə işləri aparılır, qeyri-əhali sektorundan olan abonentlərin təhlükəsizlik texnikasına ciddi riayət etmələri tövsiyə olunur.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığı problemini uğurla həll etmək, cəmiyyətə tələb olunan təcrübəli kadr potensialı vermək üçün "Azərişıq" ASC tərəfindən Tədris Mərkəzi yaradılmışdır.

Elektrik şəbəkələrində istifadə olunan və gələcəkdə istifadə olunacaq müasir texniki avadanlıqların öyrənilməsi, quraşdırılması məqsədilə Yasamal rayonunda energetika sistemində yeni əmək fəaliyyətinə başlayan gənclər bu Tədris Mərkəzində fəaliyyət göstərən kurslara cəlb olunur və burada xeyli təcrübə toplayırlar.

Qədir ASLAN,

"Respublika".