Baş Prokurorluq yaşıllıqların məhv edilməsi halları ilə bağlı videomüraciət yayıb
Digər xəbərlər

Baş Prokurorluq yaşıllıqların məhv edilməsi halları ilə bağlı videomüraciət yayıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunsuz ağac kəsilməsi, yaşıllıqların məhv edilməsi, meşələrə zərər vurulması halları ilə bağlı videomüraciət yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan videomüraciətdə son dövrlərdə ekoloji tarazlığın pozulmasına yönələn qanunsuz əməllər törədənlərin sayının artması təəssüf hissi ilə qeyd edilib.

Bildirilib ki, əsasən də ağaclara zərər vurulması, yaşıllıqların məhv edilməsi insan sağlamlığı üçün birbaşa təhlükədir. “Təbiətin ağciyərləri” adlandırılan ağaclar təbiətdə oksigen balansının təmin olunmasında əsas rol oynayır.

“Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi zədələnməsi və ya məhv edilməsi İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən inzibati məsuliyyət yaratmaqla 45 min manatadək cərimə ilə nəticələnə bilər.

Qanunsuz ağac kəsmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən cinayət məsuliyyəti yaratmaqla 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə nəticələnə bilər.

Dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Qanunsuz ağac kəsilməsi, yaşıllıqların məhv edilməsi, meşələrə zərər vurulması halları ilə üzləşdikdə dərhal 961 - Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin!”, - deyə müraciətdə qeyd olunub. 

Müraciətdə, həmçinin kanadalı tanınmış alim Hubert Rivzin aşağıdakı sözləri də diqqətə çatdırılıb: “Təbiətə qarşı savaş halındayıq, əgər qalib gəlsək, məğlub olacağıq”.

AZƏRTAC