Çağdaş dövrün novator siyasi lideri
Siyasət

Çağdaş dövrün novator siyasi lideri

Bəşəriyyətin təkamül prosesində siyasi liderlərin nə kimi mühüm rol oynaması tarixdən bəllidir. Strateq rolunu üzərinə götürən siyasi liderlər xalqın düşüncə və ideologiyasına güclü təsir edən, onun yaddaşında mövcud olanları qabarıq şəkildə üzə çıxaran, zəmanəsinin dumanlı fikir və ideyalarını aydın və dəqiq ifadə edənlərdir. Siyasətçilər xalqın güclü və zəif cəhətlərini, həqiqət haqqında anlayışlarını, ona sədaqətlərini nəzərə alan, öz peşələrində sırf şəxsi prinsiplərindən vaz keçməyi bacaran konstruktiv adamların xüsusi bir zümrəsidir. Yəni nadir kateqoriyaya mənsub olan siyasi liderlər hakimiyyətdən özləri üçün yox, yaratdıqları əqidə naminə istifadə etməklə işləməkdən zövq alırlar. Beynəlxalq səviyyəli görkəmli liderlər yalnız o vaxt həmin zirvəyə çata bilirlər ki,  onlar savadlı, öz orijinallığı ilə fərqlənən, doğma ölkəsini uğura və inkişafa aparan yolları aydın görən bəşər övladı, alovlu vətənpərvər olsunlar. Zəmanəsinin, tarixin fövqünə yüksəldikcə, biliklərin, hədəflərin, məqsədlərin son dərəcə universal, ali səviyyəsini müəyyənləşdirsin və bütün bunlar özündən sonra gələn  liderlər üçün də zərurətə çevrilsin.

Liderin məhsuldar proqramı, öncəgörmə intuisiyası, hissetmə qabiliyyəti yüksək olduqca fəaliyyət əmsalı artır və onun hərəkətlərində gələcək hadisələrin əks-sədası görünür.  Məhz bu baxımdan ulu öndər siyasətdə çox parlaq, ölkəmizin, xalqımızın gələcəyi haqqında konstruktiv ideyalarla zəngin müqəddəs amallar uğrunda xalqın önündə ümummilli maraqları  naminə onunla birlikdə gedən şəxsiyyət idi. Heydər Əliyevin liderlik konsepsiyası o qədər parlaq, müstəqil və güclü idi ki, onun siyasət və psixologiyası ölkəmizin siyasət və psixologiyasına çevrildi. Daha dəqiq desək, ölkənin siyasəti onun şəxsiyyətində təcəssüm tapdı.

İntellekt və hakimiyyət

Bu iki məfhumun birgə mövcudluğu, həmrəyliyi şəraitində xalqın dəstəyi, sevgisi yüksək olur, düzgünlük, sadəlik kimi əlavə keyfiyyətlər də lideri daha cəlbedici edir. Tarixdə buna nümunələr də mövcuddur - Məhəmməd peyğəmbər (s), Xətai. Həmin dövrlərdə insanlar yeni ruh yüksəkliyinə nail oldular.

Belə bir fikir də mövcuddur ki, bilik, intellekt - hakimiyyət deməkdir. Buna görə də biliklər sistemi hakimiyyət üçün yeni imkanlar yaranmasında təzahür edir. Harada imkan varsa, bu, hərəkət deməkdir. Nəticədə isə yeni keyfiyyət yaranır. Beləliklə, fəlsəfi anlayışda bir qədər modernizə olunmuş formul alınır: "İmkan-hərəkət-yeni keyfiyyət". Bunları ayrılıqda nəzərdən keçirək. Ümumiyyətlə, "imkan" anlayışı bizim düşüncəmizdə xüsusi rola və çəkiyə malikdir. Ümummilli imkanların tərkibi, xüsusiyyətləri barədə mülahizələrin mahiyyətinə varmadan deməliyik ki, şəxsiyyət - həmişə imkan deməkdir. Çünki bu və ya digər konstruktiv ideyalar siyasətçi liderin konkret fəaliyyətində öz əksini tapmaqla xalqın düşüncə tərzinə təsir imkanıdır. Bəzən tarixi şəxsiyyətlərin ictimai şüura təsiri ilə sivilizasiyada dönüş baş verir. Məhz həmin tarixi şəxsiyyətlər insanların fikir və düşüncələrini aşkara çıxarmaqla onları dəqiq formalaşdırır və dövrünün ideyası şəklində təqdim edir. Həmçinin ideyalardan daha çox, onların həyata keçirilməsi metodlarına diqqət yetirirlər. Konkret desək, söhbət söz və əməlin vəhdətindən gedir. Nəsirəddin Tusi yazırdı: "Kimdə bu iki fəzilətin hər ikisi varsa, o, ən müdrik insan, ən kamil alim hesab edilər, onun yeri bəşər övladının tuta biləcəyi ən yüksək mövqeyin fövqündə olar".

Şərq dünyasında əxlaq və mərifət, Qərbdə isə nəzəri biliklər və praktika kimi şərh olunan bu məsələlər siyasətçilərə də aid edilə bilər. Onlar qarşıya qoyulan uzunmüddətli məqsəd və vəzifələri müəyyənləşdirir, heç vaxt bu kontekstdə qarışıqlığa və detalların dolaşıqlığına yol vermirlər. Mühakimələri konkret səciyyə daşımaqla praktik xüsusiyyət üstünlük təşkil edir. Öz intellektual səviyyələri, taktiki gedişləri, hərəkətləri və s. ilə fərqlənən görkəmli siyasətçilər üçün ümumiləşmiş sosioloji formul mövcuddur: Dövlət xadimi+qeyri-adi insan+nəzərəçarpan fikir və mülahizələr.  Qeyri-adi, unikal bir şəxsiyyət olan Heydər Əliyevin həyati və əməli fəaliyyəti o dərəcədə önəmli və örnəkdir ki, onun hər bir məqamının xüsusi şərhə və işıqlandırılmasına ciddi ehtiyac var. Eyni zamanda ulu öndər fenomeninin şəxsi həyatdan, siyasi fəaliyyətdən kənara çıxan başqa aspektləri də mövcuddur. Onlardan biri də xalqın maarifləndirilməsini dövlət quruculuğunun mühüm atributlarından hesab etməsi idi. O, heç vaxt xalqın istəyindən kənar qərarlar qəbul etmir, dövlətin də xalqla birlikdə inkişafına üstünlük verirdi. ABŞ-ın sabiq prezidenti Franklin Ruzveltin "xalqın tərbiyə olunması dövlət xadiminin ən ali vəzifəsidir" fikri də bunu təsdiq edir.

Ulu öndər Heydər Əliyev konkret hadisə ilə əlaqədar danışarkən hadisənin çərçivəsindən kənara çıxar, bütövlükdə bu qəbildən olan hadisələri ümumiləşmiş tendensiyalar, meyillər kontekstində nəzərdən keçirməklə nəzəri fikirlər söyləyərdi. Öz fəaliyyətində ictimai-tarixi zərurətdən çıxış edən belə şəxsiyyətlərin ideyaları, məqsədləri ən ümumilik, zərurilik məziyyətlərinə malikdir. Görkəmli mütəfəkkir və filosof Hegel də "Tarix fəlsəfəsi" əsərində belə adamları dünya miqyaslı tarixi şəxsiyyət adlandırır. Məhz belə şəxsiyyətlər həlledici məqamlarda öncəgörmə, qeyri-adi intuisiya qabiliyyətinə və rasional düşüncəsinə əsaslanıb unikal, fövqəl qərarlar qəbul edə bilirlər.  Yüksək inkişaf tempi, innovasiyalılığı ilə səciyyələnən, texnologiya əsri hesab edilən yaşadığımız əsr - postsənaye və ya informasiya dövrü xüsusilə əhəmiyyətli və düzgün qərarlar verməyi, seçim etməyi tələb edir.

 

Ümummilli lider – Ata xeyir-duası, inam, etimadı

2003-cü ilin oktyabrında növbəti prezident  seçkilərindən bir müddət əvvəl ulu öndərin öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürməsi belə qərarlardan idi. Ümummilli liderin Azərbaycan Respublikasına bütövlükdə  rəhbərliyinin 34, müstəqil Azərbaycan dövlətinə rəhbərliyinin 10 ilində xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən bir çox məsələlər həll edilmişdi. Bu seçim ulu öndər tərəfindən başlanmış işlərin davamı və digər məsələlərin  həlli üçün imkan yaratmalı idi. Bu səbəbdən də yalnız iqtisadiyyatı dinamik inkişaf edən, ictimai-siyasi sabitliyə, milli birliyə malik güclü dövlət təsisatları olan müstəqil dövlətlə digər məsələləri, həmçinin ərazi bütövlüyünü həll etməyə əmin olan ümummilli liderin prezident seçkilərindən əvvəl həmvətənlərinə müraciətində deyilirdi: "Qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Prezident İlham Əliyev ötən dövrdə strateji hədəfləri dəqiq müəyyənləşdirməklə, cəmiyyəti sıx birləşdirən proqramlar hazırlamaqla onun uğurlu icrasını və həyata keçirilməsini təmin etməyi bacaran uzaqgörən siyasi xadim, həqiqi liderdir.

Bu, əsl valideyn xeyir-duası, ata inamı və etimadı idi. Varisin həll edəcəyi məsələlər isə çoxfunksiyalı, regional-qlobal miqyaslı olmaqla geniş və əhatəli idi. Xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən məsələlərin həlli davam etdirilməli idi. Belə ki, ilk növbədə, dövlət müstəqilliyi daha da möhkəmləndirilməklə dönməzliyi təmin edilməli, dövlətin yaşam qayəsini təşkil edən, yenidən qurulmuş iqtisadiyyatın artımının yüksək tempi təmin edilməli, yeni iş yerləri yaradılmaqla sosial rifah səviyyəsi yüksəldilməli, milli maraqların ödənməsinə yönəlmiş xarici siyasət aparılmalı, ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün Silahlı Qüvvələr modernləşdirilməli, nəhayət, ərazi bütövlüyü bərpa edilməli və digər məsələlər yeni dövlət başçısının qarşısında duran həlli vacib, mürəkkəb vəzifələrdən, hədəflərdən idi.

Heydər Əliyev kimi dünya miqyaslı görkəmli siyasətçidən sonra prezident olan şəxsin mövcud siyasi və sosial-iqtisadi kursu davam etdirməsi üçün müstəsna qabiliyyətə, idarəçilik istedadına, intuisiyaya, diplomatik duyuma malik olması zərurət idi. Söhbət açdığımız həmin dövrdən təxminən 10 il əvvəl məsuliyyətsiz, səriştəsiz, ancaq iddialı və özündən müştəbeh, diletant rəhbərlərin əməlləri sayəsində ölkəmizin necə çətin sosial-iqtisadi və siyasi böhranla üzləşdiyi xaos, hərc-mərclik əksəriyyətin xatirindədir. Bu cəhdlərin gələcəkdə dirçəlməməsi, ölkəmizdə normal əmək ritminin pozulmaması, inamla inkişaf etmək üçün yeni siyasi lider öz nümunəsi ilə quruculuq və vətənpərvərlik ruhu formalaşdırmağı bacarmalı idi. Həmçinin yeni siyasi lider XXI əsrin reallıqları baxımından müasir cəmiyyətin dialektikasını əvvəlki yanaşmalarla deyil, praktik ideyalarla və onların həlli üçün insanları səfərbər edib qəlblərə yol tapmaqla yönləndirməli idi. Mütəfəkkirlərin təbirincə desək, yeni siyasi lider əhalinin əksəriyyəti tərəfindən qəbul ediləndə sosial dəyər kəsb edir. XXI əsrdə dövlətin qarşısında duran keyfiyyətcə yeni məsələləri də yeni siyasi lider həll etməli idi.

Buna görə də xalq 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycanda alternativi olmayan Heydər Əliyev siyasətinə - sabitliyə, inkişafa, quruculuğa səs verməklə öz xilaskarına sadiqliyini nümayiş etdirdi.

 

Qətiyyətli diplomatik vərdişlərə malik görkəmli siyasi xadim

2003-cü ildən ölkəmizdə aparılan siyasətlə Heydər Əliyevin siyasi və sosial-iqtisadi kursu təkmilləşdirildi, onun  reallaşması metodikasında innovativ düzəlişlər edildi.  Andiçmə mərasimində - "Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm" deyən Prezident İlham Əliyevin ötən illərdə bu siyasi kursdan kənara çıxmaması, onu özünün dövlətçilik siyasətinin əsası, təməli hesab etməsi xalqın ümidlərini tamamilə doğrultdu. Nəticədə, keyfiyyətcə yeni sosial-iqtisadi, siyasi mühit yarandı, innovativ texnologiyalar əsasında ölkəmizin modernləşməsinə yönəlik dövlət idarəçiliyinin dürüst sistemi reallaşdırılmağa başladı. Mahiyyət etibarilə güclü ordusu olan, müstəqil xarici siyasət aparan qüdrətli dövlət yaradıldı. Qətiyyətli diplomatik vərdişlərə malik olan Prezident İlham Əliyevə operativ qərarlar qəbul etmək, çoxfunksiyalı idarəçilik, ekstremal vəziyyətlərin nizamlanması modellərini manevrlərlə zamanında tətbiq etmək kimi keyfiyyətlər də xasdır.

İnkişaf etməkdə olan Azərbaycan üçün mühüm məsələlərdən biri də region ölkələri və Avropa ilə qarşılıqlı etimada, tərəfdaşlığa əsaslanan yaxşı münasibətlərin yaradılmasıdır. Ümummilli liderdən əxz etdiyi uzaqgörən siyasi xadim, təcrübəli dövlət başçısı keyfiyyətləri ilə öz ölkəsinin perspektivləri və işıqlı gələcəyi barədə daim düşünən dövlət başçısı bu işin öhdəsindən də layqincə gəlir. Bu səbəbdən də XXI əsrdə tələb olunan  yeni tipli  lider xarakteristikalarına malik Prezident İlham Əliyev haqqında ən qatı, radikal müxalifətçilər belə bu parametrləri, keyfiyyətləri etiraf etmək məcburiyyətindədir. Çünki bütün sınaqlara sinə gərmək, israrlılıq vərdişlərinə malik milli lider olmaq dövlət başçısı olmaqdan dəfələrlə artıqdır. Məhz onun sayəsində tariximizin məsul dövründə müstəqil dövlətin inkişafı təmin edilməklə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid başa çatdırıldı. Burada qurucu fəaliyyətin müxtəlif statistik rəqəmlərlə uğurla həyata keçirilməsini sadalamağa ehtiyac görmürük.

Qeyd edək ki, böhranlı vəziyyətlərdə çıxış  yolu  təklif edən yeni təfəkkürlü liderlərin olmaması ucbatından köhnə metodlarla ölkə böhrandan çıxa bilmir. Məsələn: hazırda Qərb ölkələrində belə Çörçill, de Qoll və b. kimi güclü, yeni strateji ideyalar təklif etməklə onu reallaşdırmağa qabil novator, islahatçı liderlər olmadığından  böhranlı vəziyyətlər yaşanmaqdadır. Görkəmli filosof F.Hegel "Tarix fəlsəfəsi" kitabında yazır: "Böyük insanlar praktiki siyasi xadimlər olublar. Onlar eyni zamanda, işin mahiyyətini, nə etmək və nə vaxt etmək lazım olduğunu başqalarından yaxşı anlayan, düşünən insanlar olublar".

Bu məqamda Prezidentimiz İlham Əliyevin Vətən müharibəsindən əvvəl dediyi bir fikrini xatırlayaq: "Mən bilirəm nəyi nə vaxt etmək lazımdır". Hegelin nəzəri müddəalarının praktik təzahürü aydın sezildiyindən əlavə şərh etmədən deyə bilərik ki, böyük insan, siyasi xadim, fərqli düşüncə sahibi kimi keyfiyyətləri olan cənab İlham Əliyev həm də fitri liderlik istedadına malikdir. Dövlət başçısının lider olması üçün, ilk növbədə, zəka, səriştə, təfəkkür çevikliyi, əzmlə yanaşı, böyük təşkilatçılıq və idarəçilik qabiliyyətləri olmalıdır. Siyasi liderdə əksəriyyətin ideyası və iradəsi birləşir, xalqın gözləntiləri də bu şəxsiyyətdə təcəssüm etməklə ona ehtiyac olur. Rusiya  Prezidenti V.Putinin Prezident İlham Əliyevə xitabən dediyi fikir qeyd etdiklərimizi təsdiq etməklə bu günlə də həmahəng səslənir: "Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmısınız".

Doğrudan da, liderə xas olan imic, qüsursuz nüfuz, kübar davranış, parlaq intellekt, idarəçilik kimi keyfiyyətləri ilə yanaşı, milli mentaliteti qoruyan Prezident İlham Əliyev ölkəmizin siyasi həyatına yenilik, müasirlik, intellektuallıq gətirdi. Bunlarla yanaşı, bəllidir ki, insanın təhsili, mədəni səviyyəsi nə qədər yüksək, mükəmməl olsa, o, bir o qədər polemikaya açıq, düzümlü və tolerant olur. F.Ruzveltin yuxarıda qeyd etdiyimiz fikrinə istinadən deyə bilərik ki, siyasi liderin bir meyarı da vətənpərvər və tərbiyəçi obrazı olduğundan milləti oyatmaq və sıx birləşdirmək qabiliyyətinə malik olmasıdır.

 

Xoşbəxt Vətən övladı

2018-ci ildə cənab İlham Əliyev yenidən ölkə Prezidenti seçiləndən sonra Azərbaycan tarixində xüsusilə fərqli yeni mərhələ başlandı və dövlət başçısının qarşısında duran ən əsas məsələ - xalqımızın illərlə səbirlə gözlədiyi ərazi bütövlüyünün bərpası idi. Bunun üçün ölkə  əhalisini bu cür mürəkkəb və çətin məsələnin həyata keçirilməsinə, mövcud maneələrin aradan qaldırılmasına səfərbər etmək ən mühüm vəzifə idi.

Liderin xalqla bağlılığını, xalqın liderə olan ehtiyacını incəliklərinə  qədər mükəmməl bilən ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazımdır". Ulu öndərdən prinsiplərə sadiqlik, qətiyyət, əzmkarlıq, zəka və s. kimi fitri keyfiyyətləri əxz edən Prezident İlham Əliyev bu məsələdə də əsası Heydər Əliyev tərəfindən qoyulmuş fəaliyyət xəttinə sadiqliyini təsdiq etdi.

Qeyd edək ki, səfərbərlik dedikdə, ilk növbədə, söhbət duyğuların, məqsədlərin, nəzəri və əməli fəaliyyət imkanlarının, bir sözlə, mənəvi-psixoloji enerjinin, yaradıcı potensialın məqsədyönlü surətdə vahid amal ətrafında səfərbər olunmasından gedir. Çünki təkcə hərbi potensialın səfərbərliyi belə müharibə üçün kifayət deyil. Nəzərə alaq ki, iqtisadi, intellektual, mədəni-mənəvi potensialın hərbi potensialdan az əhəmiyyətli olmaması bəllidir. Buna görə də ictimai təşkilatların, mütəxəssislərin, alimlərin, əhalinin bütün təbəqələrinin qüvvəsi səfərbər olunmalıdır.

Qloballaşan dünyanın müasir lideri olan Prezident İlham Əliyev uzun illər həyatın sınaqlarında bərkiyib, mükəmməl idarəçilik məktəbi keçib, irsən qazandığı fitri keyfiyyətləri, istedadlı və iti ağlı ilə bu etalonu, nüfuzu səciyyələndirir.

Məhz 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən hücumlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı başladıldı və Azərbaycan Respublikasında qismən səfərbərlik elan edildi. Neçə illər idi ki, dərin alt qatlarda aparılan bütün atributlara malik səfərbərlik həmin gün elan olunandan sonra qısa müddətdə, cəmi 44 gün ərzində şanlı və tarixi Zəfər qazanmağımız hər kəsə bəllidir. Hazırda dünyanın bir çox iri hərb məktəbləri Azərbaycan Silahlı Qüvvələrinin təcrübəsini öyrənirlər.

Müzəffər Ali Baş Komandan müharibədə bütün nəslin nümayəndələrinin iştirak etdiyini qeyd etməklə bildirmişdir ki, əsas missiyanı mənim dövrümdə yetişən gənclər icra edib. Göründüyü kimi, liderin əsas keyfiyyət xarakteristikalarından olan xalqı səfərbər etmək bacarığı, onu ruhlandırmaq, inamı qazanmaq və s. tamamilə adekvatdır. Yəni Prezident İlham Əliyev ötən dövrdə strateji hədəfləri dəqiq müəyyənləşdirməklə, cəmiyyəti sıx birləşdirən proqramlar hazırlamaqla onun uğurlu icrasını və həyata keçirilməsini təmin etməyi bacaran uzaqgörən siyasi xadim, həqiqi liderdir.

Vətən müharibəsində bu gün bütöv türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinin işğaldan azad olunmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər. Sonra Şəhidlər Xiyabanında oldular. Dövlətimizin başçısı Şəhidlər Xiyabanında xalqımıza müraciətində dedi: "Mən bu gün, eyni zamanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!". Bu, ümummilli liderin, millət ATAsının vəsiyyətini yerinə yetirən övlad xoşbəxtliyi ilə yanaşı,  dünyada geosiyasətin dəyişən xarakterini, həyatın özünün dinamikasını nəzərə alaraq mümkün olmayanı mümkün edən, prosesləri adi şüurun dərk edə bilmədiyi dərin qatlardan idarə edilməsindən əldə olunan nəticəyə parlaq bir nümunədir.

 

Xalqın və dövlətin firavanlığına həsr olunan siyasi fəaliyyət

Qloballaşan dünyanın müasir lideri olan Prezident İlham Əliyev uzun illər həyatın sınaqlarında bərkiyib, mükəmməl idarəçilik məktəbi keçib, irsən qazandığı fitri keyfiyyətləri, istedadlı və iti ağlı ilə bu etalonu, nüfuzu səciyyələndirir. Praktik vərdişlərin, özü də hansı miqyasda, hansı səviyyədə, hansı təhsil və texnoloji vərdişlər bazası ilə formalaşması üçün təkcə istedad yetərli deyil. Ancaq istedadlı insanlarda bu, daha məqsədyönlü və səmərəli olur. Liderlik etalonu olmaq, nüfuz qazanmaq isə birdən-birə olmur, illər, bəzən isə belə şəxsiyyətlərin, siyasi liderlərin yetişməsi üçün əsrlər lazım olur. Tarixi bir rəvayəti xatırlasaq, dediklərimiz daha da aydın olar:

Zəngin bir insan məşhur rəssama çox qiymətli tablo yaratmağı sifariş verir. Əsər hazır olduqdan sonra yüksək zəhməthaqqı müqabilində sifarişçiyə təhvil verilir. Sonradan müəllifi tanıyan, lakin sevməyənlər, onun bədxahları və müxalif olanlardan kimsə sifarişçi olan zəngin adama çatdırır ki, əsər çox qısa müddətdə, bir neçə saata hazırlanmışdır. Bir neçə saatlıq iş üçün belə böyük zəhməthaqqı  verdiyinə təəssüflənən həmin zəngin sifarişçi müəllifə narazılığını bildirməklə bu əsəri yaratmağa nə qədər vaxt sərf etdiyini soruşur. Müəllif: "Otuz il, üstəgəl bir neçə saat", - deyə cavab verir. Zəngin insan cavabdakı eyhamı anlayıb üzr istəyir.

Bu rəvayət sifarişçiyə mətləbi anlatdığı kimi, hamıya da ibrət olmalıdır. Ciddi və qəti qərarlar verilməsi böyük müddət tələb  edən situasiyalarda fitri istedadı və özünəxas intuisiyasına istinadən, nəyi nə zaman etməyi dəqiq bilmək bacarığı hər kəsə nəsib olmadığı kimi, təqlid etmək də mümkün deyil. Bunun üçün illəri arxada qoyan fərqli təcrübə məktəbi keçmək mütləqdir. Vətən müharibəsindəki Qələbəyə qısqanclıqla yanaşanlara, ona qədər görülən işləri, aparılan məqsədyönlü tədbirləri nəzərə almadan əsassız iddialar səsləndirənlərə, qərəzli tənqid etməyə "adətkar" olanlara ən yaxşı cavabdır.

 

Ali məqsədlərə doğru xalqla birlikdə

Prezident İlham Əliyev siyasi lider kimi dünya dövlət başçılarının və beynəlxalq təşkilatların rəhbərlərinin rəğbətini, hörmətini qazanıb. Hətta xarici ölkələrin məşhur siyasətçiləri arasında olan opponentləri belə bunu etiraf etməklə onun xarakterinin şəxsi keyfiyyətlərini xüsusi vurğulayırlar.

Hazırda Azərbaycanın istər iqtisadi, istər etnik, istərsə də dini baxımdan yaxın əhatəsindəki regionun inkişaf yollarının və əsas tendensiyaların müəyyənləşməsində mühüm rol oynaması reallıqdır. Dünyəvi dövlət olmaqla bazar iqtisadiyyatı, demokratik ideyaların daşıyıcısı olan ölkəmiz ciddi və etibarlı tərəfdaş kimi tanınır. Yeni texnologiyaların, elmi nailiyyətlərin tətbiqi, idarəetmənin təkmilləşdirilməsi, istehsalın şaxələndirilməsi və s. amillər hesabına qazanılan hərtərəfli inkişaf inkaredilməzdir.

Artıq beynəlxalq strukturlar tərəfindən qəbul edilən qərarlara yüksək diplomatik duyumla təsir gücü böyük olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir. Ölkəmizdə dövlətlərarası qarşıdurmadan yan keçməklə dayanıqlı sabitliyə nail olunub. Xalqla iqtidarın qarşılıqlı inamı və birliyinə güvənərək qarşıda qoyulan vəzifələrə və  ali hədəflərə nail olunur.

Hümbət MUSAYEV.