DİM dövlət qulluğu üzrə test imtahanları keçirib
Elm və təhsil

DİM dövlət qulluğu üzrə test imtahanları keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 13-də inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçirib.

DİM-dən "Respublika"ya bildirilib ki, dövlət qulluğuna qəbul imtahanı saat 10:00-da başlayıb və üç saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahanların keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 474, BB qrupu üzrə 1556 olmaqla, ümumilikdə 2030 namizədin iştirakı nəzərdə tutulurdu. 

Avqustun 14-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

Bu gün, həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib. AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ona imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Bu imtahanda 88 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1, AB4 altqrupu üzrə 2, AC1 altqrupu üzrə 2, AC2 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 2, BA1 altqrupu üzrə 1, BA2 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 8, BA4 altqrupu üzrə 10 nəfər olmaqla, ümumilikdə 28 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası avqustun 14-16-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri iki gün ərzində elan olunacaq.