Cəbrayıl: Əhali bərpa-quruculuq işlərinə cəlb olunur
Region

Cəbrayıl: Əhali bərpa-quruculuq işlərinə cəlb olunur

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda geniş abadlıq-quruculuq işləri aparılır. Rayon sakinləri görülən işlərdə iştirak etmək arzusundadırlar. Bu məqsədlə rayonda əmək yarmarkası keçirilmişdir.

Yarmarka Cəbrayıl Rayon İcra Hakimiyyətinin, "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin və Şirvan-Salyan Regional Məşğulluq filialının birgə iştirakı ilə təşkil olunmuşdu. Əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına əhalinin qayıdışı ilə əlaqədar həyata keçirilən bərpa-quruculuq işlərinə rayon əhalisinin cəlb olunmasıdır.

4 saylı Cəbrayıl qəsəbəsində baş tutan əmək yarmarkasında 240 nəfərə yaxın müxtəlif ixtisas və peşəyə yiyələnmiş Cəbrayıl rayon sakini qeydiyyatdan keçib. Qeydiyyatdan keçən rayon sakinləri Cəbrayıl rayonunun ərazisində inşa olunan məktəb, xəstəxana və digər tikinti sahələrində çalışmaq arzusunda olduqlarını bildiriblər.

Tofiq HÜSEYN,

"Respublika".