Belarus İstintaq Komitəsinin nümayəndə heyətinin iştirakı ilə Azərbaycanın Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının geniş tərkibdə iclası keçirilib
Digər xəbərlər

Belarus İstintaq Komitəsinin nümayəndə heyətinin iştirakı ilə Azərbaycanın Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının geniş tərkibdə iclası keçirilib

Baş prokuror Kamran Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərdə olan Belarus İstintaq Komitəsinin sədri Dmitri Qoranın rəhbərlik etdiyi nümayəndə heyəti hüquq sistemimizə daxil olan müxtəlif dövlət orqanları, eləcə də ölkəmizin aparıcı elm və təhsil müəssisələri, hüquq-mühafizə orqanları akademiyaları nümayəndələrinin təmsil olunduqları Azərbaycan Respublikasının Baş prokuroru yanında məşvərətçi orqan olan Elmi-Məsləhət Şurasının növbəti iclasında iştirak ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror Kamran Əliyev ölkəmizin geosiyasi, diplomatik, hüquqi müstəvidə əldə etdiyi uğurlar, Şuranın fəaliyyəti ilə bağlı qarşıya qoyulan hədəflər, prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin, o cümlədən Belarus İstintaq Komitəsi ilə qurulan səmərəli əməkdaşlığın açdığı yeni imkanlar barədə məlumat verib.

Belarus İstintaq Komitəsinin sədri Dmitri Qora çıxışında hər iki qurum arasında əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətindən razılığını ifadə edərək, istintaq və məhkəmə təcrübəsinə aid aktual hüquqi problemlərin müzakirəsi üçün əlverişli platforma olan Elmi-Məsləhət Şurasının fəaliyyətinə uğurlar arzulayıb.

Sonra yerli və xarici həmkarlar internet şəbəkəsindən istifadə edilməklə törədilən cinayətlərin açılması və araşdırılması ilə bağlı perspektiv istiqamətlər, milli qanunvericilik kontekstində qanunsuz varlanmanın kriminallaşdırılması imkanları, kompüter təhlükəsizliyi sistemi ilə bağlı cinayət və cinayət prosessual qanunvericilikdə yeniliklər, habelə informatorların müdafiəsi ilə bağlı çıxış və təqdimatlar ediblər.

Həmçinin Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış Baş Prokurorluğun Elektron Kitabxanasının təqdimatı həyata keçirilib.

Qeyd edilib ki, Elektron Kitabxananın imkanlarından prokurorluq əməkdaşları ilə yanaşı, internet məkanı üzərindən geniş oxucu kütləsi, o cümlədən müxtəlif dövlət orqanları, elm-təhsil müəssisələri əməkdaşları, tələbələr tərəfindən istifadə edilməsi nəzərdə tutulub.

Elektron Kitabxanada nəşrlərin təsnifat bölgüsünün prokurorluğun fəaliyyətinə uyğun olması, nəşrlərin ətraflı axtarış sisteminin olması, yeni nəşr edilmiş və ən çox oxunan nəşrlərin ayrıca təsvir olunması, tərəfdaş kitabxanalara və digər faydalı saytlara keçid üçün linklərin qoyulması bu resursun səmərəliliyini daha da artırmış olur.

Daha sonra Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsi tərəfindən yaradılmış İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalının (İHSAP) təqdimatı keçirilib.

Axtarış Portalında "Qərarlar", "Konvensiyalar", "Ədəbiyyatlar", "Metodiki Sənədlər", "Prokurorluq və insan hüquqları", "Faydalı Məlumatlar" və "Faydalı Linklər" tematikaları üzrə bölmələr müəyyən edilib. Axtarış Portalında həm sözə görə, həm də ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasının maddələri, Avropa Şurasına üzv olan ölkələrin adları, eləcə də xüsusi dairəsi müəyyən edilmiş açar sözlər üzrə axtarış aparılması imkanları da yaradılıb.

Yekunda vahid istintaq və məhkəmə təcrübəsinin formalaşması ilə bağlı müxtəlif hüquqi məsələləri özündə əks etdirən mövzular üzrə Şuranın üzvləri tərəfindən ətraflı və faydalı müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

AZƏRTAC