Ədliyyə Nazirliyi: 16 qeyri-kommersiya təşkilatı və 2 partiya dövlət qeydiyyatına alınıb
Digər xəbərlər

Ədliyyə Nazirliyi: 16 qeyri-kommersiya təşkilatı və 2 partiya dövlət qeydiyyatına alınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxpartiyalı siyasi sistemin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində genişmiqyaslı hərtərəfli islahatlar aparılır. Hazırda ölkədə 56 siyasi partiya fəaliyyət göstərir ki, onlardan 7-si ötən il dövlət qeydiyyatından keçib. Görülən işlərin məntiqi nəticəsi olaraq cəmiyyətimizdə demokratik dəyərlər qüvvətlənir, ölkə həyatının bütün sahələrində siyasi partiyaların və vətəndaş iştirakçılığının rolu artır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu prosesin davamı olaraq, 16 qeyri-kommersiya təşkilatının, Azərbaycan Yüksəliş Partiyasının və Haqq Ədalət Partiyasının müraciətləri əsasında onların sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğu məsələsi öyrənilib və qeydiyyata alınmaları ilə bağlı Ədliyyə Nazirliyinin 15 oktyabr tarixli növbəti Kollegiya iclasında qərar qəbul edilib.

Bununla əlaqədar həmin partiyaların və QHT-lərin təmsilçilərinə nazirlikdə dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim olunub.

AZƏRTAC