DSX: Azərbaycan-İran sərhədini keçməyə cəhd göstərən sərhəd pozucularından biri zərərsizləşdirilib
Digər xəbərlər

DSX: Azərbaycan-İran sərhədini keçməyə cəhd göstərən sərhəd pozucularından biri zərərsizləşdirilib

Dekabrın 7-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkarlanıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb və sərhəd naryadına qarşı odlu silahdan atəş açıb. Sərhəd pozucuları əllərindəki iki bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstəriblər.

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunub və onlardan biri zərərsizləşdirilib. Hazırda həmin sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür. Digər sərhəd pozucusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.

Hadisə yerində aşkarlanmış iki bağlamada 4270 ədəd "Marlboro", "Kent", "More" markalı siqaret qutusunun olması müəyyən edilib.

Baş verən hadisə barədə İran tərəfi məlumatlandırılıb.

DSX-nin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunublar.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti dövlət sərhədinin etibarlı mühafizəsi məqsədilə sərhəd mühafizə və əməliyyat-axtarış tədbirlərini davam etdirir.

AZƏRTAC