Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı
Məlumat

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilməkdədir.

Cari ilin iyun ayının 15-də Neftçala şəhər sakini Babayev Elmar Əlisahib oğluna məxsus “bayda” tipli üzmə vasitəsinin Xızı rayonunun Giləzi qəsəbəsi istiqamətindən dənizə çıxaraq qanunsuz balıq ovu ilə məşğul olması barədə məlumat daxil olmuşdur.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən müvafiq tədbirlər görülmüş, qeyd olunan istiqamətə sərhəd gözətçi gəmiləri göndərilmiş, texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə dənizə çıxan üzmə vasitələrinin hərəkəti nəzarətə götürülmüşdür. 

Dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi təşkil olunaraq  ərazidə əlavə sərhəd heyəti yerləşdirilmiş, qanunsuz olaraq dənizə çıxmış üzmə vasitəsinin aşkar edilərək saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, nəticədə qeyd olunan qayığın dövlət sərhədini pozaraq Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularından 192 mil (355 km) məsafədə Rusiya Federasiyası və 211 mil (390 km) məsafədə Qazaxıstan Respublikasının sektorunda qanunsuz nərə cinsli balıqların ovu ilə məşğul olması müəyyənləşdirilmişdir. 

Əldə edilmiş məlumatlara əsasən Sahil Mühafizəsinin əməliyyat-axtarış qrupu tərəfindən Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında quruda və dənizdə xidmət təşkil edilmişdir.

İyun ayının 19-da saat 21:00 radələrində həmin ərazidə aşkar edilən üzmə vasitəsi 3 nəfər heyət üzvü ilə birlikdə saxlanılmış, qayığa baxış zamanı içərisində ovu qadağan olunmuş ümumi çəkisi 620 kq olan 106 ədəd nərə cinsli balıq aşkar edilmişdir. Saxlanılmış şəxslərin Astara rayon sakini 1976-cı il təvəllüdlü Mirzəyev Bəhruz Abutalıb oğlu, Neftçala rayon sakinləri 1963-cü il təvəllüdlü Əhmədov Raqib Novruz oğlu və 1985-ci il təvəllüdlü Bəxtiyarov Xəyal Fərhad oğlu olmaları müəyyənləşdirilmişdir.

Əməliyyat-axtarış tədbirləri zamanı qayığı sahildə qarşılamağa gəlmiş “Opel Astra” markalı 99-SN-577 və “Zil” markalı 01-BH-619 dövlət nömrə nişanlı avtomobillərdə üzmə vasitəsinin sahibi Babayev Elmar Əlisahib oğlu və digər 3 nəfər - Abşeron rayon sakinləri 1998-ci il təvəllüdlü Mürşüdov Qismət İltifaq oğlu, 1997-ci il təvəllüdlü Müştaqov Fərzalı Növcavan oğlu və 1984-cü il təvəllüdlü İmaniyev Hövsət Pərvaz oğlu da saxlanılmışlar.

Fakt ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları ilə birlikdə əməliyyat-istintaq tədbirləri davam etdirilir.