BİR MƏKTƏBDƏ İKİ SİNFİN BÜTÜN MƏZUNLARI TƏLƏBƏ ADINI QAZANIB
Elm və təhsil

BİR MƏKTƏBDƏ İKİ SİNFİN BÜTÜN MƏZUNLARI TƏLƏBƏ ADINI QAZANIB

Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbin builki məzunları yeni bir uğura, yüksəlişə imza atıblar. Məktəbin üç təmayüllü sinfini bitirən 48 məzundan 46-sı respublikamızın ali təhsil müəssisələrinə qəbul olunub. Sevindirici haldır ki, XI “a” texniki və təbiət təmayüllü, XI “b” humanitar, riyaziyyat və iqtisadiyyat təmayüllü siniflərin məzunları 100 faiz nəticə göstərərək ölkəmizin nüfuzlu ali təhsil ocaqlarının tələbəsi adına layiq görülüblər.

Məktəbin direktoru, respublikanın qabaqcıl təhsil işçisi Xədicə Əliyeva bildirir ki, təhsil ocağında 650 şagird oxuyur. Şagirdlərin təlim-tərbiyəsi ilə 58 müəllim məşğul olur. 2018-2019-cu tədris ilindən etibarən məktəbdə təmayüllü siniflər fəaliyyət göstərir. Bu il məktəbi 7 nəfər fərqlənmə attestatı ilə bitirib.

Məzunlar ənənəyə sadiq qalaraq əvvəlki ilin uğurlarını daha yüksək səviyyədə davam etdiriblər. XI “a” texniki və təbiət təmayüllü sinfi bitirən 18 nəfərin hamısı, XI “b” humanitar, riyaziyyat və iqtisadiyyat təmayüllü sinfi bitirənlərin də hamısı - 17-si, XI “c” riyaziyyat və iqtisadiyyat təmayüllü sinfində 17 məzundan 15-i buraxılış və qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanıblar.

Məzunların qazandığı uğurlarda pedaqoji kollektivin səyini, əzmkarlığını, fədakarlığını, müəllim-şagird-valideyn əməkdaşlığının düzgün qurulmasının əhəmiyyətini xüsusi qeyd etmək istərdim. İmtahanlardan iki məzun 600-dən, 10-u isə 500-dən çox bal toplayıb. Əminəm ki, yeni dərs ilində uğurlarımız davam edəcək və daha yüksək nəticələr qazanacağıq, - deyə məktəbin direktoru bildirdi.

XI “a” sinfinin rəhbəri Cəmilə Səfərova, XI “b” sinfinin rəhbəri Günel Hüseynova söhbət zamanı yetirmələrinin uğurları ilə daha çox sevindiklərini, qürur hissi keçirdiklərini dedilər. Məzunların biliyinə, bacarığına, potensialına inandıqlarını və ali təhsil müəssisələrində də yüksək nəticə qazanacaqlarına əmin olduqlarını söylədilər.

XI “a” sinfinin məzunu Günel Dadaşova məktəb üzrə ən yüksək nəticəyə nail olub. Qəbul və buraxılış imtahanlarında ümumilikdə 638 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi adını qazanıb. Günel IV ixtisas qrupu üzrə hazırlaşdığını, ən böyük arzusuna çatdığını söylədi. Murad Baxşıyev də həkimlik peşəsini seçərək Azərbaycan Tibb Universitetinə qəbul olunub. Hər ikisi sevimli müəllimlərinə, valideynlərinə minnətdarlıqlarını bildirdilər.

Məzunların əksəriyyəti ölkəmizin ən nüfuzlu ali məktəblərində müasir ixtisaslar üzrə təhsil alacaqlar. Onlar savadlı, bilikli, kamil mütəxəssis kimi yetişib doğma Azərbaycanın gələcək inkişafına və tərəqqisinə xidmət etməyi özlərinə şərəfli vətəndaşlıq borcu hesab edirlər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".