Dünya azərbaycanlılarının həmrəyliyi möhkəmlənir
Diaspora

Dünya azərbaycanlılarının həmrəyliyi möhkəmlənir

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyinin banisidir. Həmvətənlərimizin harada məskunlaşmalarından asılı olmayaraq ən mühüm, ən müqəddəs vəzifələrindən biri müstəqil dövlətçiliyimizi qoruyub saxlamaqdan ibarətdir. Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan dövlətinin mövcudluğu, onun demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yolu ilə irəliləməsi yalnız ölkəmizin vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına, onların monolit birliyinə, həmrəyliyinə təkan verir.

Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev dünyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsinə, müstəqil dövlətimizin möhkəmləndirilməsinə mühüm təsir vasitəsi kimi baxırdı. Ulu öndərin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Dünya Azərbaycanlılarının Bakıda keçirilən I Qurultayı xaricdə yaşayan soydaşlarımızın Azərbaycan ətrafında daha sıx birləşməsinə, ən əsası isə Azərbaycanda dövlətçiliyin inkişafına, respublikamızın tərəqqisinə güclü təkan verdi.

Bu günlərdə Türk dünyasının Mədəniyyət Mərkəzi Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi tarixə çevrildi, bütün dünyada yaşayan milyonlarla soydaşlarımız tərəfindən qürur hissi ilə qarşılandı. Qarabağ həsrətli həmvətənlərimiz Zəfər Qurultayında iştirak etdilər.

V Qurultayda 65 ölkədən 400-dən çox diaspor nümayəndələri iştirak edirdi. Qalib xalqın nümayəndələri Şuşada həyatın ən gözəl anlarını yaşayırdılar. Şuşa hər bir azərbaycanlının qürur yeridir.

Qurultayda Prezident İlham Əliyevin proqram xarakterli nitqi həmvətənlərimiz tərəfindən rəğbətlə qarşılandı, milli diasporumuzun təşəkkül tapmasında qarşıda yeni üfüqlər açıldı. Vurğulandı ki, Vətən müharibəsində azərbaycanlılar yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəməmişlər. Diaspor təşkilatları tərəfindən dünyanın 30-a yaxın ölkəsində keçirilən 200-dən çox aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etmişdir.

Qurultay iştirakçılarının nəzərinə çatdırıldı ki, 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, sərkərdəlik məharəti sayəsində Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı, işğal altında olan ərazilərimiz azad olundu.

Ukraynada yaşayan diaspor fəallarından biri kimi bu gün ikiqat fərəh hissi keçirirəm. Şuşa şəhərində keçirilən qurultayda iştirakımdan qürur duyuram. Həm də qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərimə görə "Dostluq" ordeni ilə təltif olundum. Qurultay nümayəndələri Türk dünyasının mədəniyyət mərkəzi olan Şuşadan xoş təəssüratlarla ayrıldılar.

Oleq KRAPİVİN,

Kiyev Azərbaycanlıları Konqresinin sədri, "Dostluq" ordenli.