BÖLGƏ VƏ DÜNYA ÜÇÜN MÜHÜM YOLLAR AZƏRBAYCANDAN KEÇİR
Siyasət

BÖLGƏ VƏ DÜNYA ÜÇÜN MÜHÜM YOLLAR AZƏRBAYCANDAN KEÇİR

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi ölkəmizin geoiqtisadi maraqlarına tam cavab verir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 19 ildə neft sektorundan daxil olan gəlirlərin də bir qismini cəlb etməklə ilk növbədə, ölkəni xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, quru, hava və su nəqliyyatına aid kommunikasiyalar, rabitə-informasiya texnologiyaları modernləşdirilmiş, yenidən qurulmuş və bu proses bu gün də uğurla davam edir. Həmçinin ölkəmizin üç telekommunikasiya peyki - "Azərspace-1", "Azersky" və "Azərspace-2" orbitə çıxarılmış, Xəzər dənizinin dibi ilə Avropanı Asiya ilə birləşdirəcək kommunikasiya vasitələrinin çəkilişinə start verilmişdir. Xüsusən də, Müzəffər Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər, postmüharibə dövründə azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işlərinin tərkib hissəsi kimi Azərbaycanın regional və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizi qısa müddətdə Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevrilməsini, mövqelərinin əhəmiyyətli dərəcədə gücləndirilməsini şərtləndirmişdir.

Strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlər boyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaratmışdır. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident cənab İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək, ötən illər ərzində bundan həm yeni neft strategiyasının, həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində milli maraqlarımıza xidmət edən başlıca amil kimi məharətlə istifadə etmişlər. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.

Postmüharibə dövründə Azərbaycanın yürütdüyü xarici siyasət, regionda həyata keçirilən infrastruktur layihələrin icrası ölkəmizi regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Yaranan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin iştirakçısı qismində ölkəmizin əlverişli tranzit imkanlarından geniş istifadə edilməsi üçün Azərbaycan regiondakı geosiyasi mövqeyinə mühüm təsir göstərən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı mühüm addımlar atıb. Xüsusilə, Şimal-Cənub nəqliyyat dəhlizi əhəmiyyətli nəqliyyat dəhlizi olmaqla yanaşı, iştirakçılara üstünlük faizi vəd edir.

Tarixi Zəfərindən dərhal sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr sübut etdi ki, məqsəd təkcə torpaqları azad etmək deyil, onlara "yeni nəfəs" vermək, həmin ərazilərin bərpası ilə yanaşı, inkişaf etdirilməsidir. Sözsüz ki, münaqişənin həlli ümumilikdə regionun inkişafına təsir göstərəcək nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdı.

Regionda davamlı sülhün bərpasına və region dövlələrinin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək bu nəqliyyat layihələrinin gələcək təhlükəsizliyi üçün Ermənistana 5 əsas prinsip ilə sülh sazişi təqdim edən Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısı qismində çıxış etməsinə baxmayaraq, qarşı tərəfin vaxtaşırı təxribatları və sülh prosesini pozmaq cəhdləri ilə üzləşir. Ermənistanın bu təxribatları regionda sülhün təmin edilməsinə maneçilik törədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən Sammitində çıxışı zamanı Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdıraraq bir çox mühüm məsələlər barədə Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini açıqladı ki, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanı daha bir beynəlxalq layihənin əsas iştirakçısına çevirməklə bir ölkə olaraq beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət etmiş olacaqdır. Dövlət başçısı cənab İlham Əliyevin bu qətiyyətli və geniş əhatəli çıxışı bir daha haqlı mövqeyimizi dünya ictimaiyyətinə çatdırdı.

Sirr deyil ki, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi siyasəti dövlətimizin 1993-cü ildən xarici iqtisadi və geosiyasi əlaqələr sahəsində həyata keçirdiyi iki əsas strateji xətdən biri olmuşdur. Dünyanın aparıcı beyin mərkəzləri bu prosesdə Azərbaycanın fəaliyyətində müşahidə olunan bir neçə mühüm istiqaməti xüsusi qeyd edirlər. Bunların sırasında Avropa, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionları arasında iqtisadi, ticari, nəqliyyat və logistika əlaqələrinin inkişafı, Çin və Avropa İttifaqı arasında ən qısa quru yolu üzərində qurulan multimodal dəhlizinin inkişafı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qurulması, Böyük İpək Yolu çərçivəsində tranzit yüklərin cəlb edilməsi, logistika və ticarət infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və tənzimləyici stimullar sayəsində regionda bu sahə üzrə Azərbaycanın daha cəlbedici qovşaq olması xüsusi yer tutur. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və TASİM layihələri vasitəsilə Böyük İpək Yolunun rəqəmsallaşdırılması, müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsi, yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasəti və s. mühüm önəm kəsb edir.

XX əsrin son onilliyində Avropa İttifaqının maliyyə yardımı, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi səyi ilə reallaşdırılan "İpək Yolu" (TRASEKA) layihəsinə əlavə dəstək olaraq, Azərbaycanın təşəbbüsü və liderliyi ilə inşa olunan, 2017-ci il oktyabrın 30-da istismara buraxılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini birləşdirmiş, bununla da qədim İpək Yolunun polad magistrallar üzərində bərpası işi başa çatdırılmışdır.

Əsas qayəsi regionda və dünyada iqtisadi əlaqələrə, rifaha, sülhə, sabitlik və təhlükəsizliyə xidmət etmək olan BTQ vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunmuş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, bu ərazidə yaradılmış Azad Ticarət Zonası və s. mühüm infrastruktur layihələri Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi rol oynamışdır. Azad Ticarət Zonası yaxın gələcəkdə beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, həm də yerli istehsalın təşviqi, "Made in Azerbaijan" brendinin dünya üzrə tanınmasına müstəsna xidmət göstərəcəkdir. Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır. Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən "İpək Yolu İqtisadi Kəməri" layihəsinin fəal iştirakçısıdır. 2015-ci ilin dekabrında dövlət başçımızın Çinə səfəri çərçivəsində "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.

Azərbaycanın üçüncü minilliyin əvvəlindən xüsusi maraq göstərdiyi, son illərdə fəal şəkildə qoşulduğu və bundan sonra funksionallığı ciddi şəkildə yüksələn bir transmilli nəqliyyat layihəsi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi hesab olunur. Azərbaycan Respublikasının Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulması təşəbbüsü də ümummilli lider Heydər Əliyevə məxsusdur. Məhz onun razılığı əsasında 2001-ci ildən başlayaraq Azərbaycan Respublikasını təmsil edən nümayəndələr Rusiya və İranın müvafiq qurumları ilə bu istiqamətdə müzakirələrə qoşulmuşlar. 2004-cü il mayın 19-21-də isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan nümayəndə heyəti Moskva şəhərində keçirilən Rusiya və İran dəmir yolu rəhbərlərinin müşavirəsinə qatılmış və üçtərəfli razılığa müvafiq olaraq Şimal-Cənub nəqliyyat dəhlizi üzrə Beynəlxalq Konsorsiumun yaradılmasında iştirak etmişdir. Sonrakı dövrdə hər üç ölkənin dəmir yollarına tranzit yük axınının cəlb edilməsi, birgə layihə-axtarış işlərinin görülməsi, ümumi məsələlərin və birgə işlərin əlaqələndirilməsi istiqamətindəki fəaliyyəti təmin olunmuşdur.

Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə özünün region dövlətləri ilə quru sərhədinin əlverişli coğrafi xarakteristikasından səmərəli istifadə edərək üçtərəfli regional əməkdaşlığı inkişaf etdirmək və mövcud şəraitdən bəhrələnərək yeni-yeni dividendlər əldə etmək istəyir. Bundan başqa, Azərbaycan gələcəkdə bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və kommunikasiyalarını da işə salmaqla Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur.

Emin QASIMOV,

"Respublika".