İQTİSADİYYAT

"GALAKSİ" ŞİRKƏTİNƏ MƏXSUS MÜƏSSİSƏLƏR

Ölkəmizdə azad bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına təkan vermiş, iş adamlarının fəaliyyətini stimullaşdırmışdır. Respublikanın hər yerində olduğu kimi, Gəncənin sahibkarları, iş adamları da dövlətimiz tərəfindən onlara yaradılan əlverişli şəraitdən səmərəli şəkildə yararlanırlar.

Gəncədə "Galaksi Tekstil" və "Galaksi Seramik Tava" istehsal müəssisələrinin açılış mərasimi keçirilib. Açılışda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, türk iş adamı, "Galaksi" şirkətinin sahibi Qiyas Akkurt, YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhər rəhbəri Niyazi Bayramov və "Galaksi" şirkətinin sahibi Qiyas Akkurt tərəfindən müəssisənin rəmzi açılışını bildirən qırmızı lent kəsilib.

Bildirilib ki, son illərdə respublikamızın əldə etdiyi uğurlu nəticələrin arxasında ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, elmi əsaslara və ölkəmizin mövcud potensialına söykənən inkişaf prioritetləri dayanır. Əminliklə demək olar ki, dövlət başçısının yürütdüyü bu iqtisadi siyasət nəticəsində respublikanın inkişaf tempi yüksələn xəttlə də davam edəcəkdir. Qeyd edildi ki, Gəncə şəhəri Gəncə-Şəmkir şosesinin sol tərəfində yerləşən "Galaksi Tekstil" və "Galaksi Seramik Tava" istehsal müəssisələrində ilkin mərhələdə 150 işçi çalışır, gələcəkdə işçi sayının artacağı gözlənilir. Bununla yanaşı, burada aylıq 5 min ədəd yataq, 5 min ədəd isə tava dəstlərinin istehsalı nəzərdə tutulub. Şirkət rəhbəri yaxın gələcəkdə 3-cü istehsal müəssisəsinin də açılacağı barədə ətraflı məlumat verib.

Şəhər rəhbəri Niyazi Bayramov burada görülən işlərlə ətraflı tanış olub və müəssisənin gələcək fəaliyyətinə uğurlar arzulayıb. Türk iş adamı Qiyas Akkurt ölkədə yerli və xarici investorlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Onu da qeyd edək ki, "Galaksi" şirkəti ölkəmizdə 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Tam əminliklə demək olar ki, yeni açılışı olmuş şirkət respublikamıza, Gəncə sakinlərinə töhfə verəcəkdir.

Zabit XƏLİLOV,

"Respublika".