AzMİU-nun müəllim və tələbələri Qarabağda tikinti-quruculuq layihələrinə cəlb olunacaqlar
Digər xəbərlər

AzMİU-nun müəllim və tələbələri Qarabağda tikinti-quruculuq layihələrinə cəlb olunacaqlar

Dünən Ağdam şəhərindəki Konfrans Mərkəzində Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsinin icraçı direktoru Övsət Həmidov imzalayıblar.

Memorandumda AzMİU müəllimlərinin və tələbələrinin, universitetin Layihə İnstitutunun əməkdaşlarının Qarabağ iqtisadi rayonunun ərazisində böyük həcmli tikinti-quruculuq layihələrinə cəlb olunması, universitetin məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi və digər məsələlər əks olunub.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əməkdaşlığın hər iki qurum və ümumilikdə ölkəmiz üçün əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, işğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri Böyük Qayıdışın tezliklə reallaşacağına inamı daha da artırıb. Rektor vurğulayıb ki, bəzi ölkələrin məsələyə ikili yanaşma sərgiləməsinə rəğmən Prezident İlham Əliyevin siyasi iradəsi və yüksək idarəetmə bacarığı ilə azad olunmuş ərazilərimiz sürətlə bərpa edilir.

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsinin icraçı direktoru Övsət Həmidov hazırda icra edilən və nəzərdə tutulan layihələr haqqında danışaraq, AzMİU ilə əməkdaşlığın önəminə toxunub. Xidmət rəhbəri qeyd edib ki, ölkənin memarlıq və tikinti sahəsi üzrə əsas ali təhsil müəssisəsi ilə əməkdaşlıq azad olunan ərazilərdə işlərin daha da sürətlə həyata keçirilməsinə imkan verəcək.

Daha sonra iki qurumun nümayəndə heyətinin də iştirakı ilə müzakirə aparılıb, memorandumda əks olunan istiqamətlər üzrə görüləcək işlər haqqında fikir mübadiləsi edilib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova jurnalistlərə müsahibəsində əməkdaşlıq memorandumuna böyük əhəmiyyət verdiklərini bildirib: "Bu gün bizim universitetlə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Biz buna çox böyük əhəmiyyət veririk. Bizim bütün professor-müəllim heyətimiz, tələbələrimiz Qarabağın bərpasında iştirak etməyə, əlimizdən gələni etməyə var qüvvəmizlə çalışmağa hazırıq və bunu özümüz üçün böyük şərəf hesab edirik. Müqaviləyə əsasən tələbələrimiz burada təcrübə keçəcəklər. Onlar böyük fərəhlə, məsuliyyət hissi ilə doğma torpaqlarımızın, kəndlərimizin, şəhərlərimizin yenidən qurulmasında iştirak edəcəklər. Gözəl təcrübə toplayacaqlar. Mən əminəm ki, gənc mütəxəssislər bir neçə ildən sonra artıq kamil, hazırlıqlı mütəxəssislər kimi bütün ölkəmizin inşaat meydançalarında, layihə institutlarında çalışacaqlar və universitetimizin adını yüksəklərə qaldıracaqlar".

Ülvi QARAYEV,

“Respublika”.