Tarix və mədəniyyət abidələrinin bərpası missiyası
Mədəniyyət

Tarix və mədəniyyət abidələrinin bərpası missiyası

Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərimizdə, Qarabağ və Şərqi Zəngəzurda daş salnaməmizin yaşadılması üçün kompleks tədbirlər görür

İşğaldan azad olunmuş ərazilərimizin, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində kompleks tədbirlər görülür. Yalnız dövlətimizin maliyyə imkanları hesabına, heç bir kənar maliyyə dəstəyi olmadan yeni şəhər və kəndlər salınır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun, minlərlə kilometr avtomobil yolunun çəkilməsi, həmçinin abadlıq-quruculuq işləri çərçivəsində icra olunan digər layihələr ölkəmizin gücünü, qüdrətini nümayiş etdirir. İqtisadi imkanlar, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən genişmiqyaslı kompleks tədbirlər sayəsində Azərbaycan bu sınaqların da öhdəsindən layiqincə gəlir. Heydər Əliyev Fondu tərəfindən görülən işləri xüsusi vurğulamaq lazımdır. Belə ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond Qarabağdakı dini abidələrimizin, məscidlərimizin restavrasiyasına başlayıb və burada aparılan digər işlərə mühüm töhfələr verir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri ilə Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr, erməni vandalları tərəfindən dağıdılmış qədim mədəni və dini abidələrimizin sürətlə bərpası istiqamətində görülən misilsiz tədbirlər xalqımız tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Qarabağın mədəniyyət beşiyi hesab edilən Şuşada başlayan mədəni quruculuq işləri digər bölgələrimizdə də davam etdiriləcək. Qısa müddət ərzində Vaqifin məqbərəsi açıldı, büstü qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, abidəsi yenidən qoyuldu. Bülbülün ev – muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə dahi şəxsiyyətlərimiz Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri Şuşanın mərkəzi meydanında qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı, Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı da bərpa olundu. Bütün bu mədəni fəaliyyətin bərpasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Qısa bir müddət ərzində Şuşada "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi.

Hazırda Heydər Əliyev Fondu Şuşada bir sıra tarixi mədəniyyət abidələrimizin, o cümlədən məscidlərin bərpa və tikinti işlərini həyata keçirir. Bərpası başa çatmış Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, Mehmandarovların malikanə kompleksi bu ilin may ayında istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Çöl Qala məscidlərində bərpa işləri və Yeni Şuşa məscidinin tikintisi davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən ən böyük bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər Ağa məscidində aparılır. Aşağı Gövhər Ağa məscidi XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Tarixi mədəniyyət abidəsi olan məscid işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalmışdır. Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparıblar. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Artıq məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib. Məsciddə bərpa-təmir işləri davam edir. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda da məscidlər yenidən qurulur.

“Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. İmarət ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İndi bəziləri gələcək barışıq haqqında danışırlar. Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olarkən söyləyib. Ağdam Cümə məscidi, XVIII əsrə aid Pənah xanın imarəti, Şahbulaq kəndində XVIII əsrə aid iqamətgah, Karvansara və bürc qalaları tarixin Ağdama bəxş etdiyi memarlıq abidələridir.

Qarabağın ürəyi hesab edilən Ağdam və onun ziyarətgahları, tarixi-memarlıq abidələri erməni təcavüzünün qurbanı olub. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində olan digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. Digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Fondun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına mühüm töhfələridir.

Mustafa KAMAL,

“Respublika”.