Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"AL 24": Ermənistanla sülh sazişinin imzalanması üçün şərtlər hazırlanıb

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli telekanallara geniş müsahibəsi xarici medianın diqqət mərkəzində olub.

"AL 24" xəbər saytı paylaşdığı yazıda dövlətimizin başçısının Ermənistan-Azərbaycan münasibətləri haqqında səsləndirdiyi fikirlərin bir hissəsinə yer verib. Xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərin yaradıldığını və sülh mətninin üzərində işlərin fəal getməli olduğunu bildirib. Dövlət başçısı, həmçinin yeni müharibənin olmayacağına əmin olduğunu deyib.

"Caspian News": Azərbaycan və BƏƏ bərpaolunan enerji sahəsində əməkdaşlıq edir

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bərpaolunan enerji sahəsində əməkdaşlığı sürətləndirmək üçün bir sıra sənəd imzalayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında Bakıda keçirilən görüşdə müxtəlif məsələlər ətrafında danışıqlar aparılıb. Qeyd edək ki, bu Şeyx Nəhyanın Cənubi Qafqaza ilk səfəridir.

Görüş zamanı iki tərəf arasında yaşıl enerji üzrə geniş əməkdaşlığın əsas məqsədlərini yenidən müəyyən etmək üçün elektrik enerjisinin ötürülməsi üzrə qarşılıqlı investisiya layihələrini əks etdirən dörd saziş imzalanıb. Yaşıl hidrogen, yaşıl ammonyak, sintetik metan, davamlı aviasiya yanacağı istehsalı və yaşıl enerjinin ixracı sahəsində əməkdaşlıq və investisiya imkanlarının birgə araşdırılmasının vacibliyi vurğulanıb. Qeyd edək ki, BƏƏ 2024-2027-ci illər arasında Azərbaycanda iki günəş və bir külək elektrik stansiyasının tikintisini maliyyələşdirməyə hazırlaşır. Bu yeni elektrik stansiyaları maraqlı tərəflər üçün 1 GVt alternativ enerji potensialını əldə etməyə imkan verəcək.

"Trading view": BP 2023-cü ildə Azərbaycanda 17,8 milyon ton neft hasil edib

"Trading view" xəbər verir ki, Azərbaycanın Energetika Nazirliyinin açıqlamasına əsasən, BP 2023-cü ildə ölkədə 17,8 milyon metrik ton neft hasil edib.

Qeyd edilib ki, Azərbaycanla BP əlaqələri şirkətin 1992-ci ildə Bakıda ofis açması ilə rəsmiləşib.

Latviya XİN: Latviya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər

11 yanvar 2024-cü il tarixində Latviya Xarici İşlər Nazirliyi katibinin müavini, siyasi direktor Andjey Vilyamson Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov ilə görüşüb. Səfir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik məktubunu təqdim edib.

Bu barədə mfa.gov.lv xəbər saytı məlumat yayıb. Andjey Vilyamson və Elnur Sultanov yaxşı ikitərəfli münasibətləri yüksək qiymətləndirib və Latviya ilə Azərbaycan arasında 2017-ci ildə başlanmış Strateji Tərəfdaşlıq sayəsində müntəzəm siyasi dialoqun davam, iqtisadiyyatda və digər sahələrdə dinamik əməkdaşlığın inkişaf etdirildiyini qeyd ediblər. Latviya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.

"Vestnik Kavkaza": Azərbaycanda yəhudi dini mədəni mərkəzi inşa edilir

Bakıda yəhudi dini mədəniyyət mərkəzi açılacaq. Bu, Azərbaycan multikulturalizm mühitini daha da zənginləşdirəcək.

"Vestnik Kavkaza" xəbər verir ki, bu barədə Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında məlumat verib.

"Azərbaycan Prezidentinin Sərəncamı ilə yəhudi dini mədəni mərkəzi tikilir. Bu, yəhudilər üçün önəmli dəyərdir. Bundan öncə də dağ yəhudiləri üçün ibadət ocağı olan sinaqoq tikilmişdir. Bütün bunlar Azərbaycan dövləti tərəfindən həyata keçirilir", - o qeyd edib.

"Tass": Azərbaycan Rusiyaya 1,5 milyon ədəd yumurta tədarük edib

"Tass" yazır ki, "Yaraq-Kazmalyar" keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 18,63 ton (306 min ədəd) həcmində yumurta göndərilib. 2023-cü ilin noyabrında Rusiya Federasiyasında yumurtanın qiyməti oktyabr ayı ilə müqayisədə 15,07%, ilin əvvəlində isə 36,54% artıb. Dekabrın 24-də Azərbaycan Rusiya Federasiyasına 306 min ədəd yumurtanın üçüncü partiyasını tədarük edib. 36 ton (612 min ədəd) həcmində ilk tədarük dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub.

"Respublika".