Ekofəalların aksiyası davam edir
Digər xəbərlər

Ekofəalların aksiyası davam edir

Artıq 69 gündür ki, Azərbaycan xalqının ürəyi Şuşa yolunda döyünür. Dekabr ayının 12-dən başlayan aksiya öz axarı ilə davam edir. Aksiya iştirakçılarının tələbləri ekoloji terrorun dayandırılmasıdır. Onlar qanunsuz istismar bitməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər. Xatırladaq ki, 2022-ci ilin dekabr ayında İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin sülhməramlı kontingentin fəaliyyət göstərdiyi ərazilərdə monitorinq keçirmək cəhdi separatçıların təxribatı nəticəsində baş tutmayıb. Rusiya sülhməramlılarının bu təxribata etinasızlığı haqlı narazılıq yaradıb və aksiyanın başlanmasına səbəb olub. Beləliklə də ekofəalların, QHT nümayəndələrinin və könüllülərin iştirakı ilə Laçın-Xankəndi yolunun Şuşa şəhər istiqamətində etiraz aksiyaları başlayıb.

Regionda terrora qucaq açan ölkələrin önündə gələn Ermənistan artıq 30 ildən çoxdur ki, Azərbaycanın suveren torpaqlarında qanunsuz istismarla məşğul olur. Qanunsuz istismarın Vətən müharibəsində qazanılan tarixi qələbə ilə qismən qarşısı alınsa da, Şərqi Zəngəzurda erməni separatçılarının vandalizm fəaliyyətləri davam etməkdədir. Bəzi qərb dövlətlərinin və cənub qonşumuz İranın bu terroru dəstəkləməsinin arxasında öz çirkin mənafeləri dayanır. Hələ ermənilərin Qarabağı işğal altında saxladıqları vaxtlarda xüsusilə Fransa Azərbaycana məxsus ərazilərdə qeyri-leqal olaraq faydalı qazıntılar aparmışdır.

10 noyabr bəyanatına əsasən rus sülhməramlı kontingentinin yerləşməsi ilə erməni separatçılar Şərqi Zəngəzuru tərk etməli idi. Ermənilərin ikiüzlü oyunu bu, kapitulyasiya aktında da özünü göstərdi. Ancaq imza atdıqları sənədə əməl etmək istəməsələr də gec-tez Azərbaycanın suveren ərazilərini tərk edəcəklər. Necə ki, 30 il ərzində diplomatik dildən anlamayan Ermənistan hakimiyyəti “Dəmir yumruq” əməliyyatı ilə başlarının əzilməsindən sonra Qarabağı tərk etmək məcburiyyətində qaldılar. Qazanılmış tarixi zəfər həm də bir çox mifi özü-özlüyündə məhv etdi. Ermənistan hakimiyyətinin uzun illərdən bəri yalanlarla öz xalqının beynini zəhərləməsi, guya məğlubedilməz orduya sahib olmaq nağılları 44 gündə sona çatdı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni ordusuna elə bir dağıdıcı zərbə vurdu ki, indi Ermənistanın əvvəlki vəziyyətinə qayıtmasına onilliklər lazımdır. Azərbaycan Vətən müharibəsində təkcə Ermənistanın deyil, onun havadarları üzərində də qələbə çalmış oldu. Məlum olduğu kimi, ermənilər uzun illər siyasi arenada yetərincə nüfuzu olan dövlətlər tərəfindən dəstəklənib. Bu dövlətlər Ermənistana yalnız siyasi məkanda deyil, ordu quruculuğunun formalaşmasında, silah-sursat təchizatında böyük dəstək veriblər.

Həmin dövlətlər Ermənistanın məğlubiyyətindən sonra son ümid kimi Şərqi Zəngəzuru maraq dairələrində saxlamağa çalışırlar. Bu səbəbdən də Laçın-Xankəndi yolunda keçirilən aksiyalara hüquqi qiymət vermək baxımından ədalətsiz mövqe nümayiş etdirirlər. Aksiya başladığı gündən etibarən Laçın-Xankəndi yolunun hər iki istiqamət üzrə hərəkətinə heç bir maneçilik olmayıb. Əksinə, dekabr ayının 12-dən başlayan aksiyada ekofəallar mitinqlərin dinc xarakter daşıdığını və qeyri-qanuni bir istəklərinin olmadığını bildiriblər. Aksiyaçıların əsas tələbi “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına son qoyulması, ekologiyaya vurulan ziyanın qarşısının alınması və monitorinqin keçirilməsinə şərait yaradılmasıdır. Aksiyanın keçirildiyi yerdən çəkilən video görüntülərdən də aydın müşahidə etmək olar ki, beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlı kontingentinə məxsus maşınlar ərazidən rahat hərəkət edirlər. Aksiyanın dinc məqsədlə olduğunu bu günlərdə B. Britaniya, Fransa, Türkiyə, Belçika, İtaliya və digər dövlətlərdən gələn səyyahlar da açıq-aydın gördülər. Hətta onlar bildirdilər ki, insanların təbiəti qorumaq üçün  toplaşmaqları çox gözəldir. Əslində, səyyahların işğaldan azad olunmuş torpaqlara gəlməsini ermənilərin daha bir məğlubiyyəti kimi qəbul etmək daha doğru olar. Çünki erməni separatizmi və Ermənistan hakimiyyəti ekofəalların etirazlarını humanitar böhran kimi dünya ictimaiyyətinə çatdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Dünyanın müxtəlif ölkələrindən gələn səyyahlar işğaldan azad olunmuş ərazilərdə erməni vəhşiliyinin əyani şahidi olmaqla yanaşı, yenidənqurma və bərpa işləri ilə də tanış olublar.

Musa BAĞIRLI,

“Respublika”.