Bolqarıstan mətbuatı Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışını geniş işıqlandırıb
Siyasət

Bolqarıstan mətbuatı Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışını geniş işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışı Bolqarıstanın aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən radio və xəbər agentlikləri tərəfindən geniş işıqlandırılıb.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, "İlham Əliyev BMT-də: Ermənistan qəbul etməlidir ki, sülhün alternativi yoxdur", "Azərbaycanın Bolqarıstandakı səfirliyi: Ermənistan başa düşməlidir ki, sülhün alternativi yoxdur" sərlövhəli məqalələrdə və digər materiallarda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışına istinadla Azərbaycanın döyüş meydanında Ermənistanı məğlub etməsi və işğala son qoyması qeyd olunur. Məlumat verilir ki, Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxın müddətdə işğal altında saxlamış Ermənistan bir çox müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törədib.

Bolqarıstan KİV-lərində dərc olunmuş xəbərlərdə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul olunduğu, bu qətnamələrə, eləcə də müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən digər qərarlara Ermənistan tərəfindən məhəl qoyulmadığı bildirilir. Münaqişə ərzində Ermənistanın məqsədinin status-kvonun saxlanılması və işğalın möhkəmləndirilməsi olduğu və həmin qətnamələrin Azərbaycanın özü tərəfindən icra edildiyi vurğulanır.

Dövlətimizin başçısının çıxışına istinadla qeyd olunur ki, Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Münaqişə bitdiyinə görə, Azərbaycan iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə, eləcə də suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh sazişinə dair danışıqlara başlamağa hazır olduğunu bildirib.

Məqalələrdə qeyd olunur ki, Ermənistan regional əməkdaşlıq və qonşulara münasibətdə əsassız və qeyri-qanuni ərazi iddiaları arasında seçim etməlidir. Bu xüsusda dünya birliyi də müsbət rol oynamalı və Ermənistanı sülhün alternativi olmadığına inandırmalıdır.

AZƏRTAC