Qəlblərdə yaşayan igid
Region

Qəlblərdə yaşayan igid

Vüsal Kazımov. İndi bu ad Lənkəranda hər kəsin dilində daha da qürurlu səslənir. Şəhid baş leytenant Vüsal Kazımov İkinci Qarabağ müharibəsində canını qurban verməklə bu ucalığı qazanıbdır.

Qəhrəmanın anım günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhid ailə üzvləri və ictimaiyyətin nümayəndələri elin qəhrəman oğlunun Yuxarı Nüvədi kəndindəki məzarını ziyarət edib, üzərinə tər güllər düzüblər. İcra başçısı şəhidimizin ailə üzvləri ilə söhbət zamanı qayğı və ehtiyaclarını öyrənib. Bildirib ki, Vətənə bağlı ömürlər unudulmur və hər zaman insanların qəlblərində olur. Onların həm də gələcək nəsillər arasında təbliği dövlətin diqqət mərkəzindədir. Dediyim istiqamətdə addımlar atılır, proses dövlət başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətindədir. Yenidən bir qrup vətəndaşımız İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə orden və medallarla təltif olundu. Vüsal Kazımovun da ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülməsi Ali Baş Komandanın şəhidlərə verdiyi yüksək dəyərin təzahürüdür. Vüsal kimi qəhrəmanlarla fəxr edirik.

Şəhid atası Kamran Kazımov övladının təltif olunduğu "Vətən uğrunda", "İgidliyə görə", Xocavəndin, Füzulinin azad olunmasına görə medallarına 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninin əlavə edilməsi, şəhid ailələrinə xüsusi ehtiram və diqqət göstərməsinə görə Ali Baş Komandan cənab İlham Əliyevə xüsusi razılığını söyləyib, Vətən torpaqlarının azadlığında övladının payı olduğuna, onun başını hər zaman uca etdiyinə görə qürur duyduğunu vurğulayıb: "Şəhid yadigarları bu torpaqlarda hər zaman vüqarlı, başıuca yaşayacaq, fəxr edəcəklər qəhrəman ataları var. Əminəm ki, dövlətimiz, xalqımız var olduqca Vətən naminə canından keçən şəhidlərimiz əsla unudulmayacaq".

Vüsalın iki yadigarı qalıbdır. Vətən müharibəsinə yola düşəndə yeni doğulan Aynurun indi 2 yaşı var, böyük qızı Nuray isə 8 yaşındadır. Hər dəfə atalarının şəkillərinə baxanda öz uşaq dünyasında sanki ilahi bir sevginin qanadlarında göydəki ən parlaq ulduzlara doğru uçmaq istəyirlər...

Zəfər ORUCOĞLU.