“Bakı Ağ Şəhər” - paytaxtın yeni müasir mərkəzi
Mədəniyyət

“Bakı Ağ Şəhər” - paytaxtın yeni müasir mərkəzi

Bakının mərkəzinə yaxın ərazidə, “Qara şəhər” adlanan bir məkanda ekoloji təmiz və gözoxşayan yeni yaşayış massivinin yaranacağına bəlkə də heç kim inanmırdı. Bir əsrdən çox müddətdə bu ərazidə müxtəlif neft və kimya müəssisələri fəaliyyət göstərib. Həmin müəssisələrin hisi, tüstüsü və qoxusu bu ərazilərdə yaşayan insanların sağlamlığına mənfi təsir göstərirdi, oradakı yaşıllıqları məhv edirdi.

Şəhərin bu tarixi hissəsini yenidən qurmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu  illər üçün Kompleks Tədbirlər Planı”na əsasən köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilmişdir.

Azərbaycan və onun xalqının parlaq gələcəyini düşünən ulu öndər Heydər Əliyev “Qara şəhər” barədə ona məxsus uzaqgörənliklə demişdi: “Azərbaycanda yüz illərdən bəri “Qara şəhər” adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir”. Ulu öndərin bu arzusu artıq reallaşıb.

24 dekabr 2011-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən müasir dünyanın ən iri və möhtəşəm şəhərsalma layihələrindən biri olan “Bakı Ağ Şəhər”in təməli qoyuldu.

Dövlətimizin başçısı Ağ şəhər barədə demişdir: “İndi bəzilərinin yadından çıxıb ki, biz o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz “Qara şəhər”i  “Ağ şəhər”ə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. “Qara şəhər”i ləğv edib onun yerində ekoloji təmiz şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir”.

İlk neft canlanmasının mirası və uzaq keçmişin şəhərsalma tədbirlərinin  nəticəsi kimi, “Qara şəhər XIX əsrin sonunda Bakının Şərq hissəsində meydana gəlmişdi. Sonradan o, “qara qızıl”ın emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyəti yerinə yetirərək, 100 ildən artıq bir müddətdə  neft sənayesində mühüm rol oynamışdır. Lakin “Qara şəhər”  iqtisadiyyatımıza və neft sənayesinin inkişafına töhfələr verməklə yanaşı, paytaxtın ekoloji mühitini korlayırdı. Torpaqlar neftlə çirklənirdi, eyni zamanda, istehsalat obyektlərinin xaotik şəkildə yerləşdirilməsi, kanalizasiya sisteminin olmaması həmin ərazidə yaranan çirkab və istehsalat tullantılarının birbaşa  Xəzər dənizinə axıdılmasına və digər fəsadlara gətirib çıxarırdı.

“Bakı Ağ Şəhər” layihəsinin Baş planı 10 universal şəhər tipli məhəllənin salınmasını nəzərdə tutur. Onların hər birində sakinlərin yaşaması, işləməsi, istirahəti və əyləncəsi üçün ən yaxşı şəraitin yaradılması planlaşdırılır. Layihə  1650 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin (“Qara şəhər”in) bərpa və inkişafını, həmçinin Bakının yeni müasir yaşayış mərkəzinə çevrilməsini nəzərdə tutur.

Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması prioritetlər sırasındadır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında “Bakı Ağ Şəhər” layihəsini də qeyd edib: “Havanı, ekologiyanı böyük dərəcədə çirkləndirən “Qara şəhər” idi. İndi onun yerində “Ağ şəhər” yerləşir. Bu da böyük şəhərsalma layihəsidir. Yaxın gələcəkdə neftayırma zavodunun  o ərazidən köçürülməsi nəticəsində həm bulvarın uzunluğu artacaq, həm də zavodda ekoloji vəziyyət daha da yaxşılaşacaq”.

Layihə çərçivəsində tikintinin ümumi sahəsi 15 milyon kvadratmetr təşkil edəcəkdir. Bu isə təxminən 120 min yaşayış və xidmət obyekti və 240 min iş yeri deməkdir.

“Bakı Ağ Şəhər” layihəsinin baş məsləhətçisi qismində mühəndis və memarlıq layihələndirilməsi üzrə “Atkins” (Böyük Britaniya) şirkəti çıxış edir. Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi Norman Foster tərəfindən əsası qoyulmuş məşhur “Fosters+Partners” arxitektura bürosu, UN Studio memarlıq və mühəndislik agentliyi və digər tanınmış şirkətlər cəlb olunub.

Buradakı infrastruktur layihələrinin hər birində ekoloji məsələlər nəzərə alınıb, sonrakı fəaliyyətdə ekoloji tarazlığın saxlanılması, xüsusilə yaşıllıq ərazilərinin salınması, maksimum park, ekoloji və estetik görünüş yaradan layihələr icra olunub.

Layihə çərçivəsində 350 hektarlıq landşaft salınması nəzərdə tutulur. Bundan əlavə,  “Bakı Ağ Şəhər” mövcud olan Bulvar xəttini daha 10 kilometr uzatmağa, onu dünyada ən uzun bulvara çevirməyə imkan yaradır. Burada salınan yaşıl istirahət zonalarında və parklarda çinar, zeytun, palma, şam ağacları, sərv və çox sayda yeni ağaclar əkilib. Bakının “üz qarasına” çevrilmiş bir ərazi indi ekoloji təmiz və gözoxşayan bir şəhərə çevrilməkdədir.

Yaşayış rayonu kimi tanınan Yaşıl Ada 7 mərtəbəli Paris üslublu binalardan ibarətdir. Ümumi sahəsi 24 hektar olan Park rayonunda 20 mərtəbəli binalar inşa edilmişdir. Sahənin relyefinə uyğun olaraq amfiteatr üslubunda olan Park rayonundan Dənizkənarı Bulvara və Bayraq Meydanına gözəl mənzərə açılır.

Yeni yollar salınarkən ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 metrə qədər dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materiallarından yol geyiminin əsası inşa olunub. “Bakı Ağ şəhər” ərazisində 22,4 kilometr uzunluğunda, 16-47 metr enində iki, dörd və altı hərəkət zolağından ibarət 63 avtomobil yolunda işlər davam etdirilib. Ümumi uzunluğu 1420 metr olan Birinci Fəvvarələr, Birinci Yaşıl Ada, İkinci Yaşıl Ada, Altıncı Park və Mərkəzi Şərq küçələrində 550 min kubmetr torpaq işi görülüb, 36 min kvadratmetr sahəyə asfalt-beton döşənib, inşaat işlərində 400 min kubmetr karxana materiallarından istifadə edilib, 22 min kvadratmetr səki salınıb, işıq dirəyi quraşdırılıb, yollar boyunca müxtəlif növ ağac əkilib.

Burada layihəyə uyğun olaraq yolaltı infrastruktur işləri - çirkab və yağış suları kollektorları, elektrik xətti, qaz təminatı boruları və İT kanal sistemləri çəkilib. Yeddimərtəbəli binaları əhatə edən küçənin Nobel prospektinə birləşən 90 metrlik hissəsində istinad divarı tikilib. Parkda “Ağ şəhər” layihəsi və ərazinin tarixi olan “Qara şəhər” haqqında məlumatlandırıcı lövhələr, küçə saatı, termometr, xatirə medalyonu quraşdırılıb. Burada 2018-ci ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Daşın nəğməsi” üçüncü Beynəlxalq Heykəltəraşlıq Simpoziumu çərçivəsində təqdim edilmiş heykəl qoyulub.

“Ağ şəhər” layihəsinin elektrik təchizatı üzrə qoyulmuş gücü 250 meqavat təşkil edir və layihə çərçivəsində 110 kilovoltluq, həmçinin 35 kilovoltluq 46 yarımstansiyanın tikintisi nəzərdə tutulur. Azərbaycanda ilk dəfə “Ağ şəhər-2” yarımstansiyasında yanğından mühafizə məqsədilə yanğın transformatorlarından təcrid edilməsi və yanğının anındaca qarşısının alınması üçün avtomatik rejimdə işləyən qurğular quraşdırılıb. Mərtəbələrarası xüsusi kabel keçidləri, həmçinin ehtiyat giriş-çıxışları olan kabel zirzəmisi inşa olunub və xüsusi dispetçer mərkəzi yaradılıb. Yarımstansiya elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib, optik kabel çəkilib və məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub. “Ağ şəhər-2” yarımstansiyasının qidalandırılması üçün “Ağ şəhər-1” yarımstansiyasından 110 kilovoltluq ikidövrəli kabel xətti çəkilib. Bu tip qapalı paylayıcı qurğuların istismar müddəti açıq tipli qurğulardan üç dəfə çox olmaqla, istismarı təhlükəsizdir və mükəmməl şəbəkəyə inteqrasiya ola bilir.

“Ağ şəhər-2” yarımstansiyası vasitəsilə 75 min əhali abonentinin elektrik təchizatı həyata keçiriləcək. Həmçinin ərazidə yeni inşa olunan sosial obyektlər, əyləncə kompleksləri, Ağ şəhər bulvarı, yeni layihələndirilən tikinti obyektləri, yaşayış kompleksləri bu yarımstansiya vasitəsilə təchiz olunacaq. “Ağ şəhər-2” yarımstansiya ilə yanaşı, layihə çərçivəsində “Bakı Ağ Şəhər”də 3510,4 kilovoltluq yeddi yarımstansiya da inşa edilib.

24 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ şəhər-2” və “Bakıxanov” yarımstansiyasının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də “Ağ şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar.

Qara şəhərin tarixi irsinə hörmətlə yanaşaraq, burada XIX əsrdə dünyanın ən qabaqcıl ağ neftin təmizlənməsi qurğuları, XIX əsrin sonları, XX əsrin əvvəllərində neft çənləri əhatə edən istinad divarı və 1890-1940-cı illərdə əhaliyə təmiz suyun paylanmasını təmin edən pavilyon bərpa edilib. XIX əsrə aid olan neft anbarlarını əhatə edən istinad divarları da qorunub saxlanıb, divar boyunca Olimpiya məhəlləsinə piyada keçidi salınıb. Yeni salınan yaşıllıq zolağında parka keçid pilləkənləri kompleksi yaradılıb, layihənin tarixi və göstəriciləri haqqında qranit xatirə daşı qoyulub.

Müasir infrastruktur həm insanların rahatlığı, həm də investisiyaların cəlb edilməsi üçün imkanlar yaradır. Dünyada müasir şəhərsalma tendensiyasını ehtiva edən və tamlığı ilə seçilən “Ağ şəhər” layihəsinin həyata keçirilməsində insan amili əsas meyarlardandır.

Layihənin möhtəşəmliyi və görülmüş işlərin professionallığı Bakının müasir şəhərsalmasının ən son tendensiyalara inteqrasiyasını təmin edir və “Bakı Ağ Şəhər” layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çıxarır. Bu layihənin reallaşdırılması ilə “Qara şəhər”in sənaye siması keçmişdə qalacaq və yerini “Bakı Ağ Şəhər” adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcəkdir.

Kamil İSMAYILOV,

“Respublika”.