Azərbaycanın beynəlxalq nüfuzu artır
İQTİSADİYYAT

Azərbaycanın beynəlxalq nüfuzu artır

Region və dünya üçün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin həyata  keçirilməsi bu mənada həlledici rol oynayır

Enerji təhlükəsizliyi dünya birliyinə üzv ölkələrin ən mühüm məsələlərindən birinə çevrilib. Bu,  bir sıra hallarda beynəlxalq aləmdə cərəyan edən siyasi prosesləri müəyyənləşdirir. Azərbaycanda da bu amilə mühüm önəm verilir və ölkəmiz enerji layihələrini tərəfdaşları ilə birlikdə uğurla həyata keçirir. Enerji sahəsində Azərbaycan postsovet məkanında Qərb ilə əməkdaşlıq edən ən nüfuzlu dövlətdir. Məhz buna görə də Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz boru kəməri kimi regional layihələrin uğurla reallaşdırılması dünyada Cənubi Qafqaz regionunun əhəmiyyətini artırıb, qlobal enerji təhlükəsizliyinə mühüm  töhfə verib, Avropa üçün yeni həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoyub.

Ümumiyyətlə,  karbohidrogen ehtiyatları ilə strateji-coğrafi mövqedə yerləşməsi ölkəmizi əhəmiyyətli enerji mənbəyinə və beynəlxalq əhəmiyyətli enerji təchizatı sisteminin vacib tərkib hissəsinə çevirib. Bu gün Azərbaycan dünyaya sübut edir ki, gələcəyini özü müəyyənləşdirir.

Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın önəmi artmaqdadır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin uğurlu icrası, yeni-yeni layihələrin gündəmə gətirilməsi bu önəmi daha da diqqətçəkən edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında həlledici rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub Qaz Dəhlizi”, TANAP və TAP kimi layihələrin təşəbbüskarı, onun həyata keçirilməsində əsas söz sahibi ölkəmiz olmuşdur. Eyni zamanda, son illərdə ölkədə nəqliyyat sisteminin yenidən qurulması dövlətin məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş və yekunda Avropa İttifaqının TRACECA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10176,2 min ton, yük dövriyyəsi isə 2405,2 milyon ton-km olmuşdur.

Yüklərin 5636,0 min tonu və ya 55,4 faizi avtomobil nəqliyyatı, 3349,4 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 1190,8 min tonu və ya 11,7 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,5 faizini və ya 2393,9 min tonunu tranzit yüklər təşkil etmişdir.

Bu gün Azərbaycan iqtisadiyyatı davamlı innovativ inkişaf yolundadır və ölkənin iqtisadi potensialı, geostrateji əhəmiyyəti daim artır. Təbii ki, iqtisadi qüdrətin artması bilavasitə ölkədə aparılan düşünülmüş siyasət, aparılan genişmiqyaslı islahatlar nəticəsindədir. Ölkəmiz bir irimiqyaslı layihəyə rəhbərlik etməklə Azərbaycan bir daha qlobal miqyasda öz əhəmiyyətliliyini, regional gücünü təsdiqləyir.

Azərbaycanın 30 illik müstəqillik tarixi milli dövlətçiliyimizin qüdrətlənməsi baxımından olduqca möhtəşəm uğurlarla əlamətdardır. Hələ 1994-cü ildə ulu öndər Heydər Əliyevin böyük siyasi uzaqgörənliyi sayəsində imzalanan “Əsrin müqaviləsi” o illərdə Azərbaycanın müstəqilliyini və dünya birliyindəki yerini möhkəmləndirdi, ölkəmizin iqtisadi inkişafına rəvac verdi. Bu gün isə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin həyata keçirdiyi qlobal layihələr Azərbaycanı Qafqazın liderinə, dünyanın sayılıb-seçilən dövlətinə çevirib.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi.

Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilən bu müqavilənin mahiyyətində, heç şübhəsiz, Heydər Əliyev dühasının təntənəsi dururdu. Azərbaycanın müstəqilliyinin, demokratik bir ölkə kimi sivil dünyaya inteqrasiya olunmasında neft müqavilələrinin reallaşmasının həlledici amil olduğunu sübut edən ümummilli liderimiz bununla da respublikamızın azad və müstəqil gələcəyinin təsdiqinə təminat aldı. Çünki iri neft şirkətlərinin ölkəmizə gəlməsi yalnız sərmayə axını deyildi. Bu, həm də dünyanın ölkəmizə inamı idi.

2001-ci il martın 12-də ulu öndərimiz Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə”,  həmin il sentyabrın 29-da isə Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı “Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan respublikaları arasında saziş” imzalandı.  Bundan 6 il sonra, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu.

Bakı-Tbilisi-Ərzurum kəmərinin fəaliyyətə başlaması Azərbaycanı ilk dəfə qaz ixracatçısına çevirdi. Kəmərin açılışından sonra Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı.

Bundan sonra “Cənub Qaz Dəhlizi”nin fəaliyyətini təmin etmək məqsədilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin reallaşdırılmasına başlandı. Tikintinin maliyyələşməsi “Şahdəniz” müqaviləsinin iştirakçısı olan şirkətlərdən ibarət Cənubi Qafqaz Boru Kəməri Şirkəti tərəfindən həyata keçirildi. CQBK-nın tikintisinə 2004-cü ilin sonunda başlayan konsorsium işləri sürətlə apararaq, 2006-cı ilin may ayında başa çatdırdı.

2017-ci il oktyabrın 30-da isə dünyanın 100 iri layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun açılışı  ilə Azərbaycan növbəti beynəlxalq əhəmiyyətli layihənin reallaşmasını həyata keçirdi. Müstəqillik tariximizin möhtəşəm layihələrindən birinin reallaşmasına rəhbərlik etməklə Prezident İlham Əliyev növbəti dəfə təsdiqlədi ki, ölkəmiz regional və qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirməyə qadirdir. Bunu Bakı-Tbilisi-Qars dəmiryolunun geosiyasi və geoiqtisadi səmərəsinə nəzər saldıqda da görürük. Belə ki, bu dəmiryolu xəttinin işə düşməsi regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfədir və onun imkanları sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevrilib.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həm də qlobal əhəmiyyətli tarixi hadisədir.  BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi   birləşdirir. Ölkə Prezidenti cənab İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində demişdir: “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. ...Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq. Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanmışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir və nəhayət, bu gün biz Azərbaycanda, burada, Ələtdə bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edirlər. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir”.

2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş və “Şahdəniz” qazının ilk hissəsi Türkiyəyə ixrac edilməyə başlamışdır.

2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atılmış və 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin, 2018-ci ilin 12 iyununda isə Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Trans-Anadolu qaz kəməri layihəsinin icrası müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşmüşdür. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynamışdır. Ölkəmizin iqtisadi qüdrətinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu bir daha təsdiqləyən TANAP bununla da Azərbaycanın dünyanın siyasi və iqtisadi həyatındakı yerini və özəlliyini nümayiş etdirmişdir.

2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Saziş imzalanıb. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlanıb. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, İMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, İTOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2050-ci ilə qədər uzadılmış sazişə əsasən, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılmış, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. Bu Sazişin ardınca 2019-cu ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun müqavilə ərazisində əlavə bir hasilat platformasının tikintisi üzrə razılaşma əldə olunub.

“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə xarici neft şirkətləri ilə imzalanan yeni sazişin nəticəsi olaraq növbəti 32 il müddətində bu yataqlara 40 milyard dollardan artıq sərmayə qoyuluşudur. Prezident İlham Əliyevin “daha əlverişli, daha üstün, daha genişmiqyaslı” hesab etdiyi bu yeni kontraktın siyasi əhəmiyyəti böyükdür. Belə ki, Azərbaycanın 2050-ci ilədək dünya neft bazarında, yeni enerji xəritəsinin müəyyənləşməsində, Avropanın enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri olması statusu davam edəcək.

Yeni əsrin müqaviləsinin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoymuşdur. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.

Göründüyü kimi, Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu isə ölkəmizə  böyük faydalar gətirib. Ölkəmizin artan maliyyə imkanları hesabına beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri də uğurla həyata keçirilir. Bu layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır.

Müşfiq MİRZƏ,

“Respublika”.