Dünyada ekofəallıq: onun təkamülü və fəlsəfi-sosioloji zəmini
Digər xəbərlər

Dünyada ekofəallıq: onun təkamülü və fəlsəfi-sosioloji zəmini

Yaşadığımız dünyanın vahid bir parçası olduğunu dərk edən insan hələ çox qədim dövrlərdən ətraf mühitin mühafizəsi üçün müxtəlif yollar axtarmışdır. Buna görə də bu gün planetin bir çox yerində, o cümlədən doğma Qarabağda ekofəalların dinc aksiyasının mahiyyəti, əsl məqsədi və tarixi-sosioloji-fəlsəfi və həmçinin iqtisadi əhəmiyyəti barədə suallar maraq doğurur. Əslində, bütün ekoloji aksiyalar təbiət-insan vəhdətində sağlam düşüncənin qalib gəlməsidir. Tarixə qısa ekskursiya bunu deməyə əsas verir.

Tarixi mənbələrə əsasən, hələ qədim Roma dövründə havanın və suyun çirklənməsi kimi problemlərin insan həyatına təsiri ilə bağlı narahatlıqların olduğu, iki min il əvvəl Çində, Hindistanda torpağın qorunması üçün bir sıra addımlar atıldığı məlumdur. Avropada orta əsrlərdə baş vermiş epidemiyalar da o zamanlar ətraf mühitin çirklənməsinə qarşı mübarizəni gündəmə gətirmişdi.

İlk ekoloji hərəkat XIX əsrin sonlarında Avropada kənd yaşayış yerlərinin və ABŞ-da vəhşi təbiətin qorunması və təbii sənaye inqilabı zamanı çirklənmə ilə bağlı narahatlıqlardan yaranmışdır. O zamanlar insanlar düşünürdülər ki, hökumət iqtisadi problemlərin həlli ilə yanaşı, ətraf mühitin və təbii ehtiyatların qorunmasına da məsuliyyət daşımalıdır. Belə ki, ABŞ Meşə Xidmətinin ilk rəisi Gifford Pinchot (1865-1946) tərəfindən hazırlanmış resursların mühafizəsinin ilk fəlsəfi düşüncələri təbii resurslardan ağıllı və səmərəli istifadəni özündə ehtiva edirdi. Daha sonra ABŞ-da həyata keçirilən digər ekoloji tədbirlər, toxunulmamış meşə ərazilərinin qoruma altına alınması, biosentrik fəlsəfənin əsasını qoydu. Beləliklə, təbiəti mühafizə işlərinin bioloji aspektləri ilə məşğul olan elmi təşkilatlarla yanaşı, əsasən vəhşi təbiətin mühafizəsi, sənayenin inkişafı və urbanizasiya nəticəsində yaranan və çirklənmə ilə məşğul olan orta səviyyəli lobbi qrupları da fəaliyyət göstərməyə başladı. Və bu sahədə də ABŞ dünyaya liderlik etsə də, Avropa və Okeaniyada da mühüm layihələr həyata keçirilmişdir.

1960-cı illərdən başlayaraq ətraf mühitin qorunması üzrə təkamül edən müxtəlif fəlsəfi istiqamətlər fəal qeyri-hökumət təşkilatları və ekologiyayönümlü siyasi partiyalar şəklində "yaşıl" siyasi hərəkatların yaradılması üçün özündə güc tapdı. Bu hərəkatların müxtəlifliyinə baxmayaraq, onları birləşdirən ana xətt ətraf mühitin qorunması, bu istiqamətdə qərarların verilməsində demokratiya, sosial ədalət və zorakılığa qarşı birgə mübarizə idi. Onların bu hərəkatına ekoterrorizmə, ağacların kəsilməsinə və mədən sənayesi tərəfindən təbiətin korlanmasına (hazırda bizim Qarabağda və Almaniyada olduğu kimi) qarşı haqlı mübarizə kimi baxılırdı. Həmçinin, ekoaksiyalar müasir cəmiyyətdə insanların ən təməl demokratik haqqı kimi də qəbul olunur və dəstəklənirdi. Ümumilikdə, bütün bunların əsasında insanın təbiətə kobud müdaxiləsindən sonra onun ilkin, əvvəlki görüntüsündən uzaqlaşması və bugünkü açıq görünən fəsadların yaranması dayanırdı.

Buna misal olaraq 1970-ci və 1980-ci illərdə Tasmaniyada Pedder gölünün daşmasının və Franklin çayının bəndinin qarşısını almaq üçün keçirilən etiraz kampaniyalarını, 28 mart 1979-cu ildə ABŞ-dakı Üç Mil adasında və 26 aprel 1986-cı ildə Çernobılda baş vermiş atom qəzalarından sonra ABŞ və Qərbi Avropada nüvə enerjisinin inkişafına qarşı etirazları, Avstraliyanın şimalında, o cümlədən Cabiluka mədənində uran hasilatı ilə bağlı aborigen xalqların həyatına yaranan problemlərlə əlaqədar onilliklər boyu davam edən etirazları göstərmək olar. İndoneziyada və Braziliyanın Amazon hövzəsində meşələrin qırılmasına qarşı etirazlar, insan fəaliyyəti nəticəsində havaya buraxılan istixana qazlarının törətdiyi iqlim dəyişikliyi ilə əlaqədar Azərbaycanın da fəal olduğu hərəkatlar bu qəbildəndir.

Bütün bunlara əsaslanaraq ekoaksiyaların humanitar məqsədini insan hüquqlarının qorunması kimi də izah etmək mümkündür. Belə ki, Hindistanda meşələrin mühafizəsini qadınların hüquqları ilə əlaqələndirən Çipko hərəkatını və insanların ətraf mühit və inkişaf məsələlərində iştirak etmək hüququ uğrunda mübarizə aparan Taylanddakı koalisiya tipli Yoxsullar Assambleyasını qeyd etmək olar.

İnkişaf etmiş ölkələrdə isə ekohərəkatlar siyasi mübarizə zəminində seçki elektoratı toplamaq, əhalinin bu sahədə həssas təbəqəsinin səslərini qazanmaq üçün güclü bir vasitə kimi indi də istifadə olunur. Yaradılan "yaşıl" partiyalar öz siyasətini müəyyənləşdirərkən ekoloji fəlsəfənin dəyərlərini ölkələrinin qarşısında duran bütün məsələlərə, o cümlədən xarici siyasət, müdafiə, sosial və iqtisadi siyasətlərə tətbiq etməyə çalışırlar. 1970-ci illərin əvvəllərində seçkilərdə ekoloji düşüncəli namizədlərin də irəli sürülməsi və "yaşıl" siyasi partiyaların qeydiyyata alınması bunun bariz nümunəsidir. Bu partiyalar ətraf mühitin mühafizəsi hərəkatını bilavasitə hökumətin icra mexanizminə daxil edərək ətraf mühitin qorunmasını dövlət siyasətinin mərkəzi məsələsinə çevirəcək və dövlət institutlarını daha demokratik hala gətirəcək yeni bir siyasi təşkilatlar kimi formalaşmışdır. Bu baxımdan, dünyanın ilk "yaşıl" partiyaları kimi Yeni Zelandiyada milli əsaslı partiya olan Dəyərlər Partiyası və Avstraliyanın Tasmaniya əyalətində təşkil edilən Birləşmiş Tasmaniya Qrupunu misal göstərmək olar. Daha sonra 1979-cu ildə İsveçrədə milli qanunverici orqanına ilk açıq fikirli "yaşıl üzv" seçildi. 1990-cı illərin ortalarında "yaşıllar" Dublin və Roma kimi Avropanın paytaxt şəhərlərində mer vəzifəsinə də iddia etdilər. 1981-ci ildə isə dörd "yaşıl üzv" Belçikada qanunverici orqanda müxtəlif yerlər qazandı. Avropada ən uğurlu ekoloji partiya isə 1980-ci ildə qurulan Almaniya Yaşıllar Partiyası (die Grünen) olmuş, 1998-ci ildə onlar Sosial Demokrat Partiyası ilə hakim koalisiya yaradaraq partiyanın lideri Yoşka Fişer ilə ölkənin xarici işlər naziri vəzifəsini də qazanmışdılar.

1980-ci illərin sonlarından başlayaraq ekofəallıq bütün dünyada həm qlobal, həm də milli siyasi qüvvəyə çevrildi. Bəzi ekoloji qeyri-hökumət təşkilatları, məsələn, "Greenpeace", "Yer Dostları" və "Ümumdünya Vəhşi Təbiət Fondu" öz lobbiçilik kampaniyalarını koordinasiya etmək üçün bütün dünyada ofislər və mərkəzləşdirilmiş qərargahlar yaradaraq əhəmiyyətli beynəlxalq qurumlar kimi, sivil dövlətlər və onların hökumətləri ilə əlaqəli şəkildə işləməyə başladılar. Buna təsir edən mühüm faktorlardan biri isə şübhəsiz ekodüşüncənin artıq beynəlxalq səviyyədə dəstəklənməsi olmuşdur. Belə ki, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Stokholmda keçirilən İnsan Ətraf Mühit Konfransından sonra dünyada çoxtərəfli ekoloji sazişlərin bağlanılması və öhdəliklərin götürülməsi daha da sürətləndi. Nəticədə, 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 180-ə yaxın ölkənin və müxtəlif biznes qruplarının, qeyri-hökumət təşkilatlarının iştirak etdiyi Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf üzrə Konfransı (Yer Sammiti) ətraf mühitlə bağlı ictimai müzakirələrin xarakterini dəyişərək ona tamamilə yeni bir mahiyyət verdi. 1997-ci ilin dekabrında Yaponiyanın Kyoto şəhərində qlobal iqlim dəyişikliyinə qarşı birgə tədbirlərin keçirilməsi məqsədilə 192 ölkənin bağladığı müqavilə, bundan sonra həmin istiqamətdə BMT səviyyəsində keçirilən sammitlər, həmçinin, 2008-ci ildə təsis olunmuş və dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirən və ötən günlərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də açılış mərasimində iştirak etdiyi Əbu-Dabi Dayanıqlılıq Həftəsi bu sahədəki ən mühüm beynəlxalq platformalardandır.

Göründüyü kimi, bütün bu mühüm beynəlxalq ekoloji məzmunlu mötəbər tədbirlər son 30 ildə daha böyük əhəmiyyət kəsb etmiş və SSRİ-nin dağılması ilə yeni üzvlərlə güc qazanmışdır. Onu da qeyd etmək yerinə düşər ki, özünün qeyri-ekoloji addımları, təbii resurslardan rasional deyil, hərc-mərcliklə istifadəsi ilə tarixdə qara ləkə qoymuş SSRİ-də və keçmiş sosialist blokunda bu sahədə inkişaf zəif olmuşdur. Bu baxımdan, bu gün həmin rejimin son tör-töküntüsü olan Ermənistanda hələ də fəaliyyətdə olan köhnə texnologiyalı və bütün bölgə üçün təhlükə yaradan Metsamor Atom Elektrik Stansiyasına, eləcə də Qərbi Zəngəzurdakı Qafan mis-molibden mədənlərinin vəhşicəsinə istismarına və Qarabağın yeraltı və yerüstü sərvətlərinin talanmasına göz yuman hayların ekoloji mədəniyyətsizliyi heç də təəccüb doğurmur.

Bəli, bu gün ekoloji prinsiplər cəmiyyətin dayanıqlı inkişafının əsas təməl sütunlarından biridir. Artıq coğrafi yerləşməsindən və inkişaf səviyyəsindən asılı olmayaraq bütün bəşəriyyət başa düşür ki, yaşadığımız Yer kürəsi hamımızın ortaq evidir. Ona görə də, bir gün Avropa İttifaqında olduğu kimi, bütün dünyada sərhədlər şərti olduğu zaman insanlar keçmişdə atılan ekoloji addımlara qiymət verəndə kimlərisə alqışlayacaq, kimlərəsə lənət oxuyacaqlar. Gəlin, elə addımlar ataq ki, həmişə alqışlanaq.

Bu gün Laçın-Xənkəndi yolundakı ekofəal gənc dostlarımız kimi...

Əli CABBAROV,

Naxçıvan Dövlət Universitetinin dosenti.