Azərbaycanın Davos Forumunda əhəmiyyətli yeri
Siyasət

Azərbaycanın Davos Forumunda əhəmiyyətli yeri

Azərbaycan qərb ölkələri ilə də iqtisadi-siyasi münasibətlərini möhkəm təməllər üzərində qurur. Dövlət başçısı İlham Əliyevin yanvarın 17-də Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri baş tutmuşdur. Yanvarın 21-nə kimi davam edən Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən artıq nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edib. Prezident İlham Əliyev işgüzar səfər çərçivəsində bir sıra ölkələrin prezidentləri, dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı faydalı əməkdaşlığa dair müzakirələr aparmışdır. İqtisadi imkanların, əlverişli biznes mühitinin təşviqində mühüm uğurlu platforma kimi tanınan Davos İqtisadi Forumunda dövlətimizin başçısının məhsuldar görüşləri, forumun tədbirlərində çıxışları ölkəmiz üçün son dərəcə vacibdir.

Prezident İlham Əliyev yanvarın 18-də Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında iştirak edib. İclasda Orta Dəhlizin üstünlüklərindən danışan dövlət başçısı bu nəhəng layihənin iştirakçıları olan ölkələr arasında əlverişli münasibətlərin mövcudluğunu vurğulayıb, Orta Dəhliz və Şimal-Cənub marşrutu üzərində yerləşən ölkəmizdə əlavə biznes imkanlarının yaradıldığını və tezliklə Bakıda dəniz limanının yaxınlığında azad zonanın açılacağını qeyd edib. Eyni zamanda, Azərbaycanın bütün zəruri infrastruktur obyektlərinin daha çox yük qəbul etməyə hazır olduğunu və yükdaşıma qabiliyyəti 15 milyon ton olan dəniz limanının 25 milyon tona qədər genişlənməsi istiqamətində vəsaitin ayrıldığını bildirib. Bununla əlaqədar hazırda Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən isə neftin tranzitini təkcə Türkmənistandan deyil, Qazaxıstandan da həyata keçirilməsinə başlanılıb.

Bugünkü reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi işlər aparılır. Xüsusilə də, nəqliyyat sahəsinin genişlənməsi ölkənin ixrac imkanlarını daha da artırır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin təşəbbüskarı və əsas nəqliyyat-logistika qovşaqlarından biridir. Bu baxımdan, Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti var.

Davos Forumunda dünyanın aparıcı daşınma və logistika şirkətləri də təmsil olunurdular. Bu iri şirkətlərin nümayəndələrinin xüsusi vurğuladığı məqam ondan ibarətdir ki, Ukraynada davam edən müharibə səbəbindən dünya ticarət sistemi nəqliyyat və logistika baxımından ciddi problemlərlə üz-üzədir. Bu xüsusda, Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyəti daha da artmaqdadır.

Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bu rolun artan istiqamətdə davam etməsi Avropa İttifaqı rəsmiləri tərəfindən xüsusilə vurğulanıb. Azərbaycan zəngin enerji ehtiyatlarına, yanacaq və enerji infrastrukturuna, enerji sisteminə malik ölkədir. Davos görüşündə bu məsələyə toxunan Prezident İlham Əliyev deyib: "Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar".

 Davos Forumu Azərbaycan üçün olduqca uğurlu olub. Beynəlxalq ictimaiyyət Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına bir daha əmin oldu. Beləliklə, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, regionda söz sahibi olması dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən yüksək qiymətləndirilir.

Ramidə YAQUBQIZI,

"Respublika".