Azərbaycanın iqtisadi gücü - Zəngəzur dəhlizi
İQTİSADİYYAT

Azərbaycanın iqtisadi gücü - Zəngəzur dəhlizi

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi dünya hərb tarixinə qızıl hərflərlə yazılmış və xalqımızın tarixində şanlı bir iz qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar düşmənə unuda bilməyəcəyi dərs verdi. Şuşanın azad olunmasından sonra məğlubiyyəti ilə üzləşməli olan Ermənistan hərb meydanında rəzil vəziyyətə düşdü. 2020-ci il 10 noyabr Bəyanatı düşmənin məğlubiyyətini rəsmi olaraq təsdiqləməklə bir neçə mühüm siyasi məqamları da dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Belə ki, ilk növbədə Azərbaycan BMT Təhlükəsizlik Şurasının icra olunmayan qətnamələrini yerinə yetirmiş oldu. Bundan başqa, Ağdam, Kəlbəcər və Laçın rayonlarının hərbi əməliyyatlar keçirilmədən boşaldılması Azərbaycanın humanizm prinsiplərinə sadiqliyini bir daha təsdiqlədi.

Ölkəmizin 44 günlük müharibədəki zəfərinin hüquqi təsdiqi və işğalçının kapitulyasiyası olan üçtərəfli Bəyanat yalnız Azərbaycanın deyil, bütövlükdə regionun gələcək siyasi, iqtisadi inkişafı üçün mühüm faktora çevrildi. Ölkə başçımızın 2022-ci il iyun ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışı Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha təsdiqlədi. Sözügedən dəhlizin açılması ilə kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionlar birləşəcək. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulmuş və uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilmişdir. Hazırda yolun inşası beynəlxalq magistral normalara uyğun olaraq davam etdirilir. Yolun ilk 77,5 kilometrlik hissəsi 6, qalan 46,1 kilometrlik hissəsi isə 4 hərəkət zolağından ibarətdir. Bunlara müvafiq olan yol yatağının eni isə 29,5 və 21,5 metrdir. Demək olar ki, sözügedən layihə üzrə işlərin artıq 60 faizə qədəri yerinə yetirilib. İşlərin 2024-cü ildə yekunlaşacağı planlaşdırılır. Məlum olduğu kimi, Prezident İlham Əliyev bu il fevralın 17-də Münxendə keçirilən Təhlükəsizlik konfransında iştirakı zamanı televiziya kanallarına verdiyi açıqlamasında Zəngəzur dəhlizi və Laçın yolu ilə bağlı məsələlərə də toxunmuşdur: "…Biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır".

Qeyd edək ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə ölkəmiz regionun əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək. Bundan başqa, Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin formalaşdırılması prosesində də yaxından iştirak edərək həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına maliyyə dəstəyi göstərir. Zəngəzur dəhlizi Naxçıvanın həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Türk dünyası uzun müddətdən sonra yenidən məhz bu dəhliz vasitəsilə birləşəcək. Təxminən 100 ildən sonra türk dövlətləri arasında belə bir bağlantının yaranması isə çox mühüm hadisə hesab olunur.

Nəzrin ELDARQIZI,

"Respublika".