Düşmənin çirkin planları əbəsdir
Digər xəbərlər

Düşmənin çirkin planları əbəsdir

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə dövlətimizin qüdrətini bir daha bəlli etdi. Şanlı zəfərimiz 30 illik işğala son qoymaqla yanaşı, haqq-ədalətin bir gün öz yerini tapdığını təsdiqlədi. Xalqımızın illər ərzində yurd həsrəti ilə alışıb-yanan ürəyinə məhz İkinci Qarabağ savaşındakı qalibiyyətimiz su səpdi. Şübhəsiz, Azərbaycan xalqı bu unudulmaz anları yaşayacağına əmin idi. Hələ qələbədən öncə, dövlətimizin başçısı bəyanatlarında daim sülh danışıqlarının səmərə verməyəcəyi təqdirdə torpaqlarımızı hərb yolu ilə azad edəcəyini bildirmişdi. Nəhayət elə də oldu, biz öz gücümüzə bunu bacardıq. Əvvəllər əsas fikir ərazilərimizin işğaldan azad edilməsinə yönəlmişdisə, indi prioritet məsələ burada yenidənqurma və bərpa işlərinin yüksək səviyyədə həyata keçirilməsidir. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə görülən işlərlə şəxsən özü tanış olur, vaxtaşırı həmin ərazilərə səfər edir. Bu baxımdan, ölkə başçımızın bu il martın 18-də Tərtər rayonunun Talış kəndinə səfəri də mühüm əhəmiyyət kəsb edir. Müzəffər Ali Baş Komandanın səsləndirdiyi fikirlər Ermənistan və onun havadarlarına bir sıra vacib mesajlar verdi. Ölkə başçımız çıxışı zamanı işğal dövrünün reallıqlarını bir daha ictimaiyyətin diqqətinə çatdırdı, baş verənlərin əsla unudulmayacağını bəyan etdi. Dövlətimizin başçısı münaqişəyə selektiv yanaşan beynəlxalq qurumların sadəcə Ermənistana və ona havadarlıq edən dövlətlərə köməklik göstərdiyini də vurğuladı. Belə ki, Ermənistan Azərbaycan xalqının hüquqlarını tapdayanda təcavüzkarın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupunun həmsədri olan  dövlətlər bu haqsızlıqlara heç bir reaksiya vermədilər. Hətta münaqişə dövründə həmsədr ölkələr problemi həll etmək əvəzinə vaxtı dondurmaq məqsədi güdürdü. Dövlətimiz öz ərazilərini düşmən tapdağından azad edəndən sonra da ölkəmizə  qarşı saysız-hesabsız  ədalətsiz addımlar atıldı, çirkin əməllər törədildi. Bütün bunlar məhz düşmənin və ona tərəfdar çıxan sevdalılarının eyni xain niyyətə malik olduğunun göstəricisidir. İstər müharibədən əvvəl, istərsə də müharibədən sonra düşmən ölkənin baş nazirinin  “Qarabağ Ermənistandır və nöqtə” fikirlərini səsləndirməsi xain Ermənistanın niyyətini bir daha təsdiqləmişdir. Saxta məlumatlarla mətbuata açıqlamalar verən, öz xalqını belə tarixi yalana inandıran düşmənə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, -  Ermənistan yenə də ağıllanmamışdır. Ən diqqətçəkən məqamlardan biri isə əhali Paşinyandan narazı olsa da, onun hələ də xalqdan oyuncaq kimi istifadə etməsi reallığıdır. Görünür, Ermənistan bizi başqaları ilə səhv salır. Çünki düşməndən fərqli olaraq, bizdə milli birlik var, xalq daim Ali Baş Komandanının yanındadır. Buna görə də Ermənistan nə sayır saysın, görək fələk nə sayır…  

Prezident İlham Əliyevin Talış kəndinə səfəri zamanı səsləndirdiyi fikirlər Ermənistanın xain niyyətinin əbəs olduğunu bir daha xatırlatdı: "Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək". Bu, doğrudan da belədir. Müharibə dövründə bir çox ölkənin bizə dəstəyi də bunun faktiki sübutudur. Ölkələr arasında bir küncdən digər küncə atılan Ermənistan isə ancaq müvəqqəti olaraq havadarlarının “qanadları” altına sığınır. Hazırda əsas çağırışlar sülh müqaviləsinin imzalanması istiqamətinə yönəlmişdir. İşğal, müharibə, postmüharibə dövrünün reallıqları məhz sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Belə olmadığı halda heç bir sülh razılaşmasından söz gedə bilməz. Çünki Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bundan başqa, düşmən xain xislətini bəlli edərək bir daha təxribatlara əl atacaqsa, biz də layiqincə cavabını verəcəyik.

Nəzrin ELDARQIZI,

“Respublika”.